“Lənkəranski” ilə “Quli” nin davasına qoşulan erməni kimdir?

8-12-2014, 10:56   
“Lənkəranski” ilə “Quli” nin davasına qoşulan erməni kimdir?





10“Şakro Molodoy” ləqəbli 61 yaşlı Zaxari Kalaşovun oktyabrın 29-da İspaniya həbsxanasından azadlığa buraxılmasından sonra Rusiya kriminalında yeni müharibənin alovlanacağı barədə proqnozlar doğrulub. Təkcə ötən həftə baş verən bir sıra hadisələr bu savaşın necə amansız xarakter aldığını göstərir. Həftəsonu Moskvanın şərqində üç nəfərin meyiti yanmış avtomobildə aşkar edilib. Məlumata görə, yandırılan şəxslər kriminal qruplaşmaların üzvləridir.
“Şakro Molodoy” həbsdən çıxdıqdan sonra 2013-cü ilin yanvar ayının 16-da qətlə yetirilən Aslan Usoyanın(“Ded Xasan”) məzarına gedərək onun qanını alacağına and içmişdi. Yezidi kürdü olan “qanunioğru” yaxşı bilir ki, “Ded Xasan” dan sonra boş qalmış “taxt-taca” tam yiyələnmək üçün məhz bu qətlin arxasında duran adamları üzə çıxarmalı, günahkarları isə cəzalandırmalıdır. İndi iki azərbaycanlı “qanuni oğru”- Rövşən Canıyev (“Rövşən Lənkəranskli”) və Nadir Səlifov arasında düşmənçiliyin yenidən alovlanmasının səbəbi də “Ded”in qətli ilə birbaşa bağlıdır. Çünki “Ded”in klanında “Lotu Quli” də daxil olmaqla xeyli azərbaycanlı “qanuni oğru” təmsil olunurdu. Aslan Usoyanın sağlığında onun klanında əsas söz sahibləri də azərbaycanlı “qanuni oğru”lar olub. “Ded”in qətlindən sonra isə onların bir neçəsi ya müəmmalı şəkildə qətlə yetirilib, ya həbs olunub, ya da özləri klandan uzaqlaşıblar.
Kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan Əlibala Həmidovla, Gürcüstan doğumlu “qanuni oğru” Baxış Əliyevin (“Vaxa”) qətlini xatırlayaq. Heç kimə sirr deyil ki, “Ded”in qətlindən bir neçə ay öncə “Lənkəranski”nin “oğru” adından məhrum edilməsi ilə bağlı qərar vermişdi və Azərbaycan həbsxanalarına göndərilən “praqon”da “Qoca”nın adı hallanırdı. 2013-cü ilin avqustunda o, İstanbulda öldürüldü. Vaxtilə “Ded” “Vaxa”nı Ukraynaya “Lənkəranski”nin mövqelərini zəiflətmək üçün göndərmiş və burada iki kriminal dəstə arasında uzun müddət savaş getmişdi. Bu ilin aprelində “Lotu Quli” ilə qohumluq əlaqələri olduğu deyilən “Vaxa” da Odessada öldürüldü…

“Şakro Molodoy”un azadlığa çıxması ilə “Ded”in klanında təmsil olunanlar xeyli fəallaşıblar və indi onlar da bu vəziyyəti intiqam almaq üçün məqam bilirlər.
Ötən həftə “Lənkəranski” və “Lotu Quili” tərəfdarlarının Moskvadakı “Matrosskaya tişina” istintaq təcridxanasında toqquşması Rusiya kriminalının əsas hadisəsinə çevrilib. Qarşı-qarşıya duran tərəflər Azərbaycan həbsxanalarında çoxdan bölünüblər və zaman-zaman “Lənkəranski” və “Quli” tərəfdarları qanlı “razborka”lar aparırlar.
“Quli” tərəfdarları “Lənkəranski”ni “əsl vor” hesab etmir və bununla bağlı ən müxtəlif iddialar irəli sürürlər. “Lənkləranski” tərəfdarlarının da “Quli”ni niyə “qanuni oğru” hesab etmədiklərinə öz izahları var. Amma indi bu savaş daha açıq müstəviyə keçib.
Məlumatlara görə, artıq ikinci həftədir “Matrosskaya tişina”da kütləvi dava-dalaş gedir, təcridxananın tibbi xidmət hissəsinə xeyli yaralılar gətirilir. Xəbər verildiyi kimi, başda bir neçə qətl işinə görə istintaq altında olan “Çolaq Nazim” ləqəbli Nazim Hümbətov olmaqla 30-dək adam “Zayka” ləqəbli avtoritet Zaur Əliyevi kamerasında möhkəm döyüblər.
Xəbərlərdə deyilir ki, bu “film” skype vasitəsilə “Lotu Quli”nin cəza çəkdiyi Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsinə hətta canlı yayımlanıb. “Zayka”nı döyənlər ondan köhnənin təhqiramiz söhbətinə görə “Lotu Quli”dən üzr istəməyi tələb ediblər. Zaur Əliyevə yaxın mənbələr bildiriblər ki, “Zayka” yalnız bir məsələdən – hücum edən şəxslərin onun hamilə həyat yoldaşını elə kameradanca telefonla hədələyəndən sonra “sınıb”.

