Ziya Məmmədov Göyçayda özünə vertolyot meydançası tikdirir

20-12-2014, 12:20   
Ziya Məmmədov Göyçayda özünə vertolyot meydançası tikdirir
Ziya Məmmədov Göyçayda özünə vertolyot meydançası tikdirir
Rayon Məmmədovların əsarətində çabalayır; Göyçayda Rəsul Rzanın evi olan küçənin yolları Suriyanı xatırladır, nazirin qohumu olan Mənsur Məmmədov rayona başçılıq etməsinin 7-ci ildönümündə camaatı problemlərlə baş-başa qoyub
Dekabrın 14-də nəqliyyat naziri Ziya Məmmədovun qohumu Mansur Məmmədovun Göyçaya icra başçısı təyinatının 7 ili tamam oldu. M.Məmmədov rayona başçılıq etdiyi bu 7 ildə yalnız torpaqları qarış-qarış satmaqla, sahibkarlardan xərac yığmaqla, özünə və ətrafına mal-mülk əldə etməsi ilə yadda qalıb.



Əvəzində yerli əhali problemlərlə üz-üzə qoyulub. İcra başçısının başı alqı - satqı işlərinə elə qarışıb ki, rayon camaatını narahat edən məsələlər yadına düşmür. Hətta iş o yerə çatıb ki, yazıçı Anarın ata evi yerləşən küçəyə belə bir maşın asfalt tökmürlər. Göyçayın Nigar Rəfibəyli küçəsində yaşayan sakinlər bərbad yol problemindən artıq cana doyublar. Yerli sakinlərin sözlərinə görə, M.Məmmədovun Göyçayda obyekt satmaqdan başı ayılsa, camaatın dərdi ilə maraqlanar. İndi bu küçədən nə piyadalar, nə nəqliyyat hərəkət edə bilir.
Rayonda yolların çala-çuxur, darmadağın vəziyyətdə olmasına biganəlik əhalini hər gün eyni məşəqqəti yaşamağa məhkum edib. Sakinlər bizimlə söhbətində qeyd edirlər ki, küçə başdan-başa palçıq içindədir, gölməçələr yaranıb və cavabdeh qurumlar bir maşın asfalt tökmək istəmirlər. Onların sözlərinə görə, yazıçı Anarın anası Nigar Rəfibəylinin adını daşıyan küçədə, atası, Xalq şairi Rəsul Rzanın öz evi yerləşir. Şairin bu evinin qarşısında böyük bir gölməçə yaranıb.

“Yaxşı, bizi fikirləşmirlər, başa düşdük, icra başçısını xalqdan çox, öz cibi maraqlandırır. Heç olmasa biri kimsə icra hakiminə izah etsin ki, böyük şairə qarşı belə hörmətsizlik olmaz. Ola bilsin ki, Anar müəllim bura gəlib-getmir, başı qarışıqdır, yoxsa atasının evinin qabağında yolun bərbad vəziyyətdə olduğunu görərdi. Ancaq biz dəvət edirik ki, bir dəfə gəlib maraqlansın və məsələni yuxarılara çatdırsın. Bizdən çox, onu narahat etməlidir. Anar müəllimin ata evinin qabağı gölməçəyə çevrilib, addım atmaq olmur. Biz hər yay-qış əziyyət çəkirik. Qışda yağış yerə dəyən kimi ümumiyyətlə, yol keçilməz olur. Nigar Rəfibəylinin adını daşıyan küçədə yol belə olmamalıdır, Rəsul Rzanın evinin qarşısı bu günə düşməməlidir, ” - deyə şikayətçilər qeyd edirlər: “Onların sözlərinə görə, Yazıçılar Birliyinin sədri rayon icra hakimiyyətinə rəsmi məktub göndərə bilər: ”Məktubla yazıb xahiş etsin ki, bu küçənin yollarına əl gəzdirsinlər. Bura Göyçayın kənarı deyil ki. Hamı bu yoldan keçib gedir. Bəs, prezidentin ayırdığı pullar nəyə sərf olunur ki, ara yollar hələ də bərbad vəziyyətdədir? Amma bu dəqiqə əlimdə 20 min manat götürüb gedim icra hakimiyyətinə, deyim filan yerdə obyekt tikmək istəyirəm, o saat düzələr. Biz çox xahiş edirik ki, qəzet vasitəsi ilə Anar müəllim bu məsələdən xəbər tutub nüfuzundan istifadə edərək köməklik göstərsin. Hər halda biz nə pul istəmirik, nə iş, nə şəxsi mənfəət üçün bir şey... Sadəcə, yollarımız düzəlsin".

