Azərbaycanlılar İŞİD-i parçalayır - faktlar

24-12-2014, 11:19   
Azərbaycanlılar İŞİD-i parçalayır - faktlar
Dünyanı lərzəyə salan ordu içərisindən dağılır; Terror təşkilatına qoşulan azərbaycanlılar Əbu Bəkr əl-Bağdadiyə qarşı çıxdılar; Azərbaycandan “cihada” gedənlər yanıldıqların başa düşməyə başlayıb və silahı indi başqa istiqamətə çevirirlər; ekspert: “Azərbaycan xalqı heç vaxt radikallığa meylli olmayıb...”
”Son günlər “İraq Şam İslam Dövləti” adlandırılan (İŞİD) terror qruplaşmasına qoşulmuş azərbaycanlılarla bağlı sensasion məlumatlar yayılır. Bu məlumatların təhlili göstərir ki, qaniçən terror təşkilatının daxilində çoxdan başlanan qarşıdurma artıq açıq müstəviyə keçib.

Suriyada olan terrorçu qruplaşmaların, xüsusilə “Nusra cəbhəsi” ilə İŞİD arasında tez-tez silahlı toqquşmalar olurdu ki, bunun nəticəsində indiyədək hər iki tərəfdən yüzlərlə itki var. Əvvəl bir düşmənə qarşı silaha sarılan radikal vəhhabilərin bir-birilərini “mürtəd” adlandıraraq öldürməsi, hətta qadın və uşaqların da hədəfə alınması “atəşin” tezliklə bu qruplaşmaların öz içərisinə də düşəcəyini göstərirdi. İfrat dərəcədə vəhşiliyi özünün mübarizə metodu seçən İŞİD-in daxilində ciddi partlama olacağı gözlənilən idi.

Hələ bir müddət əvvəl Türkiyənin “Ümmeti-İslam” saytı İŞİD-in sıralarından qaçmış azərbaycanlı Həsən Kərimovdan müsahibə almışdı. Müsahibədə İŞİD-də parçalanmanın labüd olduğuna aydın işarələr vardı. H. Kərimov demişdi ki, İŞİD-in tərkibində olduğu müddətdə çox zülm, haqsızlıq, İslam əxlaqına və İslam qayda-qanunlarına zidd hadisələrin şahidi olduğundan qaçmağa qərar verib: “İŞİD-dən ayrılmağa qərar verməyimin əsas səbəbi onların yerli əhali və digər qruplara qarşı törətdikləri cinayətlər oldu. Onlar hətta məscid imamlarını belə öldürməkdən çəkinmirdilər. İŞİD-in tənqid edilməyə səbri yox idi.



Hətta bir dəfə bir imamı tənqid üstündə ailəsinin gözü qarşısında döyərək öldürdülər. İŞİD-in içərisindən daha radikallar (təkfirçiləri) seçilib onlara müxalif olan sünni kəndlərinə göndərilirdi. Onlar kənd camaatını müşrik və mürtəd adlandıraraq öldürürlər. Deyr-Zurda bir kəndin camaatı tamamilə məhv edilmişdi. Həmin bölgədə İŞİD üzvləri bir kəndlini öldürdükləri üçün camaat ayağa qalxıb onlardan 4-nü öldürmüşdülər, qalanlarını kənddən qovmuşdular. Bu hadisədən sonra əmirimiz ”kənd camaatının qətlinin vacib olduğu" barədə hökm verdi. Gecə ikən kəndə girərək bombalar yerləşdirdilər və kəndi göyə sovurdular. Heç kim sağ qalmadı" deyə, azərbaycanlı etiraf etmişdi.


Dekabrın 22-də İŞİD-in Suriyanın ər-Riqqa əyaləti ərazisində fəaliyyət göstərən azərbaycanlı olan dörd üzvünün silahlı üsyana cəhd etmək, qaçmaq, təşkilat üzvlərini qətlə yetirmək, hətta quldurbaşı lider Əbu Bəkr əl-Bağdadiyə itaətsizlikdə təqsirləndirərək edam edildikləri xəbəri yayılıb. Bu barədə İŞİD üzvləri twitter səhifələrində məlumat yayıb. İŞİD-in yaydığı videoda “Əbuzər”, “Əbu Məryəm”, “Əbu Yaqub” ləqəbli şəxslər, eləcə də “Ömər” ləqəbli Elvirin etirafları eşidilir. İŞİD videomüraciətin sonunda edamla bağlı Qurandan bir ayəni sitat gətirir. Bu da qiyamçı azərbaycanlıların təşkilat tərəfindən edam ediləcəkləri barədə ehtimalları artırır. Qeyd olunur ki, azərbaycanlılardan biri də İŞİD üzvü olan qadınları öldürüb və sonra onu öldürüblər.



