Xədicə İsmayıla görə ABŞ Konqresindən hökumətə ittiham

10-12-2014, 11:02   
Xədicə İsmayıla görə ABŞ Konqresindən hökumətə ittiham
“Cəfəng ittihamın məqsədi Azərbaycanda sayı çox azalmış müstəqil səslərdən daha birini boğmaqdır”

Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan jurnalist Xədicə Ismayıl dünən vəkili Elton Quliyevlə görüşüb. Bu barədə məlumat verən vəkil jurnalistin vəziyyətinin, saxlanma şəraitinin normal, özünün də gümrah olduğunu bildirib. Xədicə Ismayıl eyni zamanda, vəkili vasitəsilə bütün dostlarına salam göndərib. Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də təcridxanada Xədicə Ismayılla görüşərək, jurnalistin durumu, saxlanma şəraitilə maraqlanıblar.

Dünən Xədicə Ismayılın ailə üzvləri təcridxanaya jurnalist üçün yemək aparsalar da, sovqatı qəbul etməyiblər. Bu barədə journalist Əfqan Muxtarlı məlumat verib. Onun sözlərinə görə, ailə üzvlərinə təcridxanadan bildirilib ki, yemək yalnız həftədə bir dəfə qəbul olunur: “Xədicə Ismayıl mədəsindən əməliyyat olunub, o, xüsusi pəhrizlə yemək yeməlidir. Həm də ona bazar günü aparılan sovqat yalnız bir gün üçün nəzərdə tutulmuşdu. Bunların heç biri nəzərə alınmadı. Faktiki olaraq, Xədicə bu gün ac qalacaq”.
Ailə üzvləri bununla əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etməyi düşünür.

Helsinki Komissiyasından hökumətə çağırış



Bu arada, Xədicə Ismayılın həbsilə bağlı beynəlxalq reaksiyalar davam edir. ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Ben Kardin tanınmış jurnalistin həbsilə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir:
“Xədicə Ismayılın həbsi məndə dərin narahatlıq doğurdu. Hamımız yaxşı bilirik ki, Xədicə Ismayıl ölkədəki korrupsiya faktlarını ifşa etdiyinə və siyasi məhbusların müdafiəsilə bağlı fəaliyyətinə görə Azərbaycan hökumətinin amansız təqiblərinə məruz qalırdı. Ona qarşı irəli sürülən cəfəng ittihamın məqsədi Azərbaycanda sayı çox azalmış müstəqil səslərdən daha birini boğmaq cəhdidir.
Noyabrın 19-da Helsinki Komissiyasının keçirdiyi dinləmələrə Xədicə Ismayıl da dəvət olunmuşdu. Lakin onun ölkədən çıxışına qadağa qoyulduğundan dinləmələrdə iştirak edə bilmədi.
Azərbaycan ATƏT üzvü kimi, üzərinə insan haqlarına hörmət etmək öhdəliyi götürüb. Bu öhdəliklərdən biri də mətbuat azadlığının təmin olunmasıdır. ABŞ Konqresinin Helsinki Komissiyası bir daha Azərbaycan hökumətini jurnalistlərə, o cümlədən Xədicə Ismayıla qarşı təqiblərə son qoymağa çağırır".

“Xədicə İsmayıla zamin durmağa hazırıq”




Xədicə Ismayılın həbsi dünən Insan Haqları üzrə Birgə Qrupun baş prokurorun müavini Rüstəm Usubovla görüşündə də müzakirə olunub. Bu barədə Qrupun üzvlərindən Novella Cəfəroğlu məlumat verib.
“Mənə elə gəlir ki, bu yolla insanı həbs etmək çox gülüncdür. Mənə də bu inandırıcı görünmür, yerli-dibli uydurmadır. Baş Prokurorluqda görüşdə bildirdik ki, gör, indiyədək nə qədər adam intihar edib, intihara sövq edənlərin də adları məlumdur. Amma onların heç biri nəinki həbs olunub, heç istintaqa da cəlb olunmayıb.
Xədicə Ismayılın həbsi biabırçılıqdır. Biz Xədicə Ismayılın tezliklə azadlığa çıxmasına çalışacağıq. Görüşdə təkcə Xədicə Ismayılın yox, adları bizim siyahıda olan digər siyasi məhbusların da məsələsini qaldırdıq, ümid edirik ki, nəticəsi olacaq", - deyə Novella Cəfəroğlu bildirib.
Novella Cəfəroğlu onu da qeyd edib ki, Xədicə Ismayılın həbsdən buraxılması üçün ona zamin durmağa hazırdılar: “Bilmirik, bəlkə də o, bundan imtina edəcək. Amma biz insan haqları müdafiəçisi kimi əlimizdən gələni əsirgəməyəcəyik. Ümid edirik ki, nəticəsi olacaq işimizin, sadəcə, bir az gözləmək lazımdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.