İcra başçısının döyülməsinin təfərrüatları (VİDEO)
12-12-2014, 00:46
Nizami Hacıyev artıq reanimasiyadan palataya köçürülüb
Növbətçi Gəncədə qanunsuz tikililərin sökülməsi prosesinə etiraz edən bir qrup sakin ərazidə olan Nizami rayon icra hakimiyyəti başçısı, müavini və polis əməkdaşlarına xəsarət yetiriblər.
ANS TV-nin Gəncə bürosunun məlimatına görə, Gəncə şəhər Nizami rayon icra hakimiyyətinin başçısı Nizami Hacıyev, onun müavini və 5 polis əməkdaşı Gülüstan və Avtozavod qəsəbəsində infrastruktur işləri çərçivəsində aparılan söküntü işlərinə etiraz edən bir qrup şəxsin hücumuna məruz qalıblar. Ağır bədən xəsarətləri alan Nizami rayon icra hakimiyyətinin başçısı Nizami Hacıyev artıq reanimasiyadan palataya köçürülüb.
Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti yaxşıdır. Polis əməkdaşları da reanimasiydan çıxarılıblar. Gəncə şəhər icra hakimiyyəti başcısının müavini Naqif Həmzəyevin sözlərinə görə, hadisənin baş verdiyi Gülüstan və Avtozavod qəsəblərinin bir qismi məcburi köçkünlər tərəfindən vaxtilə qanunsuz olaraq zəbt edilib və tikinti aparılıb.
"Nizami rayon icra hakimiyyətinin başçısı Nizami Hacıyev və digər dövlət nümayəndələri tərəfindən burada lazımı işlər həyata keçirilərkən həmin şəxslər – bir qrup dəllallar burda dövlət qulluqçularına qarşı cinayət törədiblər", deyə Naqif Həmzəyev bildirdi.
DİN-in məlumatına görə, faktla əlaqədar Gəncə Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsilə cinayət işi başlanılıb. Hadisəni törədənlər saxlanılıb. Eyni zamanda görülən işlər çərçivəsində yeni salınan küçədəki ərazidə olan qanunsuz tikililərin söküntüsü davam edəcək. Tikdikləri evləri sökülən vətəndaşlar da işlərin tezliklə yekunlaşmasını və sənədlərin verilməsini gözləyirlər.
Gülüstan yaşayış massivində infrastruktur işləri çərçivəsində bu ərazidən Avtozavod qəsəbəsinə doğru kanalizasiya xəttlərinin çəkilməsi də nəzərdə tutulur və artıq işlərin bir hissəsi görülüb. Lakin arxada qanunsuz olaraq tikildiyi və zəbt olunduğu deyilən evlərin olması bu layihənin reallaşdırılmasına mane olur.
Gülüstan yaşayış massivində 45 mindən çox sakin yaşayır. Həyət evlərində yaşayanlar arasında Kəlbəcərdən olan məcburi köçkünlər çoxluq təşkil edir