Rublun inflyasiyası Azərbaycandakı "gömrük mafiyasını" hərəkətə keçirib.
Dünya bazarlarından neftin qiymətinin düşməsi və Azərbaycanın ən iri ticarət partnyorlarından olan Rusiyaya qarşı Qərbin iqtisadi sanksiyalarının sərtləşdirilməsi qonşu ölkəni ağır maliyyə böhranının astanasına gətirib.
İqtisadiyyatımızın sıx bağlı olduğu Rusiyada milli valyuta olan rublun iflyasiya həddinin yüksək faizlərə çatması Azərbaycanda bəzi dairələri narahat etməyə başlayıb. Hökumətin naratlığa əsas olmadığı haqda verdiyi bəyanatlar cəmiyyətdə yaranmış ötəri təlaşı sakitləşdirsə də, ölkənin mal dövriyyəsinə nəzarət edən gömrük strukturlarında artıq həyəcan təbili çalınıb.
Etibarlı mənbələrdən daxil olan məlumatda, Bakı Gömrüyündə rüsumların ödənişinin dollara keçirilməsi barədə idarə rəhbərliyi və şəxsən idarənin rəisi Vüsal Novruzovun şifahi göstərişi ilə ölkəyə mal gətirən sahibkarlardan rüsumları məcburi olaraq dollarla ödəmək tələb olunub. Dövriyyənin həcmini və gömrükdə yığılan rüsumların və "şapkaların" həcmini nəzərə alsaq, ortaya çıxan məbləğ astronomik rəqəmlərlə hesablanır. Mənbə məlumat verir ki, bu il ərzində Bakı Baş Gömrük İdarəsində rüsuma tabe tutulmuş mallardan yığılan rəsmi məbləğ 1,5 milyard manat həcmindədir. Gömrük sənədlərində qeyd olunmamış və hesabatı aparılmamış mallardan, yəni rəsmi qeydiyyatdan yayındırılmış məbləğlə birlikdə bu rəqəm 10 dəfə artır. Yəni ümumilikdə Bakı gömrüyündən keçən mallardan hər il 15 milyard manata yaxın rüsum tutulur. Rəsmi sənədlərdə göstərilən 1,5 milyard manatdan başqa geridə qalan 13,5 milyard manat isə ortada "buxarlanır". Araşdırmanı aparmaqda məqsədimiz gömürkdə baş verən yeyintinin və ölkədəki "kölgə iqtisadiyyatının" həcmini göstərmək deyil, əsas məqsəd bu məbləğə nəzarət edən gömrük bürokratiyasının əlində olan imkanları ortaya çıxartmaqdır.
Mənbə həmçinin bildirir ki, bütün rüsumlar qanuna əsasən manatla ödənir və ticarətini dollar və ya digər xarici valyuta ilə həyata keçirən biznesmenlər gömrüyün kassasında yalnız mantla rüsum ödəyərək öz mallarını daxili bazara çıxarırlar. Bu prosses manatın dollara və digər valyutalara nisbətdə öz məzənnəsini qoruması üçün çox vacib şərtdir. Xaricdən malı dollarla alan azərbaycanlı biznesmen, daha sonra əlindəki valyutanın bir hissəsini məcburən manata dəyişərək rüsum ödəyir və bu siyasət də mantın dollara və avroya nisbətdə öz mövqelərini qorumasına kömək edir. Şimal qonşumuzda getdikcə dərinləşən iqtisadi və maliyyə böhranının fonunda Bakı Baş Gömrük İdarəsi rəhbərliyinin belə bir özbaşına qərar qəbul etməsi suallar yaradır. İllik "şapka" ilə birlikdə 15 milyard manatlıq dövriyyə hər aya bölündüyündə təxminən 1 milyard mantdan çox pul kütləsindən söhbət gedir. Büdcəmizin əsas donorlarından olan Neft Fonduna neft satışından gələn gəlirlərin təbii olaraq azalmasından sonra belə bir addımın atılması yalnız və yalnız manatın inflasiyasını körükləmək cəhdi ola bilər.
Hər ay 1 milyard manatın banklarda və valyutadəyişmə məntəqələrində dollara dəyişdirilməsi mantın qiymətinin düşməsinə və dolların təbii olaraq bahalaşmasına gətirib çıxara bilər. İndiki vəziyyətdə onsuz da həssas olan maliyyə bazarının çökməsi üçün bu təxribat yetərlidir. Əgər Vüsal Novruzovun dəstəsinin bu cinayətkar təşəbbüsünün qarşısı alınmasa, bir neçə aya Azərbaycan Rusiyanın vəziyyətinə düşə bilər.
Redaksiya: Mövzuya qayıdacağıq...
Ölkə.az, Monitorinq şöbəsi