«Odlar yurdu» Əhməd Vəliyev tərəfindən necə özəlləşdirilib?

4-12-2014, 11:00   
«Odlar yurdu» Əhməd Vəliyev tərəfindən necə özəlləşdirilib?

Və ya deputat-rektorun maxinasiyaları, universitet Abdulla Abdullayevin əlindən necə alınıb?

«Odlar Yurdu» Universitetinin fəaliyyətindəki qanunsuzluqlarla bağlı ilginc məlumatlar yayılıb. JAM.AZ “Cümhuriyyət” qəzetinə istinadən xəbər verir ki, ali təhsil ocağı Abdulla Abdullayevdən üç-dörd illik çəkişmədən sonra alınıb. Özü də necə? Əhməd Vəliyev bu prosesə görə, xeyli əziyyət çəkməli olub.

Professor Abdulla Abdullayev həmin universitetin həmtəsisçisi olduğu halda, onu bu hüquqdan təəccüb doğuran vasitələrlə, heç kimin gözləmədiyi üsullarla məhrum ediblər. Əhməd Vəliyev öz adamlarının köməyindən istifadə edir, hər cür vasitədən yararlanmağa çalışır. Onun universitetə rəhbər olmasını, habelə məqsədinə çatmasını rəsmiləşdirən əsas sənəd Abdulla Ablullayevin xeyrinə qərar çıxarmayan məhkəmə proseslərinin hökmləri olub. Qeyd edək ki, Nazirlər Kabineti, habelə vergilər və təhsil nazirlikləri hələ bir neçə il əvvəl Abdulla Abdullayevin ali təhsil ocağına təsisçiliyini təsdiqləmişdilər.

Universitetin dövlət qeydiyyatı necə aparılıb?

«Odlar Yurdu» Universitetinin Nizamnaməsi 1993-cü il aprelin 30-da Sabunçu rayon İcra Hakimiyyətində dövlət qeydiyyatına alınıb. Həmin nizamnamə əsasında ali təhsil ocağı iki il sonra - 1995-ci ildə vergi uçotuna durub, Muğanbank Kommersiya Bankında hesab açdırıb. 2006-cı ildə Dövlət Statistika Komitəsindən şəhadətnamə alıb. Universitetin qeydiyyata alınması barədə iki dəfə müsbət rəy verilib. Həmin sənədləri 1993-cü ildə Təhsil Nazirliyi və 1995-ci ildə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyası verib. 1996-cı ilin iyulunda Nazirlər Kabineti universiteti qeydiyyata alıb və lisenziya verib. Vergilər Nazirliyinin 2006-2007-ci illərdə göndərdiyi məktublarda «Odlar Yurdu» Universitetinin 1993-cü ildə qeydiyyatdan keçdiyi bildirilir.

Ata və oğulun professora təzyiqləri

2004-cü ildə professor Rövşən Xəlilov təsisçilik hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət edir. İş üzrə cavabdeh qismində həmtəsisçilər professor Abdulla Abdullayev və dosent Əhməd Vəliyev məhkəməyə cəlb edilir. Bundan sonra Əhməd Vəliyev və oğlu Samir Vəliyev Abdulla Abdullayevə qarşı mövqe tutaraq məhkəmə təzyiqlərinə başlayıblar. Rövşən Xəlilov da bu universitetin təsisçisi olduğunu iddia edib. O, bu zaman 1993-cü ildə qeydiyyatdan keçmiş nizamnaməyə əsaslanıb. Həmin sənədə görə isə, Abdulla Abdullayev də təsisçidir.

Məhkəmə saxtakarlığı

Universitetin indiki rektoru Əhməd Vəliyev bunu qəbul etmək istəmir. Əhməd Vəliyev 2005-ci ildə Sabunçu rayon İcra Hakimiyyətinə qarşı 1993-cü il aprelin 30-da onun verdiyi sərəncamın ləğv edilməsi ilə bağlı iddia qaldırır. Baş verən proseslər onun planlaşdırdığı məcrada davam edir. Belə ki, məhkəmə isə heç bir əsas olmadan işi icraata götürür və həmin ilin fevralında qətnamə qəbul edir. Məhkəmənin hakimi qətnaməsini bununla əsaslandırır ki, 1994-cü ildə Bakı Sənaye-Pedoqoji Texnikumunun direktoru Əhməd Vəliyev universitetin ləğvi haqda əmr imzalayıb. Amma reallıqda isə vəziyyət tamam fərqli olub. Belə ki, həmin dövrdə universitetin təsisçisi Əhməd Vəliyev yox, onun direktoru olduğu texnikum olub, həmin təhsil ocağının adından bu məsələdə çıxış etmək səlahiyyəti isə ona verilməyib. Universitet həmin əmrlə ləğv edilsə də, bundan sonra da bu özəl ali təhsil müəssisəsi fəaliyyət göstərib.

Qərarlar Abdullayevin əleyhinə yönəlir

Təəssüf ki, Əhməd Vəliyev öz istəyinə çatmaq yolunda uğurla addımlaya bilir. Bir sıra məhkəmə orqanları Əhməd Vəliyevin təsisçi olub-olmadığını araşdırmadan, onun universiteti ləğv etmək səlahiyyətinin olub-olmadığını aydınlaşdırmadan Abdulla Abdullayevin əleyhinə qərarlar çıxarıb. Paralel olaraq, Əhməd Vəliyev Abdulla Abdullayevin universitetə iddiasını özünə təhqir və böhtan hesab edərək hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edir. Məhkəmə Abdullayevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət işi açır və aylıq qazancının 20 faizini dövlətə ödəmək haqqında 2006-cı ildə hökm çıxarır. Yəni artıq Əhməd Vəliyev deputat seçildikdən beş ay sonra məhkəmədə Abdullayevi onu təhqir etməkdə günahlandırmağa nail olub. Cinayət işi ilə bağlı Apelyasiya Məhkəməsinə şikayət edilir, ancaq hökm qüvvədə saxlanılır. Ali Məhkəmə isə Apelyasiya Məhkəməsinin qərarını yenidən araşdırmaq üçün özünə qaytaranda Apelyasiya Məhkəməsində Abdullayevin xəstə olaraq yataqda yatmasını əsas gətirərək və vəkilinin iştirakı olmadan keçirilən prosesdə onun adından protokola bəzi ifadələr yazılır. Əhməd Vəliyev artıq Univetsitetin rektoru kimi Abdullayevi 2005-ci ilin aprelində işdən kənarlaşdırır. Abdulla Abdullayev sonrakı proseslərdə də uduzur. Çünki artıq onun rəqibi deputat idi.

Müəmmalar

Təbii ki, bu məsələdə qaranlıq məqamlar çoxdur. Məsələn, texnikumun universitet təsis etməsi 10-cu sinif şagirdinin müəllim işləməsi qədər ağlasığmaz bir məsələdir. Çünki texnikum orta ixtisas məktəbi olduğundan, daha üstün ali təhsil ocağını təsis etməsi absurddur. Əksinə olsaydı, yəni universitet texnikum təsis etsəydi, bunu normal qəbul etmək olardı. O biri tərəfdənsə, təsisçilik hüququnun məhkəmə qərarları ilə ləğvi heç bir halda başadüşülən deyil. Çünki təsisçilik hüququ mülkiyyət hüququdur və onu ləğv etmək mümkün deyil. Təsisçi yalnız könüllü bu hüququ kiməsə verə, bundan imtina edə bilər. Ümumiyyətlə, bu məsələdə qaranlıq məqamlar çoxdur.

Tərəflərdən hər birinin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.