Din sahəsində yeni gəlişmələr; vəhhabilərin himayədarları hökumətin radikallara qarşı kampaniyasını dayandırmağa nail olublar, Şeyx isə ətrafını gücləndirmək üçün gənc ruhaniləri işə cəlb edir
Azərbaycanda bu ilin əvvəlində vəhhabilərə və radikal dini qruplara qarşı başlanmış kampaniya dayanıb. Bir neçə ay ölkə gündəminin əsas hadisəsi olan və rəsmi şəxslər tərəfindən geniş müzakirə olunan, az qala ictimai kampaniyaya çevrilən proses artıq demək olar ki, unudulub. Hətta bir qədər əvvəl mediada radikal cərəyanlara qarşı əməliyyatların başlayacağı, eləcə də radikalizmi, həmçinin xarici ölkələrə döyüşçü göndərilməsini təşkil edən şəxslərin həbs olunacağı ilə bağlı hətta rəsmi şəxslər tərəfindən açıqlamalar verildi.
Qeyd edək ki, bu ilin əvvəlindən Azərbaycanda radikal dini qruplara qarşı, o cümlədən Suriyada gedən savaşlara qatılan azərbaycanlılarla bağlı rəsmi səviyyədə münasibət bildirildi. QMİ Suriyada gedən savaşın cihad olmadığı ilə bağlı fitva verdi, hökumət orqanları isə xarici ölkələrdə gedən savaşlara qatılan ölkə vətəndaşlarının cinayət məsuliyyəti daşıyacağını bildirdilər. Bundan sonra həm Milli Məclisdə, həm də hökumətin, eləcə də əlaqədar rəsmi və ictimai qurumların ölkədə radikal cərəyanlara qarşı çağırışları yayılmağa başladı.
Bundan sonra ölkənin bir sıra bölgələrində radikalizmi təbliğ edən, eləcə də xarici ölkələrə, xüsusən də Suriyaya savaşmaq üçün insanları təşviq edənlərin ifşa olunaraq məsuliyyətə cəlb olunması halları baş verdi. Bakıda, Sumqayıtda, eləcə də bir sıra regionlarda əməliyyatlar keçirildi, həbslər oldu. Bundan başqa, radikalizmi təbliğ edən bəzi məscidlərin icma rəhbərləri, imamları dəyişdirildi. Ancaq bu prosesin davamlı olacağı haqda məlumatlar yayıldı. Bildirilirdi ki, bu ilin əvvəlində Azərbaycan dövlət rəhbərliyinə ölkə ərazisindəki radikal dini qrupların fəaliyyəti, eləcə də ölkədən Suriyaya, İraqa kütləvi şəkildə gənclərin döyüşmək üçün getməsini təşkil edən şəbəkə barədə əhatəli sənəd hazırlanıb. O da qeyd olunurdu ki, müvafiq dövlət qurumlarının hazırladığı dosyedə narahatlıq doğuran problem detallı şəkildə əksini tapıb.
Sənəddə ölkə daxilində radikal fəaliyyətləri dəstəkləyən, təşviq edən mərkəzlər, Suriyaya döyüşçü aparan şəbəkə, onları maliyyələşdirən qaynaqlar, qeyri-leqal maliyyə şəbəkələri, eyni zamanda ölkə daxilində və xaricdən məhz radikal qrupları, radikalizmi təbliğ edən məscidlərin saxlanılması üçün ayrılan pullar və onların ötürülməsi sxeminin qeyd olunduğu vurğulanır. Eyni zamanda konkret olaraq bu qrupları maliyyələşdirən biznes qurumlarının siyahısının hazırlanaraq ölkə rəhbərliyinə təqdim olunduğu iddia edilir.
Bizə çatan məlumatlara görə, vəhhabilərə qarşı, ümumiyyətlə, ölkədə fəaliyyət göstərən radikal cərəyanlara qarşı planlaşdırılan ifşa prosesinin dayandırılmasının xüsusi səbəbi var. Belə ki, gələn bilgilərə görə, radikal dini qruplar, vəhhabilərə qarşı başladılan prosesin dayandırılmasında qlobal rüşvət amili rol oynayıb. Belə ki, daha əvvəl də istifadə olunan “metodla”, yəni rüşvət verməklə müvafiq sahəyə cavabdeh olan şəxslərlə müəyyən anlaşma əldə olunub. Anlaşmanın detalları bəlli olmasa da, redaksiyamıza göndərilən məlumatda bildirilir ki, dövlətin dini sahəyə cavabdeh yüksək vəzifəli məmurları Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan vəhhabi himayədarları ilə anlaşıblar. Bu məqsədlə böyük miqdarda pul ayrıldığı da qeyd olunur.
