Hafiz Məmmədov təcili bəyanat verdi: “Onlar buna görə cəzalarını alacaqlar…”

21-12-2014, 12:14   
Hafiz Məmmədov təcili bəyanat verdi: “Onlar buna görə cəzalarını alacaqlar…”
“Son günlər Fransa, ardınca bəzi Azərbaycan KİV-lərində mənim majoritar səhmdarı olduğum “Lans”futbol klubunun maliyyə problemlərinə dair bəzi məlumatlar yayılmaqdadır. Bu KİV-lər xəbər verir ki, klubun büdcəsinin formalaşdırılması və oyunçu transferi üçün 2.5 milyon avronu mənim adımdan borc qismində başqa investor köçürüb. İddia olunur ki, əgər mən həmin borcu qaytarmasam yanvarın 1-dən etibarən klubun sahibi həmin investor olacaq” - “Baghlan Group” holdinqinin prezidenti, “Lans” klubunun səhmlərinin üçdə ikisinin mülkiyyətçisi Hafiz Məmmədovun təcili bəyanatında belə deyilir.

Bəyanat haqqin.az və virtualaz.org saytlarının redaksiyasına göndərilib.

Bəyanatda daha sonra deyilir: “Rəsmən bəyan edirəm ki, mənimlə həmin investor arasında “Lans”ın büdcəsinə 2.5 milyon avro vəsaitin köçürülməsinə dair heç bir razılaşma mövcud deyil. Mən bu cür müqavilə imzalamamışam və klubun səhmlərinin mənim mülkiyyətimdə olan hissəsinin başqa investorun mülkiyyətinə keçməsini nəzərdə tutan heç bir qanuni razılaşma mövcud deyil”.

Azərbaycanlı oliqarx həmçinin şirkətinin müflis olduğu haqda deyilənlərə aydınlıq gətirib. “Hafka” bunları bildirir: “Mənim şirkətimin müflis olduğu haqda bütün deyilənlər tamamilə əsassızdır, uydurmadır. Söhbət ancaq pul vəsaitlərinin likvidliyinin çatışmamazlığından gedir və bunun nəticəsində bir sıra layihələr üzrə maliyyə ödənişləri mənim tərəfimdən gecikdirilib. Bu isə öz növbəsində bir neçə il ərzində iri biznes layihələrinə yatırımlarla əlaqəlidir. Gözlənilməz vəziyyətlərdən irəli gələn mürəkkəbliklər var, ancaq heç bir defoltdan və müflis olmaqdan söhbət gedə bilməz. Bizim “Lans”ı maliyyələşdirmək üçün böyük imkanlarımız var. Və bizim fransız klubunun maliyyələşdirilməsini 100 il ərzində həyata keçirmək üçün sağlam ambisiyalarımız mövcuddur.

Azərbaycan-Fransa münasibətlərinin indiki səviyyəsini, həmçinin “Lans” klubunun tarixi əhəmiyyətini nəzərə alaraq biz ilk növbədə bu klubun maliyyə problemlərini həll etməyə çalışırıq. Təəsüf ki, ayrı-ayrı adamlar bizim üzləşdiyimiz çətinliklərdən öz şəxsi maraqları üçün istifadə etməyə çalışır və mən hər iki ölkə ictimaiyyətini əmin etmək istəyirəm ki, onlar buna görə öz cəzalarını alacaqlar”- deyə Hafiz Məmmədovun rəsmi bəyanatında bildirilir.

Xatırladaq ki, son günlər Fransa KİV-ləri “Lans” prezidenti Jerve Martel, H.Məmmədov və Anar Məmmədova bağlı “Point to Point” offşor şirkəti arasında bağlanmış müqavilədən yazır. Bildirilir ki, bu müqaviləyə əsasən H.Məmmədovun əvəzindən “Lans”a 2.5 milyon avronu A.Məmmədov ödəyib. Əgər həmin məbləğ qaytarılmasa klubun səhmləri A.Məmmədovun mülkiyyətinə keçəcək. Ancaq daha sonra Fransa mənbələrində belə məlumat yayıldı ki, H.Məmmədov həmin müqaviləyə imza atmadığını, oradakı imzanın saxta olduğunu bildirir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.