Dövlətə məxsus səhiyyə obyektlərində pulsuz olan xidmətlər əslində vətəndaşlara neçəyə başa gəldiyi hər kəsə bəllidir. Azərbaycanda bir körpənin doğulmasının valideynə neçəyə başa gəldiyi dəfələrlə müzakirə olunub. Amma hər zaman aktual olaraq qalan bu problemə yenidən qayıtmağa çalışdıq. Çünki doğum prosesilə bağlı qiymətlərin bir qədər də artdığı müşahidə olunur. Bölgələrdəki doğum evlərində həkimlərin korrupsiya faktları eləcədə müraciət edənlərin şikayətləri daha çoxdur. Quba rayonun mərkəzi xəstəxanasının doğum şöbəsinin həkimlərinin özbaşnalığı artıq pik həddə çatıb. Buradakı özbaşşnalıq halları ilə bağlı rayonda bütün qubalılar və hüquq mühafizə orqanları bilirlər. Amma... nə faydası heç bir tədbir görülmür.
Qubada doğuş zamanı ölüm hadisəsi qeydə alınıb. Ana salamat qalıb, körpə isə ölüb. 44 yaşlı ananın qohumları uşağın meyitinin qaytarılmamasından narazıdırlar. Öz körpəsini itirən bu dəfə Xaçmazın Xudat şəhər sakini, 44 yaşlı Zeynəb Seyidovadır. Onun bacılarının sözlərinə görə, hamilə qadın qan təzyiqi aşağı düşdüyündən evdə yıxılaraq zədə alıb. Zeynəb Seyidova ailə üzvləri tərəfindən əvvəlcə Xudat, sonra Xaçmaz xəstəxanasına aparılıb. İlk yardımdan sonra isə həkimlər tərəfindən Qubadakı Regional Perinatal Mərkəzinə çatdırılıb və cərrahiyyə əməliyyatı edilib. Amma ana yıxılarkən uşaq zədə aldığından ölü doğulub. Qohumları bildirir ki, təxminən bir sutkadır 7 aylıq doğulan körpənin meyiti onlara qaytarılmır.
Bacısı Rəfiqə Axundova: "Dünəndən biz bax, buradayıq, hələ bizə uşağı vermirlər, gətirib morqa qoyublar, morqda saxlayırlar. "Dünəndən uşaq qalıb burda. Uşağı nə vermirlər, nə də bizə göstərmirlər. Bilmirik uşağın başına nə iş gəlib. Versinlər aparaq dəfn edək” – deyə bacısı Ceyran İsayeva bildirib.
Quba rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Əlyar Sərvərov uşağın ölümünü ananın zədə alması ilə əlaqələndirdi. Onun sözlərinə görə, qeysəriyyə əməliyyatı olunaraq ana xilas olunub, uşaq isə ölü olaraq götürülüb. Körpənin meyitinin ailəyə verilməməsinə gəldikdə isə Səhiyyə Nazirliyinin Məhkəmə -Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Quba şöbəsinin Müdiri Cingiz İskəndərov başqa bir hadisə də olduqundan bu prosesin bir neçə saat gecikdiyini söylədi. Uşağın meyiti artıq ailəsinə təhvil verilib. Faktla baqlı Quba polis şöbəsində araşdırmalara başlanılıb.
Onu da bildirək ki, doğuş zamanı ana və ya uşaq ölümü hallarına Qubada tez-tez rast gəlinir. Quba rayonun mərkəzi xəstəxanasının doğum şöbəsi ilə bağlı ANAXEBER.TV-ye daxil olan məlumatlarda xüsusilə diqqət çəkən məqam şöbənin baş həkimi Rəhimə Cəfərovanın yay aylarında uzun müddət işə çıxmamasıdır. Mənbəmiz bildirir ki, baş həkimin doğum şöbəsində rəsmi işinin başında olmaması may ayının 23-də burda baş verən ana və uşaq ölümü ilə bağlı olub. Belə ki, həmin gün Quba rayonu, Nügədi kənd sakini Qızxanım Qayıbova qeysəriyyə əməliyyatına hazırlıq ərəfəsində qəfil dünyasını dəyişib. Qadının bətnindəki uşağı da xilas etmək mümkün olmayıb. Mərhum ananın yaxınları baş verən hadisədə məhz R.Cəfərovanı ittiham edirlər. Mənbənin ANAXEBER.TV-ye verdiyi məlumata görə, həkimlər doğuş zamanı ölən qadının yaxınlarına uşağın qeysəriyyə yolu ilə dünyaya gətiriləcəyini deyiblər: "Bunun üçün hətta onlardan pul da alıblar”. Hadisədən 3 gün öncə mərhum anaya əməliyyatdan öncə iynə vurulub. İynədən sonra uşaq ana bətnində ölüb. Bir az sonra isə vəziyyəti ağırlaşan ananın da həyatını xilas etmək mümkün olmayıb. Yaxınları ananın və uşağın ölümünə görə həkimləri günahlandırırlar. Buna görə də həmin hadisədən sonra demək olar ki, hər gün şöbənin qarşısına gəlib ittihamlarını üzbəüz demək üçün baş həkimi gözləyirlər. Rəhimə Cəfərova da bu ittihamlardan yayınmaq üçün işə çıxmır"
Mənbəmiz bu yaxınlarda Quba doğum evində baş verən başqa bir ölüm hadisəsindən də danışdı: "Bir müddət öncə başqa bir ananın dünyaya gətirəcəyi ekiz övladından biri doğuş zamanı dünyasını dəyişib. Öncədən təcrübəli həkimlər doğuşun qeysəriyyə yolu ilə olmasını vacib biliblər. Amma Quba doğum evində Lalə adlı həkim əməliyyatı (həm də əməliyyatdan gələn gəliri) öz üzərinə götürüb və nəticədə ekizlərdən biri dünyasını dəyişib. Digər körpənin həyatı isə çətinliklə xilas edilib."
Yazıda adı hallanan şəxslərin də mövqeyni dərc etməyə hazırıq