Qeyd edək ki, bu şəkildə fəaliyyət daha əvvəl də müşahidə olunub. Hətta bir qədər əvvəl mətbuat üçün brifinq keçirən ekspert Aydın Əlizadə radikal dini qrupların maliyyə şəbəkəsi haqda maraqlı faktlar səsləndirmişdi. Onun sözlərinə görə, sələfilər üçün toplanan ümumi illik maliyyə təxminən 5 milyon dollar həcmindədir. Bu məbləğə həm xaricdən göndərilən yardımlar, həm biznes strukturlarına yatırılmış maliyyə və sələfilərin özlərinin idarə etdiyi biznes əməliyyatlarından gələn gəlir, həm də zəkat formasında vəhhabi üzvlərdən yığılan vəsaitlər daxildir. Bu pulların hamısı təbliğata, nəşr vəsaitlərinə, “dəvətçi”lərin əmək haqlarına, bir sıra hallarda məsul şəxslərin ələ alınmasına və s. sərf olunur.
O cümlədən bu ilin əvvəlində redaksiyamıza ötürülən məlumatlarda qeyd olunurdu ki, Azərbaycanın bəzi rəsmi şəxsləri, o cümlədən QMİ sədri Allahşükür Paşazadə vaxtilə vəhhabiliyin Azərbaycanda yayılmasına şərait yaratmaq və ya sadəcə buna göz yummaq müqabilində böyük miqdarda “yardımlar” alıblar. Redaksiyamıza həmin vaxt göndərilən materiallarda göndərilən pulların məbləğləri də qeyd olunurdu.
Son olaraq bizə verilən məlumatda köhnə taktikanın yenidən işə salındığı və hədəfə götürülən vəhhabi təşkilatları, məscidləri və ayrı-ayrı şəxsləri himayə eləmək üçün hökumətdə din sahəsinə cavabdeh olan bəzi məmurlara böyük məbləğdə rüşvət verilib. Məhz bu səbəbdən hiss olunmadan mövzu, necə deyərlər, arxa plana keçib. Halbuki ilin əvvəlindən Azərbaycanda və regionda mahiyyət etibarı ilə dəyişən nəsə yoxdur. Əksinə, durum daha da pisləşib. Bundan başqa, Azərbaycandan hələ də insanlar İraqa və Suriyaya döyüşmək üçün getməkdə davam edirlər.
Yeri gəlmişkən, son aylarda ciddi hücumlara məruz qalan QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ənənəvi İslam icmaları arasında dayaqlarını möhkəmləndirməyə çalışır. Bu barədə bizə verilən bilgilərə görə, şeyxülislam son bir ildə QMİ-yə və paytaxtın bir sıra məscidlərinə nisbətən gənc nəslin nümayəndələri hesab olunan, savadlı və nüfuzlu şəxsləri işə alıb. Cənub zonasında dindarlar arasında böyük nüfuza malik, yüksək səviyyədə dini təhsili olan Mircəfər Əyyubzadə QMİ-nin fətva şöbəsinə işə alınıb. Əslində Mirəziz Seyidzadənin vəfatından sonra faktiki olaraq boş qalan fətva şöbəsinə M.Əyyubzadə rəhbərlik edir. Bundan başqa, nüfuzlu ilahiyyatçı-filosof Elşən Mustafaoğlu QMİ-də informasiya mərkəzinə işə götürülüb. İlahiyyatçı Hacı Şahin Həsənli QMİ sədrinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunub. Qeyd etdiyimiz kimi, paytaxtın bir sıra məscidlərinə müəyyən qədər cavan və savadlı, nüfuzlu ruhanilər təyin olunub. Müşahidəçilərə görə, şeyxülislam bununla dini camiədə mövqelərini möhkəmlətmək, dayaqlarını gücləndirmək istəyir.