2014-cü ilin 9 dekabr tarixində Rusiya Federasiyasının Həştərxan şəhərində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirilmişdir.
Mərasimdən öncə tədbir iştirakçıları, o cümlədən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev, Həştərxan vilayəti və şəhərinin rəsmi nümayəndələri, diaspor təmsilçiləri, iş adamları, ictimaiyyətin nümayəndələri, azərbaycanlı tələbələr və şəhər sakinləri tərəfindən Həştərxan şəhərindəki Heydər Əliyev parkında ucaldılmış Ulu Öndərin abidəsi önünə əklillər qoyulmuşdur.
Anım mərasimi Həştərxan şəhərinin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli ümumtəhsil məktəbində keçirilmişdir. Mərasimin əvvəlində tədbir iştirakçıları Ulu öndərin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Giriş sözü ilə çıxış edən Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyət yolu haqqında ətraflı məlumat vermiş, onun təməlini qoyduğu və həyata keçirdiyi nəhəng layihələrdən danışmışdır.
Mərasim
in sonunda ənənəvi olaraq Heydər Əliyev Fondu adından sözügedən məktəbin fərqlənmiş 12 şagird və 5 müəlliminə təqaüd və hədiyyələr təqdim olunmuşdur.