Jurnalist türmədən məktub yazıb; onun müdafiəsi güclənir
Dekabrın 5-də həbs olunan araşdırmaçı-jurnalist Xədicə İsmayıl məhbəsdən Yeni il təbriki göndərib. Öz dostları və həmfikirlərinə ünvanladığı məktubda jurnalist onları tutduqları yoldan dönməməyə çağırır.
X.İsmayıl məktubunda aşağıdakıları yazıb: “Mənim əzizlərim, dostlar. İstintaq təcridində olsam da, fikirlərimi həbs edə bilməzlər, onlar sizinlədir. Təəssüf etdiyim yeganə məsələ varsa, o da sizə kömək etmək imkanından məhrum olmağımdır. Axı siz çox vacib bir iş görürsünüz - əzilən insanlara həyan durursunuz. Bütün məsləkdaşlarımızla birlikdə hamınızın Yeni ilini təbrik edirəm. Mən Yeni ili ədalət və həqiqətin qələbə çalacağına böyük ümidlərlə qarşılayıram. Bizim işimiz həqiqəti söyləməkdir, həbslər və təzyiqlər isə onun bir hissəsidir. Mənim həbsim bir daha sübut edir ki, can atdığımız dəyişikliklərin həyata keçməsinə nail olmalıyıq, elə bir reallıq əldə etməliyik ki, həqiqət həyat norması olsun, doğru danışmaq üçün qorxuya qalib gəlməyə ehtiyac qalmasın.
Siz yaxşı bilirsiniz ki, məni niyə həbs ediblər. Əsl səbəb korrupsiya hallarını üzə çıxarmağımdır. Zülmkar rejimin haqsızlıqlarına qarşı durmağın ən təsirli yolu da məhz onun korrupsiya cinayətlərinin araşdırılması, əzilən insanların hüquqlarının müdafiə olunması işini davam etdirməkdir. Bəli, bu iş bizə baha başa gəlir, amma onu görməyinə dəyər.
Nazim Hikmətin yazdığı kimi,
Düşməsin bizimlə yola:
evində ağlayanların
göz yaşlarını
boynunda ağır bir
zəncir
kimi daşıyanlar!
Möhkəm olun! İşimiz davam edir.
Yeni araşdırmalar, insan haqları və ədalətin müdafiəsi uğrunda yeni səylər, budur sizə Yeni il arzularım!
Xədicə İsmayıl.
Kürdəxanı təcridxanası
13 dekabr 2014"
***
Xədicə İsmayılı müdafiə edən həmkarları deyirlər ki, onu jurnalist fəaliyyətinə və ictimai mövqeyinə görə həbs ediblər. Meydan TV-yə danışan jurnalist Şahvələd Çobanoğlu da bu mövqeyi daşıyanlardandır.
O deyib ki, Xədicə İsmayıl yüksək vəzifəli məmurların gizli biznesi və korrupsiya əməlləri barədə araşdırmalarına görə qisas alınmaq üçün şərləndiyindən, barəsində saxta ittiham irəli sürülsə də, həbsi birmənalı olaraq siyasi motiv daşıdığından onun ictimai müdafiəsi digər siyasi məhbusların hüquqlarını müdafiə edən komitənin çərçivəsində aparılacaq.
Onun sözlərinə görə, həmin komitə hüquq müdafiəçisi Leyla Yunus həbs edildikdən sonra yaradılıb və bütün digər siyasi məhbusların hüquqlarını müdafiə edir. Komitənin həmsədrləri professor Cəmil Həsənli və tanınmış hüquqşünas Vidadi Mirkamaldır. Eyni zamanda Xədicə İsmayılın hüquqlarının müdafiə məsələlərini əlaqələndirmək üçün hazırda jurnalistlər Rövşən Hacıyev, Şahvələd Çobanoğlu, Əfqan Muxtarlı, Natiq Cavadlı, gənc fəal Ülvi Həsənlinin daxil olduğu işçi qrup da yaradılır.
Jurnalist İşçi Qrupa yeni üzvlərin qəbul ediləcəyini söyləyib.
İstintaq orqanlarında və məhkəmələrdə Xədicə İsmayılın hüquqi müdafiəsi ilə ilk gündən vəkil Elton Quliyev məşğul olur, 11 dekabr 2014-cü ildən isə vəkillər Yalçın İmanov və Fariz Namazlı da jurnalistin müdafiəsinə qoşulub. Son olaraq vəkil Yalçın İmanov həbsdə olan jurnalist Xədicə İsmayılla görüşüb. Y.İmanov bildirib ki, X.İsmayıl saxlanma şəraitindən narazı deyil: “Yüksək əhval-ruhiyyədədir. Hər kəsə salamları var. Dedi ki, məndən narahat olmasınlar. Onun müdafiəsində iştirak edən bütün dostlara təşəkkürünü çatdırmağımı istədi”.
Vəkil Yalçın İmanov bildirib ki, görüş normal keçsə də, görüşdən öncə və sonra təcridxanada bir sıra problemlə üzləşib: “Siyasi məsələlər ilə bağlı həbs olunan şəxslərin vəkillərinin üzərində əsassız yoxlamalar aparırlar - həm təcridxanaya girəndə, həm də çıxanda. Mənim də üzərimdə axtarış aparıb, bütün qeydlərə baxmaq istəsələr də, bundan imtina etdim. Əsassız yoxlamaya görə aramızda mübahisə yarandı”.
Dekabrın 5-də Səbail Rayon Məhkəməsi Xədicə İsmayıl barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsinə qərar verib. Jurnalistin həbsinə səbəb olan həmkarı, “Azadlıq” radiosunun əməkdaşı Tural Mustafayevin “cəbhə”sində isə sakitlikdir. T.Mustafayev facebookdakı son statusunda bundan sonra açıqlama verməyəcəyini söyləyib: “Müsahibələr, kommentlər və statuslar bu gündən bitdi!”
Amma ondan öncə “ürək sözlərini” paylaşıb: “Siz guya o qədər təmizsiniz ki, ətəyinizdə namaz qılmaq olar deyirsiz də??? Dünənə kimi üzdə gülüb, arxada bir-birini söyənlər birləşiblər. Sizdən bundan da artığını gözləmək olar. Hə, mənim hesabıma birləşdiniz, məni söyməyə. İndi ki, birləşmisiz YAP-i devirin görək, biz də görək ki, hürdüyünüz qədər də, tutağansız!!!”