Azər Qasımlı: “Qərb Avropa Oyunlarını boykot etməli, Azərbaycan neftinə qarşı sanksiya qoymalıdır”
ReAl hərəkatı İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı Qərbi Azərbaycan hakimiyyətinə qarşı sərt sanksiyalara çağırıb. Bu barədə o, özünün facebook səhifəsində yazıb.
Politoloqun fikrincə, hakimiyyət ölkəni sürətlə Qərbin üzünə qapadır və Rusiyanın “boyunduruğu” altına aparır. Buna görə də, Qərb son imkanlar da itirilməmiş hərəkətə keçməli, Azərbaycan hakimiyyətini sərt sanksiyalarla cəzalandırmalıdır.
“Düşünürəm ki, bu iqtidarı durdurmaq naminə gələn il keçiriləcək Avropa Olimpiya Oyunlarını boykot etmək lazımdır. Bunu ilk növbədə Avropa özü etməlidir. Avropa oyunları qapalı ölkədə keçirilə bilməz! İlk növbədə bu olmalıdır.
Avropa Olimpiya Oyunlarının boykotundan daha vacib sanksiya Azərbaycan neftinə qarşı olmalıdır. Qərb ilk növbədə BP və digər şirkətlərə bununla bağlı təzyiq göstərməlidir. ABŞ-a Azərbaycandan neft lazımdırmı? Təbii ki, lazım deyil. Çünki ABŞ çox yaxın perspektivdə neft ixrac edən olkə olmağa hazırlaşır! Bu haqda çox yazmışıq, çox demişik. Bir sözlə, BP-ni çıxılmaz vəziyyətə salsalar, o bu iqtidara çox asanlıqla nəyin nə olduğunu anladar. Yadınıza salım, 2005-də parlament seçkiləri ərəfəsində məhz BP rəhbərinin məşhur bəyanatından sonra müxalifətə ümumiyyətlə mitinq keçirmək imkanı tanındı, həm də 2003-cü ildə icazə verilən Qələbə dairəsində.
Bunu ilk növbədə ABŞ etməlidir. Çünki bu iqtidar ABŞ-ı çox aşağıladı, ələ saldı, bütün siyasi layihələrini qapatdı. Məncə bu məsələ ABŞ-ın mənliyi məsələsidir artıq.
Bu hakimiyyətin canı puldadır. Sistem pul üzərində qurulub aşağıdan yuxarıya kimi. Ona görə də bunları gecikmədən etmək lazımdır. Çünki iqtidar da başa düşür ki, ölkədə neft (hasilat azalır!), dünyada isə neft erası bitir! Bunların 2-3 ili qalıb. Bax bu illər ərzində ölkəni tam qapatmaq istəyirlər, qabaqdangəlmişlik edirlər. Bir sözlə, QƏRB AYIL! Azərbaycan və Cənubi Qafqaz bölgəsi Rusiyanın əsarətinə doğru gedir! Bundan sonra qapalı ölkədə yalnız xalq üsyanı ola bilər. O da pul bitəndən sonra. Bu isə bölgədə qeyri stabillik deməkdir”, - deyə A.Qasımlı çağırış edib.