Vəfa Quluzadə “Yeni Müsavat”a elə sirlər açdı ki...

22-12-2014, 09:27   

Vəfa Quluzadə “Yeni Müsavat”a elə sirlər açdı ki...

Heç vaxt sovetlərə xəyanət etməmişəm”
Hələ 90-cı illərdə ABŞ Dövlət Departamentində onu “Qafqazın Kisenceri” adlandırıblar - dövlət müşaviri vəzifəsini tutduğu halda cəsarətlə “Rusiya dağılacaq” dediyi zamanlarda. Başqa ləqəbi də var. Amerikanlar ona “Amerika-Azərbaycan əlaqələrinin arxitektoru” ləqəbini qoyub. Yüksək çinli amerikalılardan biri isə etiraf edib ki, Dövlət Departamentində onun müsahibə və məqalələrinin toplusu hazırlanıb.

Belə ki, Azərbaycana gedən diplomatlar onu oxuyub Bakıya yol alırlar. Bizim də fəxarətlə “Azərbaycanın Bzejinskisi” adlandırdığımız politoloq Vəfa Quluzadədir həmsöhbətimiz. Ancaq bu dəfə ənənəvi mövzulardan kənara çıxdıq: nə Rusiyanın parçalanmasından, nə rus rublunun inflyasiyasından, nə şimal təhdidindən danışdıq. 21 dekabrda ömrünün 74 illiyini tamamlayan Vəfa müəllimlə bir az da qeyri-siyasi söhbət etmək istədik.

- Vəfa müəllim, 74 rəqəmi sizin üçün nə deməkdir?

- Mən rəqəmlərlə, mistka ilə məşğul olmuram. Mənim üçün bütün rəqəmlər sadəcə rəqəmdir. Dəfələrlə görmüşəm ki, bəziləri deyir “filan rəqəm xoşbəxt rəqəmdir”, ancaq əksinə olur. Rəqəmləri insanlar dünyada özlərini təyin etmək üçün icad ediblər. Amma Allah dünyanı belə yaradıb, ucsuz-bucaqsız, yalnız ona məlum... Bizim yer kürəsi kainatın bir hissəsidir. Biz insanlar isə elə bilirik ki, hər şey yalnız bizimlə əlaqədardır. Bu, belə deyil. Müsəlmanların əksəriyyəti "Allahu-Əkbər" ifadəsinin mənasını düzgün anlamır. Bəziləri elə başa düşür ki, bu, “Allah böyükdür” deməkdir. Amma elə deyil. Əkbər sözü üstünlük formasıdır. Bu, o deməkdir ki, Allah hər şeydən, biz nəyi təsəvvür ediriksə, ondan da qat-qat böyükdür. Bizim planet Allah tərəfindən yazılmış mükəmməl bir kitabdır, biz yalnız onun səhifələrini çeviririk. Eyni zamanda, biz nədənsə öz xüsusiyyətlərimizi Allaha sırımaq istəyirik. Bu, belə deyil. Çünki biz Allahı tanımırıq, bilmirik, bilə də bilmərik. Hər şeydən böyüyü bizim kimi kiçik nə cür dərk etsin? Biz Allahın məntiqini də heç cür başa düşə bilmərik.

- Siz şərqşünassınız, ancaq yəqin ki, Quranı dərk etməyə başlamağınızın konkret tarixçəsi var. Hər halda, sovet dövründə Quran oxumaq sadə məsələ deyildi...

- İnsanın həyatı Quranı dərk etməyə çatmaz. İnsan nə qədər inkişaf etmiş, bilikli, savadlı olsa, dünyada mövcud olan dinlərin tarixini, onların bir-biri ilə əlaqələrini bilsə, yenə də onun dərinlikləri gələcək nəsillər üçün açılacaq. Sovet dövründə Quran qadağan idi. Yalnız bəzi ailələrdə dədə-babadan qalmış saralmış Quran kitabları vardı. Bizim ailədə də var idi. O kitab mənim nənəmə məxsus idi. Nənəm Cavahir xanım namaz qılan, əqidəli adam idi. O kitab indiyə qədər məndə qalır. Baxmayaraq ki, nəsil repressiyalara uğradı, ancaq həmin Quran o qədər əziz oldu ki, nənəm həyatını girov qoymağa hazır idi ki, Quran məhv olmasın. Stalin dövründə evdə Quranın qalması çox təhlükəli idi. Mən xarici səfərlərə gedəndə ordan Quran kitablarını gətirmişəm. Ən axırıncı kitabları Səudiyyə Ərəbistanından gətirmişəm. Heydər Əliyev Səudiyyə Ərəbistanına ziyarətə gedəndə mən də onunlaydım və bizə nəfis Quran kitablarını bağışladılar. Amma ondan əvvəl mən birinci dəfə sovet dövründə Kərbəlaya getmişdim. Bir nümayəndə heyətinin tərkibində idim və müsəlman olduğuma görə hörmət eləyib məni Kərbəlaya gizlincə aparmışdılar. Ordan bir Quran gətirmişdim.

