Ölkədə kütləvi ixtisarlar başlayır; “Qara qızıl”ın qiymətinin ucuzlaşması ölkəmizi ciddi təhlükələrə soxa bilər; BP rəhbəri və YAP-çı deputat ixtisarlar olacağının anonsunu verdi; işdən çıxarılmalarla yanaşı, bir sıra sosial proqramların və iri infrastruktur layihələrinin dayandırılması da gözlənilir
Bu baxımdan, ölkədə həyata keçirilən, yaxud nəzərdə tutulan bir sıra layihələrin təhlükə altına düşəcəyi, iş yerlərində kütləvi ixtisarların olacağı gözlənilir. İxtisarlarla bağlı artıq bir sıra məlumatlar yayılmaqdadır və bu, cəmiyyətdə ciddi narahatlıq doğurur. Neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanda minlərlə adamın iş yerini itirməsinə səbəb ola bilər.
Bu ixtisarların Azərbaycanda fəaliyyət göstərən böyük şirkətləri də əhatə edəcəyi qaçılmaz görünür. Bununla bağlı artıq rəsmi açıqlamalar da var. Məsələn, Böyük Britaniyanın “Guardian” qəzetinə müsahibəsində BP şirkətinin baş icraçı direktoru Bob Dadli bildirib ki, gələn il şirkət məcburi ixtisarlara 1 milyard dollar xərcləyəcək. İxtisarların aparılacağı ölkələr arasında Azərbaycanın da adı var. Məcburi ixtisarlara əsas səbəb kimi neftin kəskin ucuzlaşması göstərilir.
Başqa xarici şirkətlərdə də ixtisarların aparılacağı haqda məlumatlar var və bəzi bu cür qurumlarda artıq işçilərə bununla bağlı xəbərdarlıq da olunub.
İxtisarların kütləvi şəkildə aparılacağı sahələr arasında təhsil sisteminin də olduğu bildirilir. Elə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun mətbuata müsahibəsində təhsil sahəsindəki vəziyyətlə bağlı danışarkən müəllimlərin sayının azaldılmalısının zəruriliyi ilə bağlı dedikləri də bunu təsdiqləyir. S.Novruzov deyib ki, müəllimlərin sayı azaldılmalı, maaş isə artmalıdır.
“Kimin qabiliyyəti çatır, oturub işləməlidir, kimin də qabiliyyəti çatmır, həm xalqın uşağını şikəst etməməlidir, həm də digərlərinin boğazına şərik olmamalıdır” - deyə, YAP-çı deputat bildirib. O, həmçinin elm sektorunda da ixtisarların aparılma zərurətindən danışıb.
Ekspertlərin fikrincə, əslində S.Novruzovun müəllimlərin sayının azaldılması haqda dedikləri ölkədə nəzərdə tutulan ixtisarların anonsu sayılmalıdır. Sadəcə olaraq, YAP-çı deputat konkret olaraq təhsil sahəsi ilə bağlı danışdığından müəllimlərin sayının azaldılmalı olduğunu deyib.
İxtisarlar məsələsinin gündəmə gəlməsi “qara qızıl”ın vəziyyətinin qara günə düşməsinin Azərbaycana vuracağı zərbənin ilkin işartılarıdır.
Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının Azərbaycan üçün fəsadlar törədəcəyi onsuz da ilk gündən gözlənilən idi. Hələ bu proseslər yeni başladığı vaxtlardan ekspertlər hesab edirdilər ki, neftin qiymətinin düşməsinin real təsiri Neft Fondunun dividentlərinin azalmasına, hətta bir müddət sonra fondun rezervlərinin bitməsinə də səbəb ola bilər.
Ekspertlərin fikrincə, neftin qiymətinin düşməsi ilə ilkin vaxtlarda büdcə gəlirlərində problem olmasa da, rezervlər bitəcəyi təqdirdə çox ciddi problemlərin meydana çıxacağı qaçılmazdır. Onlar fikirlərini belə əsaslandırırlar ki, Azərbaycan iqtisadiyyatının neftin qiymətindən asılılığı var. Neftin qiymətinin düşməsi neft şirkətlərinin gəlirlərinin, onların vergilərinin azalmasına səbəb olacaq. Bu isə xüsusən də neft sahəsində çalışan şəxslərin kütləvi ixtisarına gətirib çıxaracaq. Amma bu ixtisarlar təkcə hansısa bir sahəni əhatə etməyəcək.
İqtisadçıların qənaətincə, ixtisar dalğası bütün sahələrdə çalışanları “vuracaq”.
Gözlənilən təhlükədən maksimum az zərərlə çıxılması üçün nə etmək lazım olduğuna gəlincə, ekspertlər hesab edir ki, bəzi sosial proqramlar məhdudlaşdırılmalı, həyata keçirilən və nəzərdə tutulan bir sıra infrastruktur layihələri bir neçə illiyə təxirə salınmalıdır.
Qeyd edək ki, prezident İlham Əliyev də bir neçə gün əvvəl “Rossia 24" telekanalına müsahibəsində neftin ucuzlaşmasından danışarkən deyib ki, ”yeganə mənfi hal" hökumətin il ərzində etməyi planlaşdırdığı işləri iki ilə görmək məcburiyyətinin yaranmasıdır. “Dünyada neftin qiymətinin düşməsi, şübhəsiz, planlarımıza mənfi təsir göstərəcək. Lakin biz müxtəlif ssenarilər işləyib hazırlamışıq. Sadəcə prioritet olmayan istiqamətlər, infrastruktur layihələri üzrə büdcə xərclərini azaldacağıq.Yaxşı ki, əvvəlki illərdə biz artıq həmin layihələri əsasən həyata keçirmişik”, deyə İlham Əliyev bildirib.
Prezident eyni zamanda deyib ki, neftin qiyməti 60 dollara düşsə belə, Azərbaycan iqtisadiyyatı sabit inkişaf edəcək.
Gələn ilin dövlət büdcəsində neftin qiyməti 90 dollardan hesablanıb. Hazırda isə dünya bazarında neftin qiyməti 65 dollara düşüb.
Qeyd edək ki, artıq ARDNŞ neftin qiymətinin kəskin enməsi ilə bağlı şirkətdə ixtisarların olub-olmayacağına münasibət bildirib.
ARDNŞ-in ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev APA-ya deyib ki, şirkət heç bir ixtisara əl atmaq niyyətində deyil.
Amma hələ neftin qiyməti düşməzdən əvvəldən ARDNŞ-də müəyyən ixtisarlar gedir və bunun davam edəcəyi bildirilir.
Teymur HƏSƏNLİ