Rəqibləri «fövqəlnazir»in iqtisadi imperiyasını hədəfə götürüb, Vergilər Nazirliyi iki nəhəng şirkətdə yoxlamalara start verir
Bir xeyli bundan əvvəl başlayan, hazırda pik həddə olan iki nazir arasındakı münaqişə yeni müstəviyə keçir. Söhbət fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nəqliyyat naziri Ziya Məmmədovdan gedir.
JAM.AZ-ın əldə etdiyi məlumata görə, Heydərov tərəfindən küncə sıxışdırılan Məmmədov nəfəs almağa imkan tapan kimi, əks hücuma başlayıb. Sadəcə, nəqliyyat naziri bu hücumda təkcə, FHN şefini deyil, həm də əzəli rəqibi olan Cavid Qurbanovu da sıradan çıxarmaq fikrindədir.
Qeyd edək ki, «Azəryolservis»in rəhbəri olan Cavid Qurbanov Ziya Məmmədovun yerinə ən optimal namizədlərdən biri kimi qəbul edilir. Hakimiyyət dairələrində yetərli qədər dəstəyi olan ASC prezidenti, həm də həyata keçirilən çox böyük layihələrin iştirakçısıdır. Üstəlik, Qurbanov maliyyə imkanlarına görə kifayət qədər üstün birilərindən sayılır.
Kəmaləddin Heydərov da zəif fiqur deyil və onun əlində böyük resurslar cəmləşib. Xüsusən də, istənilən məmurla bağlı rəy formalaşdırmaq üçün media imkanlarına da sahibdir. Amma təkcə pul və media nazirin köməyinə çatmaya da bilər. Çünki rəqibləri ona qarşı birləşmək qərarına gəliblər.
JAM.AZ-ın əldə etdiyi məlumata görə, Heydərovun rəqibləri bu dəfə onun iqtisadi rıçaqlarını hədəfə alıblar. Daha doğrusu, FHN rəhbərinin nəzarətindəki iqtisadi imperiyasının sıradan çıxarılması üçün total hücumlara start verilib. Mənbənin iddiasına görə, bir müddət əvvəl mətbuatda nazirin şirkətləri ilə bağlı siyahının dərc olunması ilk xəbərdarlıq kimi qəbul edilib. Və ardından proseslər vaxtıyla onunla birlikdə olan, lakin sonradan hakimiyyətdəki başqa bir qruplaşmanın himayəsi altına keçən vergilər naziri Fazil Məmmədovun ixtiyarına buraxılıb.
İddialara görə, Fazil Məmmədov əlindəki əsas təsir imkanı olan vergi yoxlamalarına başlamaq üçün düyməni basıb. Kəmaləddin Heydərovla yetərli qədər problem yaşayan nazirin ilk hədəfi isə «Gilan Holdinq» və «Caspian Fish»dir. Bunun ardından isə FHN şefinin digər aparıcı şirkətlərində total vergi yoxlamalarına start veriləcəyi deyilir.
Bu yoxlamalardan sözügedən nazirin «təmiz» çıxmasının imkansız olduğunu bildirən mənbə, Heydərovun elə oradaca «ilişəcəyi»ni vurğulayır. Bu bu «ilişmə nöqtələri» yuxarılarda FHN şefi barədə mənfi rəyin yaranmasına kifayət qədər zəmin yaradacaq. Üstəlik, onun «vurulması» üçün zəmin hazırlayacaq. Onun bu prosesdən necə dönüş yaradacağı isə kifayət qədər sual doludur.
P.S. Növbəti yazıda Kəmaləddin Heydərova məxsus olan və vergilər naziri Fazil Məmmədov tərəfindən yoxlanılması nəzərdə tutulan şirkətlərin siyahısını təqdim edəcəyik.