Ağdam rayonunun keçmiş icra başçısı Nizami Sadıqov biznesini Türkiyəyə və Latviyaya köçürür.
Biznesin köçürülməsinə isə N.Sadıqovun oğlu - Azərbaycanın Riqadakı konsulu Nicat Sadıqov rəhbərlik edir.
Bu barədə Arqument.Az-a daxil olan məlumatda bildirilir.
Məlumatda bildirilir ki, icra başçısı olduğu vaxtlar qazandığı milyonlar hesabına qurduğu "biznes imperiyası"nı gələcəkdə yarana biləcək təhlükələrdən xilas etmək üçün bu variantı seçib. Artıq keçmiş icra başçısına təzyiqlərin də olduğu istisna edilmir.
Bildirilir ki, bu arada N. Sadıqov qudası, Sabunçu rayonunun keçmiş polis rəisi, hazırda isə “Bakelektrikşəbəkə” SC-nin sədr müavini olan Toğrul Rəhimovla da düşmən olub. Belə ki, N.Sadıqovun qızı ilə T.Rəhimovun oğlu Ramil Rəhimovun evliliklərinə son verilib və qohumluğun pozulması qudaları düşmənə çevirib. Ramil Rəhimovun hazırda Bakı polisində xidmət etdiyi bildirilir.
Bununla yanaşı, iddia olunur ki, Nizami Sadıqovun qudaları ilə münasibətlərinin pozulması məhz siyasi motivlərlə bağlıdır. Belə ki, Sadıqov yuxarı dairələrin etimadını itirdiyindən ölkəni tərk etmək və öncədən də biznesini Azərbacandan çıxarmaq qərarına gəlib.
Məlumatda o da qeyd olunur ki, N.Sadıqovun digər qudaları – mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və iş adamı Vidadi Məmmədovla da qohumluq əlaqələri düşmənçiliyə çevrilib.
Dörd övladı (iki qız və iki oğul) olan Nizami Sadıqovun 3 qudası ilə düşmənə çevrilməsinin səbəbləri onun fəaliyyətinə də təsir edib. Ona görə də keçmiş icra başçısı çıxış yolu kimi ölkədən getməyi düşünür.
Yazıda adıçəkilən şəxlərin də mövqeyini dərc etməyə hazırıq.
Arqument.Az