Azərbaycanda “üsyan məşqləri”nin arxasında kim durur?

13-12-2014, 11:43   
Azərbaycanda “üsyan məşqləri”nin arxasında kim durur?
Kənardan görünən budur ki, bəzi məmurlar ali siyasi hakimiyyət üçün bir tələ hazırlamaq, qanlı olaylara yol açmaq istəyirlər; Gəncədə və digər bölgələrdə xalq etirazları yarıgizli, yarıaçıq formada davam edir; ABŞ hadisələrin mərkəzində dayana bilərmi...
Bu dəfə xalq Gəncədə özbaşınalıq edən məmurlara etiraz etdi. Xəbər verdiyimiz kimi, dekabrın 10-da Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşları “qanunsuz tikililəri” sökərkən həmin qəsəbədə məskunlaşmış Kəlbəcər rayonundan olan köçkünlər etiraz əlaməti olaraq Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər.

Cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı, orada olan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və müavini xəsarət alıb. Gəncə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.
Etirazçılar barəsində cinayət işi açılıb və artıq həbs ediliblər. Bu şəxslərin hər biri dövlət qulluqçusuna qarşı mövqe nümayiş etdiyinə və əhalini təxribata çəkdiyinə görə məhkum oluna bilərlər.

Gəncədə baş verənlər kifayət qədər ciddi və düşündürücü siqnaldır. Səbəbin nə göstərilməsindən asılı olmayaraq, görünən bir həqiqət var - xalq 20 illik əzablı həyatdan artıq bezib. Bölgələrdə əhali yerli məmurlardan tutmuş, mərkəzi hakimiyyətə qədər hamıdan narazıdır.

Bu tendensiya ilk dəfə Qubada özünü göstərmişdi. Hakimiyyət “Quba dərdləri”ndən düzgün nəticə çıxarda bilmədi və nəticədə İsmayıllı alova büründü.



Quba üsyanından sonra İsmayıllıda bənzər proseslərin baş verməsi, indi isə Gəncədə baş verənlər “bu proseslərin arxasında kim durur” sualını aktuallaşdırır. Bunu “təbii xalq etirazları” adlandırmaq mümkündür. Lakin o da istisna deyil ki, proseslərin alt qatında tamamilə başqa məqamlar dayana bilər.

Bölgələrdə vəziyyət eyni dərəcədə ağırdır. Bölgə rəhbərliyi yerli əhalini qul yerinə belə qoymur, addımbaşı təhqir edir, şərləyir, həbs etdirir.

Lakin Qubada və İsmayıllıda olduğu kimi, Gəncədə də kimlərsə tamamilə fərqli situasiya yaratmaq arzusunda idilər.

Kənardan görünən budur ki, bəzi məmurlar ali siyasi hakimiyyət üçün bir tələ hazırlamaq, qanlı olaylara yol açmaq istəyirlər.



Gəncədə və digər bölgələrdə xalq etirazları yarıgizli, yarıaçıq formada davam edir. Hansısa zaman kəsiyində qanlı sonluqla bitəcək olayların baş verəcəyi də istisna deyil. Belə etirazların birində xalqa atəş açılsa, bu, kifayət edəcək ki, ölkədə hər şey dəyişsin. Mövcud komanda sabitliyin pozulmasında katalizator rolu oynamaqda davam edir. Əgər dövlət başçısı tezliklə bu komandadan xilas olmayacaqsa, özü üçün son dərəcə ciddi problemlər yarada bilər.

Bir sözlə, Gəncə hadisələri hakimiyyətdə tam çaşqınlıq yaratdı. Xalq kütlələri heç kəsin gözləmədiyi bir zamanda etirazlara qalxa bilər. Baş verənləri yalnız məmurlar arası müharibə kimi qələmə vermək düzgün deyil. Ölkə tədricən inqilaba sürüklənir.
Başqa sual isə ondan ibarətdir ki, “ərəb baharında” olduğu kimi, ABŞ hadisələrin mərkəzində dayana bilərmi? Bu suala da cavab bir mənalı deyil. Bir tərəfdən, Qərb bölgədə yaranan vəziyyəti təhlil edərək Azərbaycanda sabitliyin pozulmasına imkan vermək istəmir, ən azı ona görə ki, ona sabit Azərbaycan lazım olacaq. Lakin Azərbaycan hakimiyyətinin etibarlı müttəfiq rolunun öhdəsindən gələ bilməməsi Qərbi rəsmi Bakıya təzyiqlərini artırmağa vadar edir.



Bir sözlə, Azərbaycanda həlledici siyasi mübarizə başlayır. Əgər ölkədə köklü dəyişiklik olmayacaqsa, xalq kütlələrinin qarşısına çıxan hər şeyi dağıdan, əzən hakimiyyətə qarşı üsyana qalxmaqdan, mübarizəni siyasi müstəvidən küçə və meydanlara transfer etməkdən başqa yolu qalmayacaq. Bölgələrdə əhalinin narazılıqlar püskürdüyü bir zamanda isə müxalifəti əzmək hakimiyyətə sərf eləmir.

Kənardan görünən odur ki, Quba, “Binə”, İsmayıllı, Gəncə üsyanları bir məşq təsiri bağışlayır.



Parlament seçkilərinə az vaxt qalmış daha irimiqyaslı hadisələrin ola biləcəyi ehtimal olunur. Bunun qarşısını zor müstəvisində almaq problemləri daha da dərinləşdirməkdir. Yeganə yol - islahatlara başlamaqdır. Əks təqdirdə, Azərbaycan özü boyda “barıt çəlləyi”nə çevrilə bilər.

Gəncədə baş verənlər məmurlara bir daha “zülm etməyin” mesajını vermiş oldu. Zülm ərşə dirənəndə xalq heç kəsə və heç kimi baxmayaraq, öz sözünü deyir...

Azər RƏŞİDOĞLU
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.