Deyilənə görə, 8 il qabaq “Lotu Quli”nin adamları “Zayka”ya bağlı biznesmenlərdən nəhəng məbləğdə pul tələb edib. Bu qruplaşmanın üzvləri arasında pul məsələsinə görə çoxsaylı “razborka”lar baş verib. Axırda qruplaşma liderləri özləri birbaşa danışmağa qərar veriblər. Lakin “qanuni oğru”ların öz aralarındakı telefon söhbəti alınmayıb. “Zayka” “Lotu Quli”ni telefonda təhqir edib.
Bu video yayılandan sonra isə “Matrosskaya tişina” təcridxanasının “smotryaşi”si olan “qanuni oğru” “Nukri Qalski” ləqəbli Nukri Doçiya digər məhbusları başına yığaraq “Zayka”ya hücum edənləri möhkəm döyüb. İddiaya görə, döyülənlər arasında ən ağır xəsarət alanlar “Çolaq Nazim” və “Erdak Lənkəranski”dir.
“Qanuni oğru”lar arasında böyük nüfuza malik olan Kamo Səfəryan təcridxanadakı bu “bespredel”ə ilk etiraz edənlərdən olub. “Lotu Quli”nin adamları cavabında bildiriblər ki, “Zayka” “qanuni oğru” olmadığı halda “qanuni oğru”nu təhqir etdiyi üçün bunun hesabını verməli və cəzasını almalıdır. “Zayka”nın adamları isə öz fikirlərini söyləyiblər. Onlar da deyiblər ki, “Zayka” “Lotu Quli”ni təhqir edəndə sonuncunun “oğru” titulu artıq əlindən alınmışdı, üstəlik “Lotu Quli”nin adamları “Zayka”nı o, azadlıqda olanda cəzalandıra bilərdilər, amma bunu nədənsə etməyiblər…
“Qanuni oğru”lar sonda belə qərara gəliblər ki, “Zayka” təcridxananın “smotryaşi”si Nukri Doçiya bu haqda əvvəlcədən xəbərdar edilmədən döyüldüyü, üstəlik bu davadan sonra “Matrosskaya tişina”dakı rejim sərtləşəcəyi üçün “Zayka”nı döyənlər cəzalandırılmalıdır. Nəticədə həmin adamlar, yəni “Lotu Quli”nin adamları da döyülüb.

Məlumata görə, milliyyətcə erməni olan Kamo Səfəryan Tiflisdə doğulub. O, “Ded Xasan”ın klanına daxil olub və Krımda uzun müddət “nəzarətçi” (“smotryaşi”) kimi tanınıb. K.Səfəryan öz “kriminal karyerasına” SSRİ-də cibgir kimi başlayıb. Elə o zaman ilk məhkumluq həyatını yaşayan K.Səfəryan 1998-ci ildə sui-qəsdə məruz qalıb. Amma killer səhvən onu yox, qardaşını öldürüb. Bundan sonra Səfəryan Krıma köçüb və ərazi üzrə “nəzarətçi” olub. 2008-ci ildə Ukraynadan deportasiya edilən Səfəryan Aslan Usoyanın klanına qoşulub.
Belə iddia da var ki, “Zayka” “Lənkəranski”yə yaxın adam deyil və “Quli” tərəfdarları onu sıradan çıxarmaq üçün döyüblər.
Rusiya hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, baş verənlər artıq “Şakro Molodoy”u da narahat edib. O, azərbaycanlı “qanuni oğru”ların hazırda çox özbaşınalıq etdiyini və bu sahədə qayda-qanun yaratmaq lazım olduğunu deyib. Bildirib ki, azərbaycanlı “qanuni oğru”ların bütöv bir dəstəsinin “oğru” titulunu yenidən nəzərdən keçirməyin vaxtı çatıb.
Bir fakt dəqiqdir ki, kriminal aləmdə faktiki olaraq yeni müharibə başlayıb və bu savaşın hələ çox qurbanları ola bilər.
musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.