Rayonda torpaqların qarış-qarış satılmasından danışan göyçaylılar deyirlər ki, Statistika İdarəsinin yeri satılıb və şərab evi açılıb, internat məktəbinin ərazisinin bir hissəsi peşkəş olunub, massivdə yeni evlər tikilib, keçmiş prezident Heydər Əliyevin portreti götürülüb, ərazi satılaraq ticarət mərkəzi fəaliyyətə başlayıb.

Göyçaylılar gileylənirlər ki, artıq rayonda boş yer qoymayıblar. Əlavə olaraq, Heydər Əliyev mərkəzini söküb Tarixi Diyarşünaslıq Muzeyi tikilib, H.Əliyev üçün yeni mərkəz inşa olunub, gənclər mərkəzinin binasının tikintisi isə uzun müddətdir davam edir.

Bu işlərin həyata keçirilməsində külli-miqdarda vəsaitin mənimsənildiyini iddia edən sakinlər qeyd edirlər ki, icra başçısı bu vəsaitləri ara yolların bərpasına, iş yerlərinin açılışına xərcləsəydi pis olmazdı. Sakinlər onu da bildirirlər ki, obyektlərdən qeyri-rəsmi pul yığılması açıq şəkildə həyata keçirilir.

Sahibkarların gününü “göy əskiyə bükən” rayon rəhbərliyi bu gəlirlər hesabına özünə imarətlər tikdirir. Təkcə, özü yox, Göyçayın kuratoru Ziya Məmmədov, deputat Elton Məmmədov və başqaları malikanələr saldırır. Məmmədovların uzun illərdir ki, sahibləndiyi bu bölgə onların şəxsi “respublikasına” çevrilib. Məsələn, hazırda Potu-Hüngütlü ərazisində Z.Məmmədov hektarlarla ərazini hasarlayıb. Ucu-bucağı görünməyən sahə getdikcə qurtarmır. Geniş bir massivi çəpərləyən nəqliyyat naziri burada özünə vertolyot meydançası tikdirir, villalar inşa edir. Əraziyə giriş qeyri-mümkündür. Hündür hasarlarla əhatələnmiş böyük sahə nəzarətdədir. Və bütün bunlardan xəbərdar olan Göyçay camaatı danışır ki, Məmmədovlar ailəsi öz biznesini inkişaf etdirir, problemlər isə aşıb-daşır.

Sakinlərin sözlərinə görə, icra başçısı təkcə 7 ili geridə qoymayıb, bu 7 ildə problemləri də qabağa çəkib...

Ziya Məmmədovun villa inşa etdirdiyi ərazidə - Potuda həyata keçirdiyi ağlasığmaz bir iş isə bir neçə kəndin su altında qalmasına səbəb ola bilər. Belə ki, Şirvan kanalının Potu kəndindən keçən ərazisində axın istiqaməti dəyişdirilib. Buna səbəb odur ki, rayon camaatı Ziya Məmmədovun evinin qarşısından keçib, oradan 500 metr qarşıda “kanalın döngəsi” deyilən yerdə balıq tutmasının qarşısını almaq istəyib. Bura istirahətə, balıq tutmağa gələn olmasın deyə, kanalın axın istiqamətini dəyişdirib. Bu üzdən kanalın hər an daşması və Hüngütlü, Mallı-Şıxlı, Şəhadət kəndləri tamamilə su altında qalıb məhv ola bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.