Azərbaycanlı “qanuni oğruya” işgəncə verildi (FOTO, VİDEO)
4-12-2014, 18:44
Rusiya həbsxanalarından birində dəhşətli hadisə baş verib.
Yenilik.Az AzNews.az-a istinadən verdiyi məlumata görə, Azərbaycanda həbsdə olan məşhur “qanuni oğru” “Lotu Quli” ləqəbli Nadir Səlifovun tərəfdarları rəqib komandadan hesab edilən başqa bir “qanuni oğru”ya – “Zayka”ya inanılmaz işgəncələr veriblər.
Buna səbəb isə “Zayka”nın (Zaur Əliyev) azadlıqda olarkən “Lotu Quli” haqqında bir çox yerlərdə təhqiramiz ifadələr işlətməsi olub. Qeyd edək ki, Zaur Əliyev bu il noyabr ayının 8-də Moskvada həbs olunub.
Onun həbsi düşmənlərinin qisas alması üçün fürsət yaradıb. Necə olubsa, “Zayka” “Lotu Quli”nin adamları ilə eyni həbsxanaya salınıb(?). Bu zaman “Zayka”dan söyüşlərin “hesabı” sorulub. Onlar başçı – “Lotu Quli” ilə telefon bağlantısı yaradaraq “Zayka”ya işgəncə vermək üçün təlimatlar alıblar. Dəhşətli əzablara məruz qoyulan “Zayka” “Lotu Quli”ni söydüyünə görə üzr istəyib.
Məlumata görə, ona verilən işgəncələrin hamısı lentə alınıb.
Bildirək ki, “Zayka”nın hansı klana aid olduğu barədə birmənalı fikir yoxdur. Lakin “Quli”yə qarşı açıq savaşması onun Rövşən Lənkəranskinin adamı olduğu fikrini yaratmışdı.
Əgər doğrudan da “Zayka” Lənkəranskinin adamıdırsa, uzun illərdir ki, oğru dünyasının iki “nəhəngi” arasındakı ədavət daha da qızışacaq. Ehtimala görə, Rövşən Lənkəranskinin adamları “Quli”nin yaxınlarından kimisə eyni şəkildə aşağılayacaqlar.