“Atlant”dakı silahlı məmur oğlu kimdir... - Sensasion VİDEO
11-12-2014, 17:42
Bu ilin avqust ayında “Atlant” istirahət mərkəzində baş verən silahlı insidentlə bağlı yeni və şok detallar ortaya çıxıb.
Virtualaz.org saytı məşhur istirahət mərkəzində baş verən insidentlə bağlı videogörüntüləri əldə edib.
Xatırladaq ki, avqustun 2-də “Atlant” istirahət mərkəzində silahlı insidentin baş verməsi haqda xəbərlər yayılmışdı. Bəzi saytlarda isə bu silahlı insidentdə iştirak edən şəxslərdən birinin Quba Rayon İcra Hakimiyyətinin başçsı Mübariz Ağayevin oğlunun olması haqda məlumatlar yer almışdı.
Lakin icra başçısı oğlunun xaricdə olduğunu deyərək mətbuatda yer alan xəbərləri təkzib etdi. Halbuki icra başçısının mətbuat katibi Arif Yusifov isə hadisə baş verən zaman başçının oğlunun evdə olduğunu demişdi.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə hadisənin silahlı incident olmadığını, yalnız iki şəxs arasında qısa mübahisə olduğunu demişdi.
Virtualaz.org saytının əldə etdiyi videogörüntülərdən isə aydın olur ki, hadisə heç də iki nəfər arasında baş verən qısamüddətli mübahisə deyil. Bunu redaksiyamıza hadisəyə şahidlik edən şəxslər də təsdiqləyib.
Belə ki, adları məlum olmayan iki tərəf arasında qız üstündə mübahisə düşür. Gərginlik o həddə çatır ki, tərəflərdən biri maşınından odlu silahı, ov tüfəngini götürərək söhbəti “xırdalamağa” gəlir.
Əldə etdiyimiz videogörüntüdə silahdan atəş açılması müşahidə edilmir. Lakin şahidlərin dediyinə görə, onlar bir neçə dəfə atəş səsi eşidiblər. Bu görüntülər isə atəş açılandan sonra lentə alınıb.
Görüntülərdə olan qırmızı köynəkli şəxs əlində olan ov tüfəngi ilə mübahisə etdiyi sarı köynəkli şəxsi hədələyir. Silahlı şəxsi istirahət mərkəzinin mühafizəçiləri nə zərərsizləşdirir, nə də ki, ona müdaxilə edirlər. Silahlı şəxslə mübahisə edən sarı köynəkli şəxsi isə bir qız sakitləşdirməyə çalışır.
Hadisəni izləyən digər müştərilərin də görüntülərdəki danışığından başa düşmək olur ki, onlar da mühafizəçilərin tərəfləri sakitləşdirməməsindən narahatdırlar. Mübahisə edən tərəflər bir-birlərini söyüş söyərək hədələyirlər. Sonra tərəflər mübahisə edərək istirahət mərkəzindən çölə çıxırlar. Əlisilahlı şəxs qarşı tərəfi məsələni həll etmək üçün başqa yerə dəvət edir.
Bu video onu sübut edir ki, “Atlant”dakı hadisə heç də iki tərəf arasında olan kiçik mübahisə deyil. Əlində silah ailəli şəxslərin də olduğu istirahət mərkəzinə girən şəxs havaya atəş açır, ətrafında olan insanlara qorxu yaşadır, mübahisə etdiyi şəxsi və ya şəxsləri hədələyir. Lakin hüquq-mühafizə orqanları bunu “sadə mübahisə” kimi qiymətləndirir. Həqiqət də burasındadır ki, bu silahlı şəxs hansısa məmurun övladıdır və yanında gəzdirdiyi odlu silahla mübahisə etdiyi şəxsi çox rahat bir şəkildə hədələyir. Və onun bu addımına istirahət mərkəzinin mühafizəçiləri, rəhbərliyi heç bir söz deyə bilmir.
Hüquq-mühafizə orqanları isə hadisəni sadəcə kiçik mübahisə olduğunu deyərək bağlamağa çalışır. Silahlı insidentdə iştirak edən tərəflərin kimliyi isə məlum deyil.