“Facebook”da söyüş neçəyə başa gəlir?

21-12-2014, 10:41   
“Facebook”da söyüş neçəyə başa gəlir?
Son günlər Azərbaycanda sosial şəbəkə istifadəçilərinin bir- birini təhqir etməsi hadisəsi adi hala çevrilib. Qeyd edək ki, bu təhqirlər çox vaxt statuslarla, bəzən isə karikaturaların, fotoların dili ilə edilir. Xüsusilə 1 milyarddan çox istifadəçisi olan facebook sosial şəbəkəsinin istifadəçiləri belə vəziyyətlə tez-tez qarşılaşır. İstifadəçilər facebooku azad məkan hesab edərək istənilən qədər təhqirə yol verirlər.

Facebookda təhqir edilənlər arasında ictimai-siyasi xadimlərdən tutmuş, adi istifadəçilərə qədər var. Bu vəziyyət istifadəçilər üçün heç də müsbət məqam hesab edilə bilməz. Çünki sosial şəbəkə elə bir məkandır ki, orada nə ilə məşğul olduğunu özündən başqa, dostlarının da izləmək şansı var. Əgər istənilən bu kimi hallarda cəza elementi tətbiq edilmirsə, istifadəçilər özlərini daha da müstəqil hesab edirlər. Bəzən səni təhqir edənin kimliyini belə, saxta profillər səbəbindən aydınlaşdıra bilmirsən. Məsələnin digər tərəfi ağrılı tərəfi ondan ibarətdir ki, əgər xaricdə yaşayan biri səni təhqir edirsə, o zaman daha da çıxılmaz vəziyyətə düşürsən.

Məsələn, Almaniyada yaşayan biri Azərbaycanda yaşayan həmyerlisini heç bir məsuliyyət hiss etmədən rahatca təhqir edə bilir. Düzdür, Azərbaycanda internet media da KİV hesab edilsə və qanunla nizamlansa da, belə olan hallarda onu tətbiq etmək çətinləşir. Çünki bir ölkənin qanunu xaricdə yaşayan vətəndaşı cəzalandırmağa imkan vermir.

Ölkə daxilində isə facebookda təhqirli statusa, yanlış informasiyaya yol verilməsi hallarına görə hüquqi məsuliyyətə cəlb olunmanın nümunələri elə də çox deyil. Sadəcə bu məqamda bir nümunəni xatırlamaq olar.

Access bankın “Lənkəran” filialında çalışmış Mikayıl Talıbov işdən azad edildikdən sonra facebookda bank haqqında yanlış ifadələrə yol vermişdi. Bundan sonra bank keçmiş əməkdaşını məhkəməyə vermişdi. Beləliklə də, Astara rayon məhkəməsinin 30.07.2013-cü il tarixli hökmünə əsasən AccessBankın “Lənkəran” filialının keçmiş əməkdaşı Mikayıl Talıbov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə (АссеssBank-ın ünvanına söylədiyi böhtana görə) təqsirli bilinib və onun haqqında 1 il müddətində islahedici əmək qismində cəza çıxarılıb. Eyni zamanda məhkəmənin hökmünə əsasən Mikayıl Talıbov Facebook sosial şəbəkəsində АссеssBank-ın ünvanına söylədiyi yalnış informasiyaları təkzib etməlidir.



Bir daha xatırladaq ki, “Kütləvi informasiya vasitələri haqqında” qanunun 3-cü maddəsinə görə, internetdə yayılan şəxsin şərəf və ləyaqətini təhqir edən, şəxsi həyatına toxunan məlumatlar da hüquqi məsuliyyət yaradır. Sözügedən qanunda bu məsələ KİV-dən sui-istifadəyə görə yaranan məsuliyyətlə eynidir. Əgər məlumatda qəsdən olmayan təhqir elementi varsa, Mülki Məcəllənin 23-cü maddəsinə görə, həmin şəxsə qarşı kompensasiya tələb edilə bilər. Əgər təhqir qəsdən törədilibsə, o zaman Cinayət Məcəlləsinin 148, böhtan varsa, CM-nin 147-ci maddəsi ilə cinayət işi açıla bilər. Başqa bir ölkədə yaşayıb Azərbaycandakı şəxsi təhqir edirsənsə və sənin yaşadığın ölkənin qanunlarında bu söz azadlığıdırsa, onda sənə qarşı cinayət işi qaldırıla bilməz.

Qanundan da göründüyü kimi, səni təhqir edən şəxs ölkə vətəndaşıdırsa, onu cinayət məsuliyyətinə cəlb etmək imkanına sahibsən. Xarici ölkədə yaşayan vətəndaşlara gəlincə isə, bu demək olar ki mümkün deyil.

Ümumiyyətlə isə, facebookda istifadəçilər bir ingilisin, bir almanın və yaxud amerikalının Azərbaycan vətəndaşını bilərəkdən təhqir etməsinə hadisəsinə az hallarda rast gəlirlər. Adətən ölkədən xaricə mühacirətə gedən və ya hansısa ölkədə yaşayan şəxs buradakı həmyerlisini təhqir etməsi hallarına rast gəlinir. Xüsusilə də, cəmiyyətdə ictimai-siyasi mövqeyi ilə tanınanlar istədikləri təhqiri edirlər. İstifadəçilər dəfələrlə müxtəlif partiya üzvlərinin bir-birini təhqir etməsinin şahidi olurlar. Bunun misalları “n” qədərdir. Elə son günlər yenə də müsavatçılarla, AXCP-çilər arasında olan savaşın təhqir elementləri ilə rastlaşırıq. Hətta bu günlərdə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da xaricdə yaşayan AXCP sədri Əli Kərimlinin qohumu tərəfindən ən ağır formada təhqir olunmuşdu.

