Tia.az-ın internet ünvanına Şamaxı rayonu Şəhriyar bələdiyyəsi ilə bağlı məktub daxil olub. Məktubda bildirilir ki, Azərbaycanın bələdiyyə sistemində olan çatışmazlıq bu gün ən aktual məsələlərdəndir: “Bələdiyyələrin yarıtmaz fəaliyyəti, bələdiyyə sədrlərinin qanundan kənar hərəkətləri və korrupsiyanın təsiri altında olan əməlləri mətbuat səhifələrində demək olar ki, hər gün işıqlandırılır. Hüquq-mühafizə orqanlarının da bələdiyyələrin fəaliyyətini araşdırması mətbuata bir növ dəstək xarakteri daşıyır. Elə bunun nəticəsində fəaliyyətində kifayət qədər qanunsuzluq aşkarlanmış bəzi bələdiyyə sədrləri həbsə göndərildi, bəziləri isə vəzifələrindən kənarlaşdırıldı. Amma görülən bu tip tədbirlərə və həbslərə baxmayaraq, hələ də bir sıra bələdiyyələrdə köhnə əhval-ruhiyyə hökm sürməkdədir. Yəni bələdiyyə sədrləri heç nə olmamış kimi, qanunsuz torpaq satışlarını yenə də davam etdirirlər. Fəaliyyəti o qədər də qənaətbəxş hesab edilməyən bələdiyyələrdən biri də Şamaxı rayonu Şəhriyar bələdiyyəsidir. Söhbət Şamaxı rayonu Şəhriyar bələdiyyəsinin sədri Musa Musayev haqqındadır. İnsaf naminə qeyd edək ki, Şamaxı rayonunda son illər inkişaf istiqamətində bir sıra addımlar atılır. Amma bələdiyyə sədrlərinin öz mənafelərini güdərək heç bir qanun kitabına sığmayan işlər görməsi bu addımların qarşısını kəsir. Musa Musayevin 14 il ərzində yarıtmaz fəaliyyəti nəticəsində bir vaxtlar dillər əzbəri olan Şamaxı rayon Şəhriyar qəsəbəsi ( 6 N-li üzümçülük sovxozu) indi xarabalığa çevrilib”.
Məkub müəlliflərinin sözlərinə görə, M.Musayev qarşıdan gələn seçkilərdə yenə də özünün sədr seçiləcəyini deyir: “Çox maraqlıdır, görəsən yerli əhali səs verməyəcəksə, necə bələdiyyə sədri ola biləcək? Qeyd edirki,onu Şamaxı rayon deputatı Elxan Süleymanov müdafiə edir və yenidən bələdiyyə sədri seçilməsinə lazımi təşkilatlara göstərişlərini verib. Kasıb təbəqənin son ümüd yeri olan cənab Prezidentə, sizin redaksiya vasitəsi ilə müraciət edirik və xahiş edirik, Şəhriyar bələdiyyəsində seçkinin obyektivliyini təmin etmək üçün əlindən gələni etsin”.