Xədicə İsmayıl türmədən mesaj göndərdi, işdə yeni xüsusatlar var
Hazırda həbsdə olan araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl türmədən həmkarlarına zəng edib. Bu barədə radionun “İşdən sonra” verilişinin aparıcısı, jurnalist Kamran Mahmudov facebook səhifəsində yazıb. Status aşağıdakı kimidir: “Xədicə zəng vurmuşdu. Dedi ki: ”Mən möhkəməm, siz də möhkəm olun.
Gözləyirdim ki, hökumətin əsəblərinin çat verən vaxtı olacaq. Bu baş verdi və mən həbs olundum. Mənə qarşı irəli sürülən ittihamlar uydurmadır. Çirkli və qara piar ucun nəzərdə tutulmuş ittiham irəli sürülüb. Ancaq bütün bunlara baxmayaraq mən möhkəməm. Bilirəm ki, sizə də asan deyil. Amma ruhdan düşməyin. İşinizi davam etdirin. Hər kəsin öz işini davam etdirməsi çox vacibdir. Həmkarlarımdan yeni-yeni araşdırmalar, hüquq müdafiəçilərindən yeni-yeni təşəbbüslər gözləyirik. İş davam etməlidir".
X.İsmayılın yaxın rəfiqəsi, jurnalist Aynur İmranova isə mediada “Xədicə İsmayılın bəzi dostları ona qarşı ifadə verib” xəbərinə münasibət bildirmək üçün status yazıb: “Bu gün qəzetlər xəbər yayıb ki, Xədicənin dostlarından biri ona qarşı ifadə verib. Belə görürəm ki, hakimiyyət mövzudan yayınmaq üçün qara ”pr"-ı genişləndirib, iç savaş yaratmaq istəyir. Bu işdə ifadə verən dostlarından biri olaraq bəyan edirəm ki, mənim ifadəmlə vəkilim də, şəxsən Xədicə İsmayıl da tanışdır. Bir daha təkrar edirəm, nöqtə vergülünə qədər. Xədicənin bütün dostlarından da ricam bu məsələyə mövqe bildirsinlər. Bu xəbəri tirajlayan, özünü “tərəfsiz” adlandıran mətbu orqanlarına da üzümü tutub deyirəm ki, bir statusdan xəbər düzəldəndə qarşı tərəf kimi bir necə nəfərin də fikrini vermək olardı, əgər qərəzli deyillərsə".
Ann Brassör: “Azərbaycan hökumətini Xədicə İsmayıl və digər hüquq müdafiəçiləri ilə bağlı konvensiyada nəzərdə tutulmuş standartlara əməl etməyə çağırıram”
“Xədicə İsmayılın həbsi ilə bağlı dərin narahatlığımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan Avropa Şurasının üzvü kimi Avropa İnsan Hüquqları Konvensiyasının standartlarına hörmət etməlidir. Azərbaycan hökumətini Xədicə İsmayıl və digər hüquq müdafiəçiləri ilə bağlı konvensiyada nəzərdə tutulmuş standartlara əməl etməyə çağırıram”. Bu barədə Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) prezidenti Ann Brassörün araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı bəyanatında deyilir.
“Xədicə İsmayıl Avropa Şurasının uzun müddətdir əməkdaşlıq etdiyi şəxslərdən biridir. AŞPA-nın sonuncu sessiyası zamanı Xədicə İsmayıl şəxsən özünə və hüquq müdafiəçilərinə qarşı dəhşətli təzyiq kampaniyası haqda danışaraq məni şoka salmışdı”, o yazır.
Avropa Şurasının baş katibi Thorborn Jagland AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar bəyanat yayıb. Bəyanatda baş katib Azərbaycanın tanınmış tədqiqatçı jurnalisti barəsində iki aylıq həbs-qətimkan tədbirinin seçilməsindən narahatlığını bildirib.
