“Sabah Putin Duma qarşısında çıxış edəcək və çox güman ki, ölkənin gələcəyi ilə bağlı önəmli mesajlar verəcək. Putinə yaxın çevrələrdən sızan məlumatlara görə, iki ssenari üzrə çıxış hazırlanıb”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə öz Feysbuk səhifəsində iqtisadçı-ekspert Natiq Cəfərli çıxış edib. O, Putinin önəmli qərar vermək ərəfəsində olduğunu bildirib:
“Putinin yaxın ətrafı iqtisadi və siyasi liberallaşmanın elan edilməsini istəyir. Bunu məsləhət görənlər Putini inandırmağa çalışırlar ki, reytinqi çox yüksəkdir və indi açılım edərsə, bu onun üçün təhlükə yaratmayacaq. Amma bu gecikirsə, yaxın 1 ildə reytinqi ciddi düşəcək və ölkəni “maydanlar” bürüyəcək. İkinci qrup isə (hərbi-sənaye kompleksi, xüsusi xidmət orqanları) israrla Putinə belə addım atmamasını məsləhət görürlər. Çünki liberal açılım sonda bu sistemi dağıdacaq. Bu qrup çox güclüdür və Putinə ciddi təsir rıçaqları var. Bir çox mütəxəssislər sonda bu qrupun qalib gələcəyini deyirlər”.