“Qafqazinfo” bu kimi məsələlərlə bağlı tanınmış media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin mövqeyini öyrənib. Ə. Məmmədli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə təhqirlərə görə ən yaxşı cəza mülki məsulliyyətə cəlb olunmadır: “Bizdə böhtana və təhqirə görə CM-də müddəa var. Böhtan və təhqir qəsdən baş verirsə, bu zaman CM-nin 147 və 148-ci maddələri tətbiq olunur. Amma hər hansı formada şəxsiyyətin şərəf və ləyaqətini alçaldan ifadələrə yol verilibsə və bu qəsdən deyilsə, bu zaman Mülki Məcəllənin 73- cü maddəsi tətbiq oluna bilər. Faktiki olaraq sosial şəbəkələr üzərindən başqa ölkədən Azərbaycan vətəndaşının şərəf və ləyaqətinə aşağılayan böhtan və təhqirə yol verilirsə, bu qəsdən olsa belə, o zaman həmin ölkədə Cinayət Məcəlləsində cəza nəzərdə tutulmasa belə, Mülki Məcəllədə nəzərdə tutulur. İnkişaf etmiş hüquq sistemini mənimsəyən ölkələrdə də şərəf və ləyaqət qanunla qorunur. Burada qanunla qorunma dedikdə şəxsin həbsə atılmasından yox, cərimə olunmasından söhbət gedir. Bu baxımdan da Azərbaycanda kimsə xarici şəxs tərəfindən şərəf və ləyaqətini alçaldan təhqirə məruz qalırsa, o zaman həmin şəxsdən maddi və mənəvi kompensasiya tələb edə bilər. Sadəcə onun həbsi mümkün olmayacaq. Bu baxımdan biz “Diffamasiya haqqında” qanunun qəbul edilməsini ona görə müzakirə edirdik ki, ölkələr arasındakə fərq aradan qalxsın və vahid sistem tətbiq olunsun. Bizim dörd tərəfimizdəki ölkələrdə bu qanun qəbul olunub. Amma biz qanuna əlavə etmişik ki, internet üzərindən həyata keçirilən təhqirlər də cinayət məsuliyyəti yaradır. Virtual aləm çox genişdir. Biz yalnız qanunu ölkədə olan vətəndaşlara tətbiq edə bilirik”.



Azərbaycan vətəndaşı sosial şəbəkə üzərindən təhqir edildiyinə dair hər hansı xarici vətəndaşı məhkəməyə verməsi faktı varmı sualına isə, ekspert belə cavab verib:

“Faktiki olaraq mən Azərbaycan vətəndaşının hər hansı xarici ölkənin vətəndaşını mülki məsuliyyətə cəlb etməsi ilə bağlı mübahisə belə eşitməmişəm. Biz daha çox sosial şəbəkələr üzərində azərbaycanılıların ölkə daxilində bir-biri ilə olan mübahisəsini görürük. Düzdür, azərbaycanlı bir oğlan Almaniya, Amerika, Türkiyədə də yaşaya bilər, bunun fərqi yoxdur.

Azərbaycanda bu məsələlər 2010- cu ilə qədər daha geniş vüsət almışdı. O zaman prezident prosesin işləməməsinə yönəlik moratorium da tətbiq etdi. Xüsusilə 2010- cu ildə Eynulla Fətullayevin Azərbaycana qarşı işindən sonra prezident belə bir açıqlama vermişdi ki, Azərbaycan məhkəmələrində böhtan və təhqirə görə həbs cəzalarının olmamasına çalışır. Amma sosial şəbəkə üzərindən bir bankın şərəf və ləyaqətinin alçaladılmasına görə bir məhkəmə işi olmuşdu. Bu istiqamətdə bir neçə iş, məsuliyyətə cəlb olunma halları var. Azərbaycanda bu qanun 2013- cü ildə təzədən sıxlaşdırıldı. Baxmayaraq ki , 2012- ci ildə “Diffamasiya haqqında” qanunun qəbul olunması ilə bağlı İnsan hüquqlarına dair Milli Fəaliyyət Planında prezident göstəriş vermişdi ki, 2013- cü ilin sonuna kimi qanun qəbul olunsun. “Diffamasiya haqqında” qanun qəbul olunmadığına görə, 2013- cü ildə internet mediasında böhtan və təhqirə görə məsuliyyətə cəlb olunması qanunvericiliyə salındı. İndi beynəlxalq hüquq sistemində ifadəyə görə cinayət məsuliyyəti olmaması çox böyük problem yaradır. Çünki Avropa İnsan Haqları Məhkəməsi ifadəyə görə cinayət məsuliyyətinə cəlb olunmasından imtina olunması zəruriliyini bir neçə qərarında qeyd edib. Bu həm Ağazadə, həm də Rövşən Mahmudovun Azərbaycana qarşı işində, həm də 2010- cu ildə Eynulla Fətullayevin Azərbaycana qarşı işində aydın şəkildə qeyd olunub ki, ifadəyə görə həbs demokratiok cəmiyyətdə zərurilik prinsipini aşmaqdır. Bu baxımdan məsələnin qanunvericilikdə saxlanılması daha sonra tətbiq olunduğu zaman Avropa Məhkəməsi qarşısında məhkum olunmağa gətirib çıxarır. Hesab edirəm ki, bu məsələdə mülki məsuliyyət yetərli olmaldır. Mülki məsuliuyətin cəriməsi də balanslı şəkildə olmalıdır. Məsələn, jurnalist Aqil Ələsgərin 2,5 milyon cərimə edilməsi nəzərdə tutulub, amma bu belə olmamılıdır”. Qafqazinfo
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.