Bakı Şəhər Baş Polis İdarəsinin rəis təyin olunandan bəri general Mirqafar Seyidovun kadr islahatları və tabeliyində olan qurumlarda sərt nizam-intizamın yaradılması üçün gördüyü tədbirlər davam edir. İndiyə qədər bu tədbirlər çərçivəsində xeyli sayda idarə rəisi işdən çıxarılıb, bəzilərinə töhmət verilib. Ən çox rezonans doğuran hadisə isə bir neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsində 9 vəzifəli şəxsin işdən çıxarılması olmuşdu.
Axar.az xəbər verir ki, M.Seyidovun Azərbaycan hüquq-mühafizə sistemində nadir hallarda rast gəlinən təğyiri-libas olması və paytaxtdakı polis bölmələrinə gedərək oradakı nizam-intizamı yoxlaması da ictimai rezonans doğurub. Məhz Mirqafar Seyidovun bu addımından sonra idarə və bölmələrdə nizam-intizam artırılaraq, gücləndirilmiş iş rejimi tətbiq olunub.
M.Seyidovun apardığı tədbirlər çərçivəsində dünən daha iki polis işdən qovulub. Bu barədə məlumatı Aznews.az yayıb.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin iki əməkdaşı - Rahib Quliyev və Sərhəd Rəsulov səhərə kimi xidmət aparmalı olduğu halda idarə etdikləri 10 YP 532 nömrəli avtomobili dayanacaqda saxlayaraq evlərinə gediblər.
Bu isə çox keçmədən Mirqafar Seyidovun gecə nəzarətçiləri tərəfindən aşkarlanaraq protokollaşdırılıb. General isə fakta dərhal reaksiya verib və səhlənkarlıq edən işçilər polis sıralarından qovulub.