- Nənəniz Quranın kimdən qaldığını danışırdımı?

- O vaxt bu mövzularda danışmırdılar. Yalnız nənəm mənim qulağıma pıçıldayırdı. Quranın əsas ayələrini o, mənə öyrətmişdi, uşaqlıqdan əzbər bilirdim. Sonralar ərəb dilini öyrənəndən, şərqşünas olandan sonra ayələrin mənasını da başa düşdüm.

- Deməli, şərqşünas olmaq meyli sizdə nənənizdən gəlib?

- Mən belə deməzdim. Şərqşünaslığa meyl tamamilə təsadüfi olub. Amma Allah böyüklüyü ondan ibarətdir ki, biz təsadüf bildiyimiz şey əslində əvvəldən qərarlaşdırılmış məsələdir. Nənəmin anası və atası Qazaxıstanda sürgündəydi. Stalin öləndən sonra, deyəsən, 1955-ci ildə nənəm sürgündən qayıtdı, babamsa dünyasını dəyişmişdi.

- Belə demək olarmı ki, sizdə imperiyaya qarşı nifrət həm də ailənizin repressiyalara məruz qalmasından doğub?

“Heç vaxt sovetlərə xəyanət etməmişəm”


- Mənə edilən vəsiyyəti və nəsihəti ömrüm boyu daşımışam. Sözsüz ki, nənəm onun ata-anasını, bacı-qardaşlarını qıran rejimə qarşı münasibətini məndən gizlədə bilməzdi. Amma eyni zamanda, o bilmirdi ki, bu rejim qalasıdır, ya gedəsidir. Mənə deyirdi ki, sən bunlarla işləməyə məcbursan. Ona görə də daha keçib, işləməlisən. Sözün düz, mən də ürəyimdə, başımda nə olursa-olsun sovet vətəndaşı kimi bütün işlədiyim yerlərdə düz işləmişəm, təmiz işləmişəm və sovet hökumətinə sədaqətli olmuşam. Mən sovet diplomatı olmuşam, imkanlarım çox idi. Amma mənim aləmimdə dünyada ən pis məfhum xəyanət məfhumudur. Odur


ki, mən sovetlərə heç vaxt xəyanət etməmişəm. Yalnız 20 yanvardan sonra mən sovetlərdən üz döndərmişəm. Yəni xalqıma divan tutandan sonra. Əvvəldən bilirdim ki, bu, cinayətkar rejimdir, ancaq onunla barışmışdım. Dünyanın qabaqcıl ideologiyasının daşıyıcısı kimi təqdim edir, bu cür şeylərlə hamımızın beynini yuyurdular. Təbliğat bizi inandırırdı ki, sovet rejimi dünyada qabaqcıl rejimdir. Əslində sovet rejiminin müsbət tərəfləri çox idi. Eyni zamanda, Hitler rejiminin də müsbət tərəfləri az deyildi. Amma nə Hitler rejimi, nə də sovet rejiminə müsbət tərəflərlə bəraət qazandırmaq olmaz.
- Xalanız, xalq şairi Mirvarid Dilbazi ilə bağlı hansı xatirələriniz var?
- Mirvarid Dilbazi dağıdılmış bir nəslin işıqlı qığılcımı, gözəl şairə idi. Onun şeirlərini xalq sevirdi, musiqilər bəstələnir, rayonlarda, kəndlərdə oxunurdu. “Çoban Qara” şeiri çox populyar idi, mahnı yazılmışdı.

- Yadınızda qalıb?

- Gərək ki, belə idi:

“Vətən oğlu Çoban Qara,
Yay sürünü göy dağlara.
Nur saçır ay yamaclara..." Qırıq-qırıq yadımda qalıb. (Gülür)

-Özünüz necə, heç şeir yazıbsınızmı?

