13 dekabr 2014-cü il tarixdə Nərimanov rayonunda Milli Qəhrəman Əliyar Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Əliyar Əliyevin döyüş yoldaşları, doğmaları və veteranlar iştirak edib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova Prezident cənab İlham Əliyevin Vətən uğrunda şəhid olanların ailələrinin və müharibə veteranlarının yaşayış şəraitlərinin yaxşılaşdırılmasını və sosial problemlərinin həllini daim diqqət mərkəzində saxladığı və onları qayğı ilə əhatə etdiyini qeyd edib. İ.Mahmudova vurğulayıb ki, məhz Nərimanov rayonunun küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin adını daşıyır və ailəsi hal hazırda rayon sakinləridir.
Daha sonra çıxış edən O.Səmədov və Əliyar Əliyevin döyüş yoldaşları öz xatirələri ilə bölüşərək, Vətənin igid oğlunun həyat yolundan və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışdılar.
Əliyar Əliyevin ailə üzvləri Dövlətin onlara və şəhid olmuş ailə başçısının xatirəsinə göstərilən qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.