İldə bir gün... gəlməlisən, gəlməli...

15-12-2014, 08:50   
İldə bir gün... gəlməlisən, gəlməli...

Rövşən Bağırov sahibkar ona aylıq “hesab” vermədiyi üçün mülkiyyətini sökdürüb
Lerikin icra başçısı Rövşən Bağırov rayonda sahibkarları boğaza yığıb. İş adamları icra başçısının əlindən cana doyublar. Buna səbəb R.Bağırovun sahibkarlara qənim kəsilməsi, onlardan xərac tələbi, aylıq “haqq” istəməsidir.

İcra başçısı iş adamlarını tək-tək yanına çağırıb aylıq tələb edir. R.Bağırovla razılaşmayan sahibkarın işinə ya süni maneə yaradılır, ya da obyekti sökülür. Belə ki, icra başçısı onunla hesablaşmayan müəssisə sahiblərinə qarşı “orijinal” variant işlədir.
Hansı sahibkar xərac verməkdən imtina edirsə, obyektin qarşısında eks-prezident Heydər Əliyevin portretini qoydurur, daha sonra mağazanın görüntüyə xələl gətirdiyini bəhanə edib yerlə-yeksan etdirir.

Bu problemlə üzləşən sahibkarlardan biri - Elman Məmmədov “Yeni Müsavat” üz tutub. E.Məmmədov R.Bağırova aylıq vermədiyinə görə obyekti uçurulub, sahibkar da icra başçısını məhkəməyə verib.

nın sözlərinə görə, 1999-cu ildən 2004-cü ilədək Lənkəran neft məhsulları təminatı müəssisəsinin Lerik Neft anbarında operator işləyib. 2006-cı ildə neft anbarının özəlləşdirilməsi üçün müvafiq sənədləri Dövlət Əmlak Komitəsinə təqdim edib.
2007-ci ildə neft anbarı E.Məmmədov tərəfindən özəlləşdirilib. Sahibkar 7,4 kvadratmetr neft anbarı üçün 2450 manat ödəyərək yeri satın alıb, Əmlak Komitəsi verdiyi şəhadətnamədə bunu təsdiqləyib. E.Məmmədov qeyd edir ki, bir müddət fəaliyyət göstərə bilib. Ancaq elə ki, neft anbarında yenidənqurma işləri aparmağa başlayıb, Lerikin icra başçısı tərəfindən təzyiqlərlə üzləşib.

“Bu neft anbarının Lerikin girəcəyində inşa edilməsi, arxitektura qaydalarına uyğun olmadığı, başqa bir yerə köçürülməsinin zəruriliyi qeyd edildi. Yeni neft anbarı tikməyə imkan vermədilər. Mənə 2007-ci ildən 2010-cu ilə qədər abadlıq işləri aparmağa mane oldular.

Çünki icra başçısı hər ay ona “haqq” verməyimi istəyirdi. Mən də bir sahibkar kimi vergi ödəyicisi olduğumu diqqətə çatdırıb, heç bir qeyri-rəsmi ödəniş etməyəcəyimi söylədim. O gündən Rövşən Bağırov işləməyə imkan vermir.

Açıq şəkildə bəyan edir ki, mənim aylığımı ver, işlə. Mən dövlətə vergi ödəyirəm və icra başçısına aylıq vermək hansı qanunda yazılıb? Ancaq icra başçısının öz yazılmamış qanunları var. Odur ki, bu təzyiqlərdən və maneələrdən sonra mülkiyyətimdən istifadəyə sərbəst imkan yaradılması iddiası ilə məhkəməyə müraciət etdim"deyə, E.Məmmədov qeyd edir.

Lerik Rayon Məhkəməsi 2010-cu ilin martında sahibkarın iddiasını təmin edir və iş adamının rayonun N.Nərimanov küçəsində yerləşən neft anbarında öz mülkiyyətindən sərbəst istifadəsi barədə qətnamə çıxarır. Ancaq bu qətnamədən sonra E.Məmmədova təzyiqlər kəskinləşib. O, 2010-cu ilin sentyabrında tikinti materialları alıb yenidənqurma işləri aparmağa başlayıb, amma polis əməkdaşları əraziyə gələrək işi dayandırmağı tələb edib.

Sahibkarın sözlərinə görə, rayon polis rəisi məhkəmə qətnaməsinə məhəl qoymayıb, yerə tullayıb və onu şöbəyə dəvət edib: “Məni polisdə 7 saatdan çox saxladılar. Bu müddətdə rəisin tapşırığı ilə aldığım bütün tikinti materialları yararsız hala salındı, 2800 manat ziyana düşdüm. Bununla bağlı da polisi məhkəməyə vermişəm, amma işə baxılmayıb. Nəhayət, 2010-cu ilin oktyabrında mənim qardaşımla birlikdə Bakıda olmağımdan sui-istifadə edən icra başçısı obyektimi sökdürdü. Rövşən Bağırovun müavini Cəlil Baxşıyev, Kommunal Təsərrüfat Birliyinin direktoru Mübariz Quliyev, polis əməkdaşları və fəhlələrin iştirakı ilə obyekt dağıdıldı.

Məhkəmə qərarı olmadan qanunsuz şəkildə mülkiyyətim söküldü. Nəinki qeyri-yaşayış binası, altındakı torpaq da mülkiyyətimdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşı İslam Ələkbərovun da buna dair ekspertiza rəyi var ki, torpaq sahəsi mülkiyyətimdir".

Sahibkar icra başçısının ona vurduğu 56 min manat ziyanı təzminat olaraq tələb edir. E.Məmmədov bildirir ki, mülkiyyətinin sökülməsi icra başçısının göstərişini icra edən şəhər icra nümayəndəsi Atamalı Nəcəfov və bələdiyyə sədri Hüseynağa Şahıyevin müraciətləri əsasında dağıdılıb. Çox qəribədir ki, bu mülkün məhkəmə qərarı olmadan qanunsuz sökülməsi aktlaşdırılıb.

Aktı təsdiq edən komissiya üzvləri tikilinin söküntüsünü belə izah ediblər: “Qanunsuz tikili avtomobil yolunun təhkim zonasında olmasına, nəqliyyatın hərəkətinə mane yaratdığına, ulu öndər Heydər Əliyevin plakatının qarşısını aldığına və şəhərin memarlıq-estetik görünüşünə xələl gətirdiyinə görə sökülüb”.

Sahibkar qeyd edir ki, hazırda iş Lerik məhkəməsindədir. O, sona qədər hüquqi müstəvidə haqqını tələb edəcəyini söyləyir: “Mənə dəymiş 56 min manat zərər kompensasiya olaraq ödənilməlidir. İcra başçısı ona aylıq hesab vermədiyimə görə bu addımı atıb. Mən bu işi belə qoymayacam və əgər Azərbaycanda hüquqlarım bərpa olunmasa, Avropa Məhkəməsinə müraciət edəcəm”.

Qarşı tərəfin də mövqeyini çap etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.