- Mən şeir yazmağı bacarıram, özü də bir neçə dildə. Amma sözsüz savadlı adam olduğuma görə bilirəm ki, şair nədir, təcrübəli, bilikli filoloq olmaq nədir. Hər filoloq şeir yazmağı bacarmalıdır, amma bu, o demək deyil ki, şairdir. Eyni zamanda, mən şeiri çox sevirəm. Rus klassiklərini çox sevirəm. Çünki yaşadığım ölkə, aldığım təhsil məsələsi var. Üstəlik də Rusiyanın Avropadan qaynaqlanan çox talantlı, çox yüksək səviyyəli ədəbiyyatı var. Mən rus ədəbiyyatını çox sevirəm. Hesab edirəm ki, şəxsiyyətimin formalaşmasında həmin klassiklərin böyük təsiri olub. Eyni zamanda, fransız, ingilis klassiklərini də sevirəm. Vaxtilə ingilislərdən ən çox sevdiyim Cek London olub. Fransızların da hamısını oxumuşam.
- Yazdığınız şeirlərdən bir parça desəniz əla olar...

- Yox, lazım deyil. (gülür) Bu, özünü reklam etməyə bənzərdi. Məsələn, Vladimir Putin piano çala bilmir. Amma Sankt-Peterburqda bir tədbirdə 5-6 not götürdü, göstərsin ki, piano çala bilir. Yaxud ingilis dilində iki misra oxudu. Yəni bununla demək istədi ki, ingilis dilində mahnı oxuya bilir. Mən pijonluğun əleyhinəyəm. (qəhqəhə çəkir)

- Azərbaycan musiqisini dinləyirsiniz?

- Hər bir azərbaycanlının qanı öz musiqisinə qaynamalıdır. Əgər qaynamırsa, o, axtarmalıdır ki, görəsən, onun damarlarında başqa hansı qan axır. Mən müstəqillik dövründə çox sevindim. Çünki bu dövrdə bizim musiqimiz də sovet dövrü ilə müqayisədə çox inkişaf etdi.

- Əksini deyənlər də var. Siz Azərbaycan efirini seyr edirsinizmi, yaxud şou aləmini izləyirsinizmi?

- Mən onu başa düşürəm. Özümüzü kənara qoyaq, mən böyük mədəniyyətə malik, nəhəng Rusiyanı götürürəm. Ruslar bilmirəm başa düşürlər, ya yox, artıq Amerika Rusiyanı tamamilə zəbt edib. Danışıq dilləri ingilis sözləri ilə dolub. Bu yaxınlarda o qədər gülmüşəm ki...Putin belə deyir: “Mı doljnı torgetirovat korrupsiyu”. Yəni biz korrupsiyaya target eləməliyik. “Target” “nişan” deməkdir, yəni vurmalıyıq. A bala, sən niyə ingilis dilindən istifadə edirsən? Rus dilində bunun qarşılığı yoxdurmu? Üstəlik, Rusiyanın kanallarına baxın, bütün şouları ingilis, amerikan şoulardır. Məşhur “Qolos” proqramına çıxan müğənnilərin hamısı ingiliscə oxuyur. Yeməkləri “Makdonalds, oxuduqları ingilis mahnılar, rep. Biz də balaca bir millətik, sözsüz ki, biz də ingilisləşir və amerikanlaşırıq.

- Şou əhlinə qulaq asırsınız?

- Nadir halda. Cavanlıqda bir az artıq qulaq asırdım, konsertə gedirdim. Yaşa dolandan sonra sputnik televiziyası ilə dünyanı izləyirəm.

- 74 yaşınızda nələr düşünürsünüz, zamanında seçiminiz doğrumu olub?

- Mən özüm heç bir şey seçməmişəm. Məni idarə edib bu yola yönəldiblər.

- Kimlər?

- Tale, Allah. Mən Moskvada aspiranturanı bitirəndən, elmlər namizədi olandan sonra düşündüm ki, ərəb dilini gözəl bildiyimə görə bir neçə ünvana sənədlərimi verim, xaricə gedim. Beləliklə, Sovet İttifaqı Teleqraf Agentliyinə, xariclə əlaqəli baş idarəyə və digərlərinə müraciət etdim. Yəni onlar məni qəbul etsəydi, jurnalist də ola bilərdim. Ancaq bu orqanların əksəriyyəti xüsusi xidmət orqanlarının “krışa”sıydı, mən onu bilmirdim. Tamamilə gözlənilmədən məni Sovet İttifaqı Xarici İşlər Nazirliyi işə dəvət etdi. Mənim heç ümidim də yox idi ki, belə bir işə götürülüm.


