Ev sahibi və vəkil olmadığından heç kim mənzilə buraxılmır
Əməkdaşımız Məhəmməd Türkmən musavat.com-a bildirib ki, artıq Xədicə İsmayılın mənzilində aparılan axtarış sona çatıb. Prokurorluq nümayəndələri evdən yalnızca müxtəlif vizitkalar tapa biliblər.
X.İsmayılın anası Elmira İsmayılova bildirib ki, evdə demək olar ki hər yeri axtardılar. Səbəb kimi Tural Mustafayevlə Xədicə İsmayıl arasında olan yazışmaları axtarmaq göstərilib.
* * * *
Hadisə yerində olan əməkdaşımız Məhəmməd Türkmən musavat.com-a deyib ki, hazırda axtarış aparılan evə heç kəsi, o cümlədən də jurnalistləri buraxmırlar.
Xədicə İsmayılovanın qardaşı, anası, vəkil Elton Quliyev və 4-5 nəfər hal şahidi, eləcə də prokurorluğun işçiləri jurnalistin evindədirlər. Bayırda jurnalistlər gözləyir.
* * * *
Araşdırmaçı jurnalist Xәdicә İsmayılın yaşadığı mənzilə prokurorluq vә mülki geyimli şəxslər axtarışa gәliblәr. Bu barədə məlumatı bloqçu Mehman Hüseynov yayıb.
Baş Prokurorluğun təxminən 6-7 əməkdaşı Xədicə İsmayılovanın evində axtarışa başlayıblar. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə hal şahidləri qismində gələn şəxslərin heç birini İsmayılovlar ailəsi tanımır. Axtarışda jurnalistin vəkili Elton Quliyev, X. İsmayılovanın anası, qardaşı və hal şahidləri iştirak edirlər.
Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə araşdırmaçı jurnalist Xədicə İsmayılova barəsində 2 aylıq həbs- qətimkan tədbiri seçilib. Xədicə İsmayılovaya qarşı CM-nin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.
* * * *
Hazırda Xədicə İsmayılın yaşadığı mənzildə olan bloqçunun sözlərinə görə, ev sahibi və vəkil olmadığından evə heç kimi buraxmır: “Qapını bağlayıb çölә çıxdım, burda hardasa 30-a yaxın mülki geyimlilәr var. Mәnә deyirlәr ki, qapını açım, içәri girsinlər.
Onlara bildirirәm ki, vәkilsiz vә evin sahibi olmadan heç kim içəri girә bilmәz. Hәlә içəri girmirlər”.