Bakı oliqarxlarının böyük toqquşması başlayıb

23-12-2014, 11:32   
Bakı oliqarxlarının böyük toqquşması başlayıb
Hakimiyyət mənsubları arasında müşahidə edilən gərginlik artıq partlayış həddinə çatmaqdadır; hər kəs savaş baltasını çəkib...
Xəbər verdiyimiz kimi, nəqliyyat naziri Ziya Məmmədovla keçmiş şəriki “Bağlan Group”un sahibi Hafiz Məmmədovun (“Hafka”) münasibətləri düşmənçilik həddinədək pisləşib. Bu ilin yayında “Hafka” ilə Məmmədovlar klanı arasında əsl səbəbləri hələ də tam açıqlanmayan nifaq daha da gərginləşib və nazir oliqarxla olan bütün mal-mülk bağlantılarını kəsməli olub.

“Hafka”ya məxsus obyektlərə Məmmədovlar sahiblənməyə başlayıblar. Bu isə “Bağlan Group”un sahibini daha da qəzəbləndirib. İndi bütün ölkə Hafiz Məmmədovun Anar Məmmədova qarşı təhdid və qəzəb bəyanatından danışır.

Göründüyü kimi, artıq məmurlarımız açıq qarşıdurmaya başlayıblar. Nəzərə alsaq ki, ayrı - ayrı məmurlar kiçik silahlı dəstələrə malikdirlər, bunun nə ilə sonuclanacağını ehtimal etmək mümkündür. Bir sözlə, siyasi müstəvidə yeni mübarizə başlayıb və bu savaşda hər kəs öz adı ilə döyüşə atılır.

Əslində iqtidardaxili savaşın açıq müstəviyə keçəcəyi bəlli idi. Z. Məmmədovun və bənzərlərinin aqressivliyi bu döyüşü daha da şiddətli edir.

Azərbaycan hakimiyyətinə xarici və daxili təzyiqlərin artdığı bir zamanda, iqtidarın ən önəmli simalarının da savaş baltalarını havada yelləməsi, artıq savaşın kim-kimi məsəlinə çevrildiyinin göstəricisi kimi dəyərləndirilə bilər. Şübhə yoxdur ki, hakimiyyət binalarında oturan və bu savaşı dərinləşdirənlər bütün bu proseslərin mərkəzi iqtidarı laxlatdığını gözəl dərk edirlər. Lakin sağlam məntiq onu deməyə əsas verir ki, heç kəs əyləşdiyi ağacın budağını kəsmək istəməz. Deməli, hədəfdə daha böyük məqsədlər var. Ehtimal etmək olar ki, bu hədəf qarşıdan gələn parlament seçkiləridir. Vertikal sui-qəsdin həyata keçirildiyi də ehtimal oluna bilər. İstisna deyil ki, hakimiyyətdəki müəyyən qrupun Milli Məclis sədri postuna öz namizədi ola bilər.



Maraqlıdır ki, adıçəkilən bu savaş ən amansız formada aparılır. Ziya Məmmədov və Hafiz Məmmədov arasındakı son qalmaqal artıq onu deməyə əsas verir ki, həddən ziyadə şişən nazir Məmmədov özünü artıq ölkənin ikinci şəxsi hesab edir.

Belə anormal münasibətlərlə iqtidar növbəti seçkilərə gedir. Əvvəlki seçkilərlə müqayisədə bu dəfə hakimiyyətdaxili muxtar komandalar daha artıq iddialarda bulunurlar. Onların hədəfində spiker postundan tutmuş, baş nazir, nazirliklərin bölüşdürülməsi, siyasi və iqtisadi sferanın tam ələ keçirilməsi kimi məsələlər var. Qruplardan birinin maraqlarını təmin etmək digərlərinin narazılığı və təpkisi ilə nəticələnə bilər. Bu isə hakimiyyət üçün son dərəcə ağır sonuclar verər.

Vurğulayaq ki, indiyə qədər daha güclü qruplar nisbətən zəif qruplaşmaları sıradan çıxartmaqla məşğul idi. İndi isə siyasi müstəvidə təqribən eyni gücə malik qruplar mübarizə aparır və bu mübarizədə qələbə anlayışının özü də nisbi ola bilər.



Yaranmış vəziyyət ölkədə kadr islahatlarının aparılmasını zəruri edir. Belə komanda ilə seçkiyə getmək, uğur qazanılacağı təqdirdə belə, ciddi problemlər deməkdir.
Düzdür, yaranmış vəziyyətdə hakimiyyətdaxili qruplaşmaların hamısını eyni zamanda zərərsizləşdirmək də siyasi hakimiyyət üçün təhlükəli ola bilər. Bu baxımdan, adıçəkilən qrupların “xaç ataları”nın cəzalandırılması, qrupların maraqlarının nisbətən saxlanılması çıxış yolu kimi dəyərləndirilə bilər. Lakin məsələ heç də kiminsə “qırmızı vərəqə” almasında da deyil. Söhbət “artıq yüklər”dən azad olmaqdan gedir. Əks təqdirdə, hakim elita özü bütövlükdə iflas olar.



Nəzərə alsaq ki, seçkilərin vaxtı yaxınlaşdıqca daxili savaş daha da qızışacaq, qabaqlayıcı tədbirlərin görülməsi qaçılmaz görünür. Bu baxımdan, siyasi hakimiyyətin islahatlara başlaması ən optimal variant kimi dəyərləndirilə bilər.

Əks təqdirdə, Azərbaycanda siyasi proseslərin taleyi küçələrdə həll edilə bilər. Hakimiyyətdaxili gərginlik münasibətlərin “reketsayağı” həllinə səbəb olmaqdadır. Artıq vaxtaşırı narazı qrupların şəhər küçələrində, əyləncə mərkəzlərində “qanlı razborka”larının şahidi oluruq. İqtidarın çox qürrələndiyi sabitliyin artıq qoxusu belə qalmayıb. Proseslər isə artan xətt üzrə inkişaf etməkdədir. Nəzərə alsaq ki, cəmiyyətdə cəzasızlıq sindromu yaşanmaqdadır və qisasçılıq əsas məqsəd sayılır, yaxın zamanlarda nələrin baş verə biləciyini ehtimal etmək o qədər də çətin deyil. Bir sözlə, Z. Məmmədov və bənzərləri artıq hakimiyyətin baş ağrısına çevriliblər və onlarla vidalaşmaq zamanı çatıb...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.