“Şeir yazmağı bacarıram, özü də bir neçə dildə”


- Çox məşhur simalarla, nəhəng adamlarla ünsiyyətiniz olub, birgə işləmisiniz...
- Bəli, məsələn, SSRİ-nin Nazirlər Sovetinin sədri Kasıginlə görüşmüşəm. Mən onu görkəmli insan və böyük şəxsiyyət sayıram. Siz təsəvvür edin, Misirdə müharibə gedəndə Kasıgin bu ölkəyə gəlmişdi. Mən onu Ənvər Sadatla görüşdə müşayiət etdim, tərcüməçilik etdim. Kasıgin bizim səfirlikdə gecələyib, səhər səfirlə səhər yeməyinə gedəndə soruşub ki, tərcüməyə kömək edən diplomat hardadır? Bundan sonra o, məni səfirliyə, səhər yeməyinə dəvət etdi, mehriban söhbətimiz oldu. Çox qəribə adam idi. Əgər sovetlər Kasıginin təklif etdiyi islahatları qəbul etsəydi, belə yıxılmazdı. Amma onda Amerika neftin qiymətlərini ərşə qaldırdı, Brejnevi inandırdılar ki, islahatlara vaxt itirməyə ehtiyac yoxdur.

- Moskvada qalsaydınız, daha yüksək post tuta bilərdiniz yəqin...

- Yox. Moskva məni XİN-də işə götürdü. Sonralar Moskvada qalıb işləsəydim indi Sovet İttifaqının səfiri kimi təqaüddə olardım. Çünki mənim getdiyim yol ona aparırdı.

- Doğum gününüzlə bağlı gözlədiyiniz təbrikləri aldınızmı, yoxsa vəzifədən sonra unudanların sayı artıb?

“Nənəm Quranın əsas ayələrini qulağıma pıçıldayırdı”


- Mən sizə bir epizod danışım. Məşhur fransız kino artisti Belmondodan müsahibə alıblar. Həmin vaxt onun da yaşı mənimki qədər idi. Dedi məni hamı unudub, heç kəs məni xatırlamır. Mənə gəldikdə isə, özünüz mətbuata baxanda görürsünüz ki, bizim cəmiyyətdə mənim fikirlərimə necə deyərlər, tələbat var. Amma bu, olmasaydı...Sözsüz ki, insan yaşlı çağında tənhalığa hazır olmalıdır. Özü də təkcə tənhalığa yox, hər şeyə. İnsan başa düşür ki, bu həyat başlayır və bitir. Hər bir insan həyatın bitməsini dərk etməli və tam soyuqqanlı şəkildə ona hazır olmalıdır. Mən heç bir şey gözləmirəm. Mənə Türkiyədən dostlar zəng etdilər, qəzetlərdən sizin kimi jurnalist dostlar, bir də tanış-biliş, qohum-əqrəba zəng edir. Bir epizod yadımdadır. Mən Mərkəzi Komitədə vəzifədə işləyəndə hər bayramda qalaq-qalaq təbrik məktubları alırdım. Katibəm onları mənə məruzə edə - edə mən onları açmadan yanımdakı zibil yeşiyinə atırdım. Çünki gərək məni bütün “raykom”lar təbrik etsin. Onların arasında dost-tanışdan məktub gələndə onu açırdım. Mən təbriklərə həmişə soyuqqanlı yanaşmışam. Amma Mərkəzi Komitənin katibi Daniyel Piriyeviç Quliyev vəzifəsindən getmişdi. Elə bu vaxt, Yeni il ərəfəsində rastlaşdıq, mehriban salamlaşdıq. Ağlamsınıb dedi ki, Yeni illə əlaqədar məni heç kim təbrik etmədi. Dedim Daniyel Piriyeviç, ürəyinizi sıxmayın, o vaxt təbriklər sizə gəlmirdi e, sizin stulunuza gəlirdi. (Ürəkdən gülür)

“Yeni Müsavat” qəzeti olaraq mətbuatın yaxın dostu olan dəyərli politoloq Vəfa Quluzadəni bir daha ürəkdən təbrik edir, uzun ömür və zamanında Azərbaycanın taleyi, Qarabağın gələcəyi ilə bağlı səsləndirdiyi proqnozlarının reallaşmasına şəxsən şahidlik etməsini arzulayırıq.

Elşad PAŞASOY
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.