“Yevlaxlı Alik”in suç ortağı qanına qəltan edilib

4-12-2014, 10:05   


“Yevlaxlı Alik”in suç ortağı qanına qəltan edilib
İcra başçısının oğlunun oğurlanmasında iştirak edən Elxan Hüseynova çoxsaylı xəsarətlər yetirilib
Ötən sayımızda Yevlax avtovağzalının yaxınlığında qanlı olay barədə yazmışdıq. Yada salaq ki, mübahisə zəminində 1964-cü il təvəllüdlü Elxan Hüseynovla Yaşar Əlizadə bir-birilərinə bıçaq xəsarəti yetiriblər. Dekabrın 1-də baş vermiş qanlı olay zamanı E.Hüseynov Y.Əlizadənin üzünə “şram” atıb. Y.Əlizadə E.Hüseynovun əlindən bıçağı almağa müvəffəq olub və sonuncuya çoxsaylı xəsarətlər yetirib. Hər iki şəxs Yevlax Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin dindirmə zamanı E.Hüseynov yıxılaraq qarnına şüşə batdığını deyib. Lakin onun bu yalanının ömrü uzun olmayıb. Yaxınlıqdakı palatalardan birinə yerləşdirilən Y.Əlizadə ona xəsarəti Elxan Kommisar oğlu kimi tanıdığı bir şəxsin yetirdiyini söyləyib. Polislərə deyib ki, özü də həmin şəxsə bıçaq xəsarəti yetirib. Redaksiyamıza daxil olan məlumatda bildirilirdi ki, E.Hüseynov əvvəllər dəfələrlə həbsdə olub, Yevlaxda kriminal aləmin nümayəndəsi kimi tanınır. Yevlax Polis İdarəsindən vesti.az-a verilən məlumatda E.Hüseynovun əvvəllər həbsdə olduğu təsdiqlənib. Polisdən deyiblər ki, rayonda narkotik aludəçisi kimi tanınan bu şəxs sonuncu dəfə 8 il həbsxana həyatı yaşayıb.

1994-cü ildə o, kriminal aləmdə “Yevlaxlı Alik” kimi tanınan Əli Əliyev və qardaşı Bayram Əliyevlə birlikdə adam oğurlayıb. Oğurlanan o dövrdə Yevlağın icra başçısı olan Rafiq Nəsibovun yeniyetmə oğlu olub. Həmin vaxt Gürcüstana aparılan yeniyetmə orada gizlədilib və atasından külli miqdarda ödənc tələb olunub. “Yevlaxlı Alik” icra başçısı ilə danışıqlardan sonra oğlunu geri qaytarıb. Bunun əvəzində Nəsibov “Yevlaxlı Alik”ə o dövrün bahalı nəqliyyat vasitələrindən hesab olunan “VAZ-2109" markalı maşın və Yevlax Çörək Kombinatının bir hissəsini verib. Adam oğurluğundan əldə olunan mal-mülkdən E.Hüseynova nə çatdığı haqda məlumat yoxdur. Bu əmələ görə Əliyevlər və Hüseynov 6 il sonra həbs olunublar. 2000-ci ildə məhkəmə qarşısına çıxarılan ”Yevlaxlı Alik" ömürlük həbsə məhkum olunub, Hüseynov isə 8 il müddətinə azadlıqdan məhrum olunub. Hazırda E.Hüseynovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.