Beyləqanın icra başçısına ağır ittiham

22-12-2014, 13:44   
Beyləqanın icra başçısına ağır ittiham
Vaqif Abdullayev Ali Baş Komandanın qəzəbindən qurtulacaqmı?

Tanınmış hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərovun Facebook səhifəsində diqqət çəkən status paylaşıb. Statusunu təqdim edirik:

"Bu gün Sizə çox maraqlı və olduqca parodoksal bir hadisə haqqında danışmaq istərdim. Hadisə o qədər maraqlı və maraqlı olduğu qədər qəribədir ki, aşağıda oxuyacaqlarınız ola bilsin ki, bəziləriniz üçün qəribə görünsün. Amma məni tanıyanlar bilirlər ki, özümə və sözümə hörmət edən şəxs kimi hər zaman FAKTLARLA danışıram və yazıram. Söhbət döyüş bölgəsində yerləşən rayonun icra başçısının faktiki sabotajından, təxribatından gedir. Özü də bu sabotaj, təxribat Müdafiə Nazirliyinin ən önəmli Hərbi Birləşmələrindən birinin şəxsi heyətinə qarşı yönəlmiş addım hesab oluna bilər. İnanıram ki, ölkə rəhbərliyi bu faktla bağlı ciddi araşdırma aparılması ilə bağlı müvafiq göstərişlər verəcək və son vaxtlar tutduğu vacib postda özünü doğrultmayan Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev haqqında sərt addımlar atacaqdır.

Bildiyiniz kimi, 2013-cü ilin oktyabr ayından müdafiə naziri postuna təyinat alan general-polkovnik Zakir Həsənovun ilk addımlarından biri əsgərlərin məişət-sosial məsələlərin həlli istiqamətində atdığı addımlar olub. Yəni, Silahlı Qüvvələrin əsgər və zabitlərinin, xüsusən də döyüş bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyətinin sanitar-gigiyenik, sosial qayğılarının ən yüksək səviyyədə həll olunması məsələsidir ki, bu günədək bu istiqamətdə çox böyük işlər görülüb və görülür. Həmən işlərdən biri də mülki təşkilatlarla bağlanmış müqavilələr əsasında hərbi hissələrin məişət işlərinin görülməsi, paltarların yuyulub-təmizlənməsi, qurudulması və sairə məsələlərdir. Neçə aylardır ki, Beyləqan rayonu ərazisində fəaliyyət göstərən və ən yüksək səviyyədə Beyləqan Hərbi Birləşməsinin bütün şəxsi heyətinin təmizlik işlərini həyata keçirən bir məişət kombinatı, nədənsə icra başçısı Vaqif Abdullayevin "maraq dairəsinə" düşüb. Əvvəllər də bir neçə dəfə kombinatın rəhbərliyinə təzyiq göstərmək, şəxsi maraqlarını təmin etmək üçün müxtəlif yollara əl atan icra başçısı son bir neçə gündə daha da irəliyə gedərək tabeliyində olan bəzi idarə rəhbərlərinə birbaşa təzyiq göstərərək onlardan kombinatın fəaliyyətini dayandırmaq üçün hərəkətə keçmələrini tələb etmişdir. Və çox maraqlıdır ki, Müdafiə Nazirliyinin daha çox ön xətdə yerləşən hərbi hissələrinin on minlərlə əsgər və zabitinin geyim və təmizlik işləri bir neçə günlüyə iflic vəziyyətinə salınmışdır. Yalnız, dekabrın 21-də bu özbaşınalığın və sabotajın bədəlini çox ciddi şəkildə ödəyəcəklərinin bəzi vəzifəli şəxslərə davamlı şəkildə başa saldıqdan sonra nəhayət ki, kombinatın fəaliyyəti bərpa edilmişdir. Amma bu bir neçə gün ərzində MN-nin Beyləqan Hərbi Birləşməsinin şəxsi heyətinin yaşadığı çətinliklərə görə, hesab edirəm ki, bu özbaşınalığa birbaşa göstəriş verən Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev ciddi şəkildə məsuliyyətə cəlb edilməlidir. Tam məsuliyyətimlə demək istərdim ki, ümumiyyətlə son vaxtlar Beyləqan rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı vətəndaşlardan çox böyük narazılıqlar, şikayətlər Prezident Adminstrasiyasına davamlı şəkildə daxil olmaqdadır. Onu da xatırladım ki, icra başçısı Vaqif Abdullayevlə sahibkar Tərlan Kamaloğlu arasındakı bu ilin əvvəllərində baş vermiş məlum münaqişə hələ də rayonda müzakirə edilir və az qala lətifələr danışılır. Xatırladım ki, rayon icra hakimiyyətinin yaxınlığındakı istirahət parkında baş vermiş həmin hadisə zamanı icra başçısı həmin parkda kafe və çayxanası olan iş adamına ərazinin abadlaşdırılması üçün bəzi maddi maraqlar irəli sürmüşdü. Ancaq iş adamı vəsaiti ödəməkdən imtina etmişdi. Bundan qəzəblənən Vaqif Abdullayev Kamal Tərlanoğlunu camaatın gözü qarşısında təhqiramiz söyüşlərlə təhqir etmişdi. Ailə üzvlərinə ünvanlanan söyüşləri həzm edə bilməyən Tərlan Kamaloğlu yerdən qaldırdığı kərpici icra başçısının üzünə vurmuşdu. Bunun ardınca iş adamı zərbənin təsirindən yerə yıxılan V.Abdullayevə qarşı fiziki güc tətbiq etmişdi. İstirahət parkında dincəlməyə gələn vətəndaşların səyi nəticəsində münaqişəyə son qoyulmuşdu. Sahibkar rayon polis şöbəsinə aparılsa da, icra başçısı bu məsələyə görə sahibkarın həbs edilməsini istəməmişdi. Nə üçün istəmədiyini isə, məncə xırdalamaq lazım deyil...


Bu yaxınlarda Beyləqan rayonuna səfərim zamanı icra başçısı ilə bağlı biri digərindən "zəngin olan xeyli xəbərlər" də eşitdim. Özü də, deyilənlər elə-belə adi məsələlər deyildi.

İnanmaq istərdim ki, etdiyi özbaşınalıqlara görə ən azından Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Hərbi Birləşmənin komandanlığına üzrxahlıq edəcək və şəxsi heyətə qarşı yol verdiyi sabotaja, təxribata görə Prezident Adminstrasiyası tərəfindən cəzalandırılacaqdır.

Sonda onu qeyd etmək istərdim ki, döyüş bölgələrində ölkə rəhbəri tərəfindən icra başçısı vəzifələrinə təyin edilən vəzifəli şəxslər unutmamalıdırlar ki, həmin adamlar Ali Baş Komandanın əsgər və zabitlərinə qarşı heç bir halda ən cüzi belə qanunsuzluqlara, özbaşınalıqlara yol verməyə haqları yoxdur. Əksinə, onlar bütün güclərini ona sərf etməlidirlər ki, Müdafiə Nazirliyinin düşmənlə üzbəüz duran əsgər və zabitlərinin bütün işlərinə yardımçı olsunlar. Çox təəssüflər olsun ki, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev haqqında bunu demək mümkün deyil..."
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.