Peşmərgə qüvvələri İŞİD nəzarətində olan Mosulun Sincar mahalını azad edib.
Axar.az Anadolu agentliyinə istinadən xəbər verir ki, üç gün davam edən şiddətli döyüşlərdən sonra terrorçular Sincardan geri çəkilməyə məcbur olub.
Hazırda davam edən küçə döyüşlərində onlarla terrorçu məhv edilib.
Peşmərgə komandirlərindən Sefin Sincarın verdiyi məlumata görə, mahalın azad olunmasında koalisiya qüvvələri də havadan dəstək verib: “Çoxlu sayda terrorçu Mosula geri çəkilib. Geri çəkilməyən terrorçular isə mübarizəni davam etdirir. Əlavə peşmərgə qüvvələri gələrsə, İŞİD-I tamamilə məğlub edə bilərik”.
Xatırladaq ki, əhalisinin əksər hissəsi yezidilərdən ibarət olan Sincar mahalı avqustun 3-dən İŞİD-in nəzarətində idi. İşğal zamanı 30 min yezidi Sincar Dağına sığınmışdı. Bundan sonra yurdundan ayrı düşən 20 min yezidi təhlükəsiz dəhlizin açılmasından sonra YPG qüvvələrinin nəzarəti altında İraqın Duhok əyalətinə aparılmışdı. Hazırda daha 10 min yezidinin Sincar Dağında çarəsiz vəziyyətdə qaldığı bildirilir.