TQDK-nın xətti ilə qəbul olunanla başqa ali məktəblərə köçürüləcək, «perevod»la gələnlər isə təhsillərini davam etdirə bilməyəcəklər.
Azərbaycanda adı bir sıra qalmaqallarda hallanan Təfəkkür Universiteti ilə bağlı Təhsil Nazirliyi yekun qərarını verib. Qərara əsasən universitetin bağlanılması daha məqsədəuyğun sayılıb. Bu barədə JAM.AZ-a nazirlikdəki mənbələrdən məlumat daxil olub.
Həmin məlumatda vurğulanır ki, qeyd olunan ali məktəblə bağlı müzakirələr hələ xeyli əvvəldən başlayıb. Edilən şikayətlər, vəziyyətin yerində araşdırılması və kənar müşahidələrdən sonra müzakirələr intensivləşdirilib. Və yekunda qərarlaşdırılıb ki, Təfəkkür Universiteti bağlanılsın. Lakin bu prosesi həyata keçirmək üçün universitet rəhbərliyinə hələlik məlumat verilməyib və yanvarın ilk iş günündə rektor Müşfiq Atakişiyevin məlumatlandırılacağı gözlənilir. Tədris işi başa çatana kimi, yəni may ayına kimi universitetin fəaliyyətini davam etdirməsinə isə qadağa qoyulmayacaq. Amma yeni ildən Təfəkkürə qəbul dayandırılacaq və tədris ilinin sonundan etibarən tələbələrin aqibəti müəyyən olunacaq.
JAM.AZ-a verilən məlumatda deyilir ki, universitetin tələbələrinin aqibəti ilə bağlı qərar var. Həmin qərara əsasən TQDK xətti ilə qəbul olmuş tələbələrin bundan sonra öz təhsillərini başqa universitetlərdə davam etdirə biləcəklər. Lakin eyni şansdan «perevod»la gəlmiş tələbələr yararlana bilməyəcəklər. Məlumatda iddia olunur ki, onların başqa təhsil ocaqlarında təhsillərini davam etdirməsinin mümkünsüz olacağı bildirilir.
Qeyd edək ki, Təfəkkür Universitetinin fəaliyyəti həmişə qalmaqalları ilə diqqəti çəkib. Xüsusən də «tələbə köçürməsi» məsələsinəd adı hallanan ali məktəbin hər il bu prosesdən milyonlar qazandığı deyilir. İddia olunur ki, Dərbənd filialından «köçürmə»yə görə, hər bir tələbə 15 min manatdan çox pul verməlidir. İldə isə minimum belə «köçürmə»lərin sayı 1000 nəfər təşkil edir.
Qarşı tərəfi də dinləməyə hazırıq.