Deputat Tahir Süleymanovun qardaşı oğlunun maşınla vurub öldürdüyü 62 yaşlı Şabran sakini Fikrət Əfəndi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. Fikrət Əfəndi 1989-cu ildə xalq hərəkatına qoşulub. AXC Şabran (həmin vaxt Dəvəçi) təşkilatının qurucularından olub. Sonralar siyasi fəaliyyəti AXCP sıralarında davam etdirib.
Fikrət Əfəndi həmçinin Şabran şəhər 2 saylı fizika-riyaziyyat təmayüllü məktəbin aparıcı müəllimi olub.
Bu arada deputat Tahir Süleymanov hadisədən danışıb.
“Qardaşımın övladı avtomobili ilə piyadanı vurub. Bu yol-nəqliyyat hadisəsidir və heç kim belə bir hadisədən sığortalanmayıb”,- deyə o, azvizion.az saytına bildirib.
Xatırladaq ki, dekabrın 2-də saat 15 radələrində 1975-ci il təvəllüdlü, Şabran şəhər sakini Kamran Süleymanov idarə etdiyi “Mercedes Benz-E320" markalı, 90-XG-046 dövlət nömrə nişanlı avtomobillə Şabran şəhəri, M.Rəsulzadə küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Fikrət Əfəndini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Şabran şəhərində baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi başlanıb.
Bəlli olub ki, 62 yaşlı piyadanı vuran Şabran rayon sakini Süleymanov Kamran Nadir oğlu deputat Tahir Süleymanovun qardaşı oğludur. Deputatın qardaşı və hadisəni törədən şəxsin atası Şabran rayonu Maliyyə Idarəsinin rəis müavinidir.
Qeyd edək ki, xəsarət alan şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.