“Sabah nazirlərin və komitə sədrlərinin də başını yaracaqlar”: Natiq Miri: “Hakimiyyətdə bəzi məmurlar bu cür problemlərin qalmasında maraqlıdırlar”
İki gün öncə Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində məskunlaşan Kəlbəcər köçkünləri ilə məmurlar arasında qanlı toqquşma baş verdi. Gəncənin Nizami rayonunun icra başçısının köçkünlərin evlərini sökməyə başlaması məlum sonluqla yekunlaşdı; baş verən hadisə zamanı başçının özünün başını yardılar, polislər və kəlbəcərlilər xəsarət aldılar.
Bu baş verənlər məmurların hələ də Quba, İsmayıllı olaylarından nəticə çıxarmadığını göstərir.
Gəncədəki toqquşmadan əvvəl İsmayıllıda, ondan qabaq isə Qubada baş verənlər qiyamlar da məhz bu səbəbdən qaynaqlanmışdı. Qapalı idarəetmə, xalqla hesablaşmadan qərar vermə belə acı sonluqları labüd etmişdi. Ortada nümunə sayila biləcək davranışlar, xidmətlər də var. Quba hadisələri zamanı deputat Vahid Əhmədovun xalqı sakitləşdirə bilməsinin arxasında bircə nüans dayanırdı - xalqla daimi ünsiyyət və problemlərin həllinə bir deputatın imkanı daxilində köməklik etməsi daha böyük çaxnaşmaların qarşısını aldı. ASAN xidmət modeli də indiki Azərbaycanın reallıqlarında çox müsbət qarşılanıb. Maraqlıdır, nədən hakimiyyət bu modeli bütün ölkə boyunca tətbiq etmir, məmur korpusunu yeniləmir?
Politoloq Natiq Miri deyir ki, hazırki idarəetmə üsulları köhnəlib və yenilənməsi ehtiyacı da köhnəlmək üzrədir: “Azərbaycanda 20 ildir ki, çox qüsurlu bir idarəetmə var. Əhali bu qüsurlu idarəetmənin əziyyətini çəkir. Əhalinin problemləri, ehtiyacları ödənmədən yeganə qazanc mənbəyindən və ya evlərindən məhrum etmək dünya praktikasında rast gəlinməyən idarəçilik üsuludur. Amma Azərbaycanda belə hallar tez-tez baş verir. Azərbaycanda məmurların vətəndaşlarla davranış etikasında ciddi problemlər var. Bunlar təcili aradan qaldırılmalıdır. Nə qədər ki, bu problemlər həll edilməyib, əhali ilə hakimiyyət arasında münasibətlər gərgin olaraq qalacaq”.
N.Miri deyir ki, hakimiyyət bu problemləri həll etmək üçün zaman-zaman müəyyən addımlar atıb, amma hər dəfə başlanğıc nöqtəsinə qayıdıb: “Hakimiyyətdə məmurlar var ki, bu cür problemlərin qalmasında maraqlıdırlar. Çünki belə problemlər korrupsiya və rüşvətxorluq üçün çox yaxşı zəmin yaradır. Çoxsaylı baryerlər yaradıb xalqdan rüşvət alırlar, böyük pullar qazanırlar. Belə idarəetmə dəyişməli və bütün məsələlərin həlli hüquq çərçivəsində olmalıdır. Əhali ilə məmurların görüşü minimuma endirilməlidir”.
N.Miri elektron hakimiyyət layihəsinin işlək olmamasını da hakimiyyətdəki qrupların maraqlarına cavab verdiyini söylədi: “Xüsusilə strateji sahələr var ki, elektron hökümət layihəsinin icrasından tamamilə kənarda qalıblar. Həmin sahələrdə böyük pullar qazanılır. ASAN xidmət modelinin tətbiqi də bütün sahələrdə köklü dəyişikliklərə səbəb ola bilər. Bu yolla ölkədə illərlə inkişafın qarşısını alan, əhalinin normal yaşayışını əngəlləyən problemlərin qarşısını birdəfəlik həll etmək, əhalinin gəlirlərinin artmasını təmin etmək olar. Əks təqdirdə icra başçıları da döyüləcək, sabah nazirlərin və komitə sədrlərininin də başını yaracaqlar. Bu da cəmiyyətdə yeni qarşıdurmanın bünövrəsini qoya bilər. 2015-ci il Azərbaycan üçün yeni sistemə keçidin başlanğıcı olmalıdır”.
Politoloq deyir ki, hazırki vəziyyətdən mümkün qədər tez yaxa qurtarmaq, yeniliyi tətbiq etməkdən çəkinməmək lazımdır: “Məmurlar bunu istəmirlər. Çünki birbaşa ciblərinə ziyan olacaq. Onların ciblərinə axan milyonlar Azərbaycanın bütün dünyada biabır olunması hesabınadır. Çox yüksək səviyyədə göstəriş verilməli və modern idarəçilik üsuluna keçirilməlidir. Əhali bürokratik əngəllərdən azad edilməli, bununla da dövləti və milləti problemlərdən qurtarmaq vacibdir”.
N.Miri Azərbaycanda dəyişikliklərin inqilabla deyil, tədricən inkişafla başlanacağı ssenarisinin ölkə üçün ən ideal variant hesab edir: “Tədrici inkişafa əsaslanan islahatların Azərbaycanda aparılması arzuolunandır. Azərbaycanda Ukraynada baş verən qarşıdurmaların baş verməsi və günahsız insanların tələf olmasına ehtiyac yoxdur. Belə bir informasiya da var ki, ölkə rəhbərliyi tədrici inkişafa əsaslanan yeni sistemə keçidlə bağlı müəyyən qərarı verib. 2015-ci ildən bu istiqamətdə müvafiq addımlar atılacaq. Bu prosesin ləngiməsi ölkədə yeni qarşıdurma ocaqları yaradacaq”.
N.Miri iqtidarın müxalifətlə dialoqa qərar verməsini də atılacaq addımlara hazlırlıq olduğunu hesab edir.
E.MƏMMƏDƏLİYEV