“Financel Times” qəzeti də İŞİD-in Suriyanın Rəqqa şəhərində döyüşən 100 üzvünü öldürməsi barədə məlumat yayıb. Buna səbəb isə öldürülən terrorçuların döyüşlərdən bezdikləri üçün öz vətənlərinə geri qayıtmaq istəmələri olub.

Muzdlu döyüşçülər İŞİD-in digər üzvləri tərəfindən qaçmağa hazırlaşdıqları zaman saxlanılıb. Terrorçular 100 nəfəri edam etdikdən sonra qaçmaq istəyən digər 5 ingiltərəli, 3 fransalı və 2 belçikalını əsir götürüb.

Mərkəzi ofisi Londonda yerləşən Radikallaşmaya qarşı Araşdırma Mərkəzi 50-yə yaxın İngiltərə vətəndaşının İŞİD-dən ayrılmaq istədiklərini, lakin qorxduqları üçün məcbur orada qaldıqlarını açıqlayıb.



Sentyabr ayında da İŞİD ər-Riqqa əyalətində başda Əbu-Ömər ət-Tunisi olmaqla, 30 tanınmış üzvünü edam etmişdi. Məlumata görə, onlar terror qruplaşmasının qafqazlı əmiri Əbu-Ömər əş-Şişaninin əmrlərinə tabe olmadıqları üçün kütləvi şəkildə edama məhkum olunublar. Bu xəbərlər də onu təsdiq edir ki, İŞİD-in daxilində azərbaycanlıların da döyüşdüyü şərti olaraq “Qafqaz cəhbəsi” adlandırdığımız qüvvə əsas müxalifət kimi ortaya çıxıb. Məlumatlara görə, İraqda döyüşən İŞİD-in “Qafqaz əmirliyi” əsasən çeçenləri və azərbaycanlıları özündə birləşdirir. “Qafqaz əmirliyi”ndə say baxımından iki böyük camaat var: azəri və çeçen camaatı. İŞİD-in tərkibində döyüşən azərbaycanlıların böyük əksəriyyəti isə terrorçu təşkilatın Suriya qolunda təmsil olunurlar.



Azərbaycanlıların İŞİD daxilində müxalifət formalaşdırmasının mümkünlüyü barədə xəbərləri şərh edən keçmiş təhlükəsizlik zabitlərindən biri “Yeni Müsavat”a deyib ki, terror qruplaşmasının daxilində belə bir parçalanma olacağı gözlənilən idi. Onun sözlərinə görə, bu məsələdə məhz azərbaycanlıların adının tez-tez hallanması təəccüblü deyil:

“Azərbaycan xalqı heç vaxt radikallığa meylli olmayıb, qan tökməyə deyil, barışa tərəfdar olub. Bu təkcə gəlişigözəl sözlər deyil, həm də tarixi faktlara söykənən həqiqətdir. Fikir verin, ən radikal adlandırdıqlarımız belə, İŞİD-in vəhşiliklərinə dözə bilmir, ya oradan qaçır, ya da ”ədalətsizliyə qarşı" silahlı üsyan edir. Zənnimcə, azərbaycanlılarla bağlı bu cür xəbərlər qarşıdakı aylarda daha da artacaq".

Qeyd edək ki, İngiltərənin “The Telegraph” qəzeti İŞİD tərkibində döyüşən mühacir döyüşçülərin son siyahısını yayımlayıb. Siyahıya görə, İŞİD-in tərkibində Türkiyədən 500, Rusiyadan 423, Serbiyadan 350, Belçikadan 296, Albaniyadan 140, Kosovadan 150 döyüşçü var. Siyahıda azərbaycanlıların sayı göstərilmməsə də, “cihad”a Azərbaycandan da yüzlərlə şəxsin qatıldığı dəqiqdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.