Vəfa Quluzadə: “Biz ABŞ-a təzyiq göstərmək istədik, ancaq sonra baxdıq ki...”; Elxan Şahinoğlu: “Ölkə başçısı Vaşinqtonla bütün körpüləri yandırmaq istəmir”
“Azərbaycanın başqa yolu yoxdur. Biz anti-Amerika kursunu dəyişib amerikayönlü kurs götürməliyik. Əgər salamat qalmaq istəyiriksə. Yaxud əgər tək qalmaq istəmiriksə. Bu, tamamilə açıq və aydındır . Mən tamamilə əminəm ki, bu, mütləq baş verəcək. Rusiya alternativ deyil, Moskva öz siyasəti ilə bunu sübut edib”.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bu sözləri Azərbaycan və ABŞ arasında yaşanan problemləri şərh edərkən bildirdi. Maraqlı bir məqam ondan ibarətdir ki, Azərbaycanın dövlət siyasətindəki anti-Amerika çıxışları ayrı-ayrı rəsmi şəxslər tərəfindən, yaxud rəsmi qəzetlər səviyyəsində səsləndirilsə də, dövlət başçısı tərəfindən Vaşinqtona ünvanlı hər hansı sərt fikir eşidilməyib. Bu mənada bəzi ekspertlər güman edir ki, ölkə prezidenti situasiyanı daha düzgün qiymətləndirərək dünyanın superdövləti ilə münasibətlərin qorunmasının vacibliyini qəbul edir və məsələ ilə bağlı təmkinli davranır. Paralel şəkildə belə bir ehtimal da səslənir ki, Bakının Qərbə qarşı sərt çıxışları həm də razılaşdırılmış bir addımdır və bu, Rusiya təhlükəsini önləmək xarakteri daşıyır.
V.Quluzadə isə bu ehtimalı o qədər də real hesab etmir: “Birinci Pyotrdan bəri Rusiyanın bizə qarşı mövqeyi dəyişməyib. Bizim ümidimiz yalnız ona ola bilər ki, bəlkə bizə düşmən olan imperiya çöksün və canımız bu təzyiqdən qurtarsın. Bu gün Rusiyanın müttəfiqləri Lukaşenko və Nazarbayev də ona dirsək göstərir. Həqiqət bundan ibarətdir: biz Amerikaya təzyiq göstərmək istədik, ancaq sonra baxdıq ki, Azərbaycan kimi balaca bir dövlətin Amerikaya təzyiq etməsi mümkün deyil. Çünki Rusiya kimi nüvə dövlətinin də təzyiqi Amerikaya heç nə etmədi”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bunları bildirdi: “İlham Əliyev prezident olduğu müddətdə hansısa konkret dövləti hədəf götürən açıqlama verməyib. Müəyyən eyhamları, işarəli olub, ancaq siyasətindən narazı qaldığı dövlətin adını konkret çəkmir. Hətta 2008-ci ildə İsveçrədə Ermənistanla imzalanan protokola görə strateji müttəfiqimiz Türkiyə ilə münasibətlərdə ciddi suallar yarandıqda da Əliyev ad çəkmədi. Hazırda Bakı-Vaşinqton münasibətlərində gərginlik göz qabağındadır. Bunun birinci səbəbi odur ki, rəsmi Bakı Vaşinqtonun ”rəngli inqilab" seriyasını Azərbaycanda davam etməsindən şübhəlidir.
İkinci səbəb isə odur ki, rəsmi Bakının xoşuna gəlmir ki, Vaşinqton Azərbaycan insan haqları və demokratiya məsələlərinə sərt reaksiya verir. Nəticədə Azərbaycan məmurlarının anti-Amerika ritorikası artıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son 50 səhifəlik məqaləsinin tamamı Amerika və onun siyasəti əleyhinə idi. Aydındır ki, Ramiz Mehdiyev və digər məmurlar prezidentdən icazə almadan Amerikanı hədəf götürə bilməzlər".
Ancaq E.Şahinoğlu əlavə etdi ki, buna baxmayaraq, dövlət başçısı bu tənqidlərdən məsafə saxlayır, amerikalı diplomatları və konqresmenləri Bakıda qəbul edir,
onlarla geniş fikir mübadiləsi aparır: “Başqa sözlə, prezident Vaşinqtonla bütün körpüləri yandırmaq istəmir. Çünki prezident bilir ki, təhlükəsizlik və enerji məsələlərində Vaşinqton bütün hallarda Azərbaycana dəstək verir, bu isə bizim milli maraqlarımıza uyğundur. Digər tərəfdən, Barak Obamanın prezidentlik müddətinin bitməsinə 2 il qalıb.
İlham Əliyevlə Barak Obama arasında dialoq alınmadı. Bir-iki dəfə beynəlxalq tədbirlərdə ayaqüstü söhbətləri olub, vəssəlam. Bir dəfə də Barak Obama İlham Əliyevi İstanbula dəvət edib ki, orada görüşsünlər. İlham Əliyev bu dəvəti qəbul etməyib, məncə də bu düz qərar idi. Çünki Barak Obama İstanbulda heç də Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını yox, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və sərhədin açılmasına Bakının mane olmamasını xahiş edəcəkdi. İlham Əliyev İstanbula getməməklə bir növ deyilən mövzuları Barak Obama ilə müzakirə etmək istəmədiyinə işarə etdi”.
Politoloq hesab edir ki, prezident İlham Əliyev Barak Obamadan sonrakı dövrə ümidlidir: “Bakı ABŞ-ın respublikaçı prezidentləri ilə yaxşı dil tapa bilir, elə respublikaçılar da Azərbaycanla münasibətlərdə geosiyasi mövzuları ön planda tutublar. Bu baxımdam məmurlarımız anti-Amerika ritorikasının dozasını artırarkən, yaxşı olar ki, sabahı da düşünsünlər. Rusiya iqtisadiyyatı çökür, bu isə Moskvanın siyasi iştahasının azalmasına səbəb olacaq. ABŞ və Avropa Birliyi Rusiyanın Cənubi Qafqaza hakim olmasına imkan verməyəcəklər. Bunu bizim anti-amerikan məmurlar anlamalıdırlar. Ona görə də Amerikanı yıxıb-sürüyən məmurlarınız məqalələrində və açıqlamalarında bircə dəfə də ”Rusiyanın Ermənistandakı hərbi bazaları kimə qarşıdır və Kreml bu bazaları niyə modernləşdirir" sualını da gündəmə gətirsəydilər, bu, bizim balanslaşdırılmış xarici siyasətə də uyğun olardı. İlham Əliyev qonşu dövlətlərlə normal münasibətlərin tərəfdarıdır, ancaq Amerika və Avropa Birliyi ilə də münasibətlərin korlanmasını istəmir".
Cavid TURAN