Cəlilabad rayon Qarazəncir kənd sakini, uzun illər müəllim işləyən Məhərrəm Bayramovun axar.az-a müraciət edib. Yenilik.Az xəbər verir ki, buna səbəb nəvəsi Azər Bayramovun həbsidir. A.Bayramov külli miqdarda vəsait mənimsəməkdə suçlanır. Amma qocaman pedaqoqun fikrincə, onun nəvəsini şərləyiblər, əsil cinayətkar və pul mənimsəyənlər məsuliyyətdən yaxa qurtarmaq istəyir.
İstintaqa və məhkəməyə təzyiq göstərirlər
Qocaman pedaqoqu narahat edən məsələ bu işin ədalətli aparılmasına həmin vəsaitləri mənimsəyən şəxslərin təzyiq göstərməsidir: “Bu işdə maraqlı olan tərəf, əslində, nəvəmin adına çıxarılan pulu özləri mənimsəyib. İndi isə istintaqa və məhkəməyə təzyiq göstərirlər”. Məhərrəm müəllim deyir ki, artıq 8 aya yaxındır nəvəsi – Bakı şəhər sakini, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1, mənzil 94-də daimi qeydiyyatda olan və yaşayan Bayramov Azər Rahib oğlu həbs olunub. Hazırda ona sürülən ittiham aktı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə işi yekunlaşmaq üzrədir.
Azər Bayramov Azərbaycan Respublikası CM-nin 179.3.2 maddəsi ilə təqsirli bilinib. Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Kamran Məmmədov tərəfindən 140206036 saylı ittiham aktı 20 oktyabr 2014-cü il saat 09.30-da yekunlaşaraq məhkəməyə göndərilib. İttiham aktı ilə tanış oluram. Bu akta görə yuxarıda adı çəkilən təqsirləndirilən şəxs külli miqdarda vəsait mənimsəyib.
Həbs necə baş verib?
Azər Bayramovun anası İradə xanım oğlunun 2014-cü il aprel ayının 16-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsinə aparıldığını deyir: “Bölmənin Şövqü adlı müstəntiqi polis idarəsinin əməliyyatçıları ilə aprel ayının 16-da evə gəldi. Heç bir sənəd təqdim etmədən qeydiyyatla bağlı oğlumu bölməyə apardılar. Sabahı gün maraqlandıq. Bölmədə onun saxlanması haqda heç bir sənəd olmadı. Sadəcə dedilər ki, “bu, yuxarının sifarişidir”. Yuxarının, konkret olaraq adını deməsələr də, öyrənə bildik ki, bu Lətif Bağırov və Aliyə Nuriyevanın sifarişidir. Aliyə xanım oğlumun satış üzrə menecer işlədiyi “Otak Turizim Otelçilik İnşaat Limited” şirkətinin Azərbaycan nümayəndəliyinə məxsus olan “Central Park” otelinin baş meneceri, Lətif isə həmin otelin sahibidir”.
Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlunun 18 aprel tarixli (008)-(008)-431/2014 saylı inzibati xəta haqqında iş üzrə qərarında qeyd olunur ki, 17.04.2014-cü il tarixdə guya küçədə söyüş söyərkən polislər onu nizam-intizama dəvət edib, o isə polisləri təhqir edib, qanuni tələblərə tabe olmayıb. Məhərrəm Bayramov: “Maraqlıdır, Azər həmin gün 13-cü bölmədə olduğu halda necə yaşadığı evin qarşısında zühur edə bilərdi?”
“Pulları Aliyə mənimsəyib”
Sabunçu məhkəməsində verilən hökmlə Azər 15 gün müddətinə azadlıqdan məhrum edilir. Bütün hadisələr də bundan sonra cərəyan edir. Məhərrəm müəllim deyir ki, nəvəmin sifarişli həbs olunması Lətifin və bibisi qızı Aliyə Nuriyevanın maraqları daxilindədir: “Oteldə otaqların satılması müqabilində müəssisələrdən gələn nağd pul vəsaitinin yığılması və kassaya mədaxil olması da Azərə həvalə olunubmuş. Lakin Azər otelin baş meneceri Aliyə xanımın birbaşa göstərişi ilə həmin vəsaitləri ona verirmiş. Verilən pullar haqda da göy rəngli qara mühasibat kitabında qeydlər aparırmış. Bu pullar Aliyə xanım tərəfindən mənimsənilib”.
15 günə 380.000 verməsəniz…
Məhərrəm Bayramov: “Nəvəm 15 gün həbsdə saxlandığı müddətdə bizə müxtəlif təzyiqlər oldu, hədə-qorxu gəldilər. Müxtəlif rəqəmlər tələb etdilər. Əvvəlcə 23.000, sonra 47.000, 60.000, 115.000 və daha sonra 380.00 tələb etdilər. Dedilər ki, bu, 15 günə qədər ödənilməsə, sizdən 500.000 alacağıq. Nəvəmi əmək müqaviləsiz, sığortasız işə götürüblər. Mənimsədikləri pulları kasıb, yetim nəvəmin üstünə yıxırlar. Lətif Bağırov, bibisi qızı Aliyə tərəfindən mənəvi və maddi terrorla üzləşmişik. Bizə Bakıxanov qəsəbəsində olan evimizi satdırıblar. İndi isə daha çox pul tələb edirlər”.
Nəvəmə 5 min aylıq maaş verirdilər
“Nəvəm yaxşı işçi olub. Ona əvvəlcə 500 manat maaş veriblər. Sonra isə otelə müştərilər dəvət etdiyinə görə qeyri-rəsmi maaşı 5000 (!!! – red.) manata qədər qaldırılıb. Konvertdə verilirmiş”. Azər Bayramovun anası İradə xanım: “Biz Aliyəyə gəlin gözü ilə baxırdıq. Oğlumla isti, səmimi münasibətləri olub. Oğlum ona bahalı hədiyyələr alıb. Qızıl-zinət əşyaları, geyim-kecim. Sonra o, oğluma deyib ki, bizim ailə qurmağımıza mane olan var. Lətifin onu qısqandığını deyib. Ola bilər, bibisi qızıdır, istəməyib kasıb, yetim adama ərə getsin, amma başqa məqamlar da var ki, lazım gəlsə, deyəcəm…”
Sonra Azərin vaxtı ilə çəkdiyi fotoşəkilləri, qara mühasibatının bir-neçə vərəqinin fotosunu təqdim etdi: “Hanı bu dəftər? Niyə istintaq bununla maraqlanmır? Axı burda aydın göstərilir ki, pullar Aliyəyə verilib. Ardınca düşmürlər. Deyirlər ki, Aliyə oranın işçisi olmayıb, təcrübəyə gəlirmiş, bəs onda bu rəsmi sənədlər nədir ki, ona müraciət olunub, yerlərin bronlaşdırılması xahişi edilib? – deyir və “ENC TOURS” şirkətinin direktoru Emil Nəsibovun 10.01.2014-cü ildə ona ünvanlandığı məktubu göstərir