Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinin əməkdaşları dekabrın 27-də gecə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı mütəşəkkil cinayətkar dəstənin iki üzvünü həbs edib, bununla da sahibkara silahlı hücumun qarşısını ala biliblər.
Sabunçu RPİ-dən vesti.az saytına verilən məlumata görə, əməliyyat zamanı həbs edilənlər Nardaran qəsəbə sakinləri Sahib Ağanəbioğlu və Cavid Orucov adlı şəxslərdir.
C.Orucovun qəsəbənin Abşeron küçəsində yerləşən evində aparılmış axtarış zamanı 65 ədəd avtomat gülləsi, AKM avtomatının güllə sandıqçası, “TOZ 35” markalı idman tapançası aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslərdən biri isə polisin əlindən qaçmağa nail olub. Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, həmin şəxs həbs edilərkən C.Orucovla birgə olub. O da silahlı imiş. Bəzi məlumatlara görə, qaçmağa müvəffəq olan şəxs polis əməkdaşlarına silahlı müqavimət göstərib və tərəflər arasında atışma olub. Hazırda həmin şəxsin axtarışları gedir.
Saxlanılan şəxslər ilkin dindirmə zamanı etiraf ediblər ki, onlar Sabunçu rayonundakı mağazalardan birinin sahibinə qarət məqsədilə silahlı hücum təşkil etməyi planlaşdırırmış. Onlar iş adamının hərəkət qrafikini öyrənir və ona gecə - pulları götürüb mağazadan çıxanda hücum etməyə hazırlaşırmış. Həmin mağaza Nardaran qəbiristanlığının yaxınlığında yerləşir.
C.Orucov uzun müddət Rusiyada yaşayıb. Azərbaycana isə bu yaxınlarda gəlib.