Hay-küylü cinayət işində şok gəlişmə; Rusiyadakı qohumlarının əlaqələri Şahin Sultanovun “xilas kəməri”nə çevrildi; onun barəsində cinayət işi xətm oluna bilər
Dekabrın 25-də Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, prosesdə vəsatət təmin edilib və o, azadlığa buraxılıb.“Yeni Müsavat”a daxil olan məlumata görə isə sabiq komandandan əvvəl həbsdə olan Hərbi Dəniz Qüvvələrinin zabitləri də azad olunublar.
Onlar vitse-admiralla cinayət əlaqəsinə girib külli miqdarda vəsaiti mənimsəməkdə suçlu bilinirlər. Belə məlumatlar var ki, Ş.Sultanov həbsdə keçirdiyi aylar ərzində “yuxarılar”a çıxış axtarıb və nəhayətdə qohumlarının vasitəsilə belə çıxışı əldə edib.
Yada salaq ki, vitse-admiralın Rusiya Müdafiə Nazirliyində yaxın qohumlarının çalışması barədə bir qədər əvvəl hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun açıqlaması olmuşdu. O bildirmişdi ki, Şahin Sultanovun həyat yoldaşının əsl adı İrinadır. Lakin sonradan adı dəyişdirilərək İradə Sultanovaya çevrilib. B.Məmmədov vitse-admiralın xanımının Rusiyada müxtəlif dövlət qurumlarında, o cümlədən Rusiya MN-də yaxın qohumları işlədiyini də xüsusi olaraq vurğulamışdı.
“Şahin Sultanov qaçaqmalçılıq fəaliyyəti zamanı yaxalanarkən bir neçə dəfə məhz bu qohumların vasitəçiliyi ilə məsuliyyətdən yayındırılıb və ”sudan quru" çıxıb. Qohumlarının Rusiya MN-də işləməsi faktını da Şahin Sultanov dövlət orqanlarından gizlədib. Halbuki o, bu barədə müvafiq qurumları məlumatlandırmağa borclu idi", - deyə Məmmədov bildirmişdi.
Bu məlumatlar onu söyləməyə əsas verir ki, vitse-admiralı uzunmüddətli həbsdən məhz Rusiyadakı qohumlarının əlaqələri xilas edib. Bu əlaqələr Sultanov üçün bir növ “xilas kəməri” rolu oynayıb.
Onu da yada salaq ki, vitse-admiralın həbsindən sonra onun vəkili Adəm Məmmədov və həyat yoldaşı İradə Sultanova mətbuat konfransı keçirmişdilər. Həmin konfransdakı çıxışı zamanı Sultanova belə bir fikir səsləndirmişdi: “Rusiyadan gələn admirallar baxıb çox təəccüblənirdilər. Deyirdilər ki, biz burada 1965-ci ilin gəmilərini qoyub getmişik. Elə bilirdik ki, gəlib Azərbaycanda daha o gəmiləri görməyəcəyik. Ancaq halal olsun ki, bu gəmilər bu qədər yaxşı qorunub saxlanılıb. Ruslar gəmiləri görəndən sonra şokda idilər. Qurban olum prezidentimizə ki, Vladimir Putin bura gələndə o da gəlib hər şeyi gözləri ilə gördü. Şükürlər olsun ki, Şahin onların üzünü ağ etdi”.
Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkar edilib. Qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Hazırda həmin cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Belə məlumatlar da var ki, cinayət işinə xitam veriləcək.
E.MƏMMƏDƏLİYEV