Bu arada “Yeni Müsavat” T.Mustafayevin ilk intihar hadisəsi ilə bağlı ilginc detallar əldə edib. Belə ki, o, ilk dəfə bu ilin aprel ayında intihara cəhd edib. Hətta arxa fonda göydən ip asılmış yerdə fotosunu da facebookdan paylaşaraq, intihar edəcəyinin anonsunu verib. Bizə bu barədə məlumat verən mənbəmizin sözlərinə görə, həmin vaxt jurnalist cameəsindən xeyli adam onun evinə gedib və T.Mustafayevi jurnalist, "Meydan TV"nin əməkdaşı Təhminə Tağızadə xilas edib. T.Mustafayev həmin vaxt intiharına səbəb kimi nişanlısı Rövşanə Rəhimlinin ondan ayrılmasını göstərib.
Yaxın ətrafı həmçinin T.Mustafayevin xroniki alkoqolik olması barədə də danışır. Onların bildirdiyinə görə, jurnalist dost çevrəsində öz alkoqol düşkünlüyü ilə tanınırmış. Hətta onun müxtəlif dönəmlərdə “içkini atmışam” dediyi dövrdən sonra facebookda dostlarını içki məclisinə dəvət etməsi barədə statusları var.
Bu arada T.Mustafayevin atası Bulud Mustafayev də aznevs.az saytına müsahibəsində ilginc məqamlar açıqlayıb: “Xədicə İsmayıl ona qəyyumluq edib, öz yanına aparıb. Mən sonralar bilmişəm ki, Tural Bakıya gedəndən Xədicənin evində onunla birlikdə yaşayırmış. Xədicə ona qəyyumluq edirmiş. Bir müddətdən sonra onlar arasında qısqanclıq zəminində münaqişələr başlayıb. Daha sonra Tural harda işləməyə gedibsə, orda təzyiqlərə məruz qalıb.
Onu birinci ailəsindən də boşandırdılar. Hansı ki, gözəl ailəsi, uşağı var idi. O vaxt bildirmirdi, amma ailəsi dedi ki, ola bilər onu kimlərsə tora salıb. Can deyib, can eşidirdilər. Xədicə ilə münasibətləri korlananda isə hara getdi ona iş vermədilər. İşlətdilər, pulunu da vermədilər".
B.Mustafayev həmçinin iddia edib ki, oğlunun işsiz qalmasında da X.İsmayıl günahkardır, çünki oğlu ona “üstümdən xətt çəkiblər, məni heç yerdə işə götürməyiblər”, deyib. Atası onun intiharı ilə bağlı aşağıdakıları bildirib: “Tez-tez əlaqə saxlayırdıq, hal-əhval tuturdum. Hadisə törənənə bir saat qalmış soyadını bilmədiyim Samirə adlı hüquqşünas mənə zəng etdi ki, Tural mənə deyir özünü öldürəcək. İki dəfə Turalı yığdım, düşə bilmədim. Sonra həmin qıza telefon açdım. Dedim ki, ay qızım, ona zəng çatmır.
Yenidən Samirədən mənə mesaj gəldi ki, Tural siçan zəhəri içib, özünü öldürdü. İndi həmin vaxt mənim vəziyyətimi başa düşün. Mən də yıxıldım. Sonra başladım dalbadal zəng etməyə. Yenidən Samirəyə zəng etdim ki, siz Allah, mən kənddəyəm, 103-ə zəng edin, kömək edin ona. Dedi ki, edəcəyəm. Doğrudan da onu xəstəxanaya çatdırdı. Yenidən Turalın iki nömrəsinə də zəng etdim.
Tural Mustafayevin “intihar şousu” barədə ilginc detallar və foto-fakt üzə çıxdı
Bir neçə zəngdən sonra bir nəfər telefonu qaldırdı. Telefonu götürən kimi sevindim ki, Turalın səsini eşidəcəm. Amma həmin adam dedi ki, telefonun yiyəsinin ağzı köpüklənib, nəfəsi kəsilib. Dedim, qardaş, Allahdan ümid üzülmür, Təcili Tibbi Yardıma müraciət edin. İkinci dəfə zəng edəndə həmin adam dedi ki, onun vəziyyəti ağırlaşıb. Dedim, kimsən, cavab verdi ki, bulvar işçisiyəm adım Hakimdir. Yalvardım ki, Təcili Yardımla xəstəxanaya aparsa adını deyin mən gələ bilim. Onu belə bilmişəm”.