Türkiyə generaliteti revanşa hazırlaşır - FOTOLAR

29-12-2014, 23:09   
Türkiyə generaliteti revanşa hazırlaşır - FOTOLAR“Ergenekon” məhbusları onlara “tələ quranlar”la hesablaşmaq niyyətində qərarlıdırlar

Türkiyə Silahlı Qüvvələrinin keşmiş baş qərargah rəisi, general İlkər Başbuğ “Ergenekon” istintaqını aparan müstəntiqlərdən və hakimlərdən prokurorluğa şikayət verib.

İlkər Başbuğ İstanbul Çağlayan Prokrorluğuna gəlmə səbəbini ilk olaraq, Twitter sosial şəbəkəsindən paylaşıb: “Türkiyə Cumhuriyyəti Ordusun və heyətinin istintaqa qanunsuz olaraq cəlb edilməsilə bağlı prokrorluğa rəsmi şikayət verdim”.

İ.Başbuğun vəkili İlkay Sezerin “Hürriyət” qəzetinə verdiyi məlumatlara görə, general baş prokrorla görüşdükdən sonra müstəntiqə qarşı irəli sürdüyü iddialarla bağlı ifadə verib. Başbuğun əsas şikayəti həbsdə yatdığı “Ergenekon” cinayət işini aparan müstəntiq və hakimlərdəndir.

General İlkər Başbuğ bu şikayətin anonsunu 2014-cü il martın 7-də azadlığa çıxdığı gün vermişdi. Onunla bərabər bir neçə general da haqsız yerə həbs edilmələrinə görə məsuliyyət daşıyan şəxslərin qanunla cəzalandırılmasına çalışacaqlarını bildirmişdilər.



AKP ilə “Gülən” hərəkatı arasında son günlər pik həddə yüksələn gərginlikdən sonra bir sıra politoloqlar bildirir ki, indi Türkiyə Ordusuna qarşı aparılan qanunsuz əməliyyatların hesabını istəməyin əsl zamanıdır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, generalların belə bir addımı gözlənilən idi: “Gülən” hərəkatı son həbsləri “demokratiyaya hücum” kimi qələmə verir. Əlbəttə, jurnalistlərin həbsləri müəyyən suallar doğurur. Ancaq “Zaman” qəzeti və STV faktiki siyasiləşmiş və birinin əlində güclü alətə çevrilmiş media orqanlarıdır. Vaxtilə Ərdoğana xidmət edirdilər, elə ki, Gülənin Ərdoğanla yolları ayrıldı, keçmiş baş nazir və indiki prezidenti hədəf götürdülər. Hərbçilərə qarşı “Ergenekon” və “Balyoz” əməliyyatları məhz bu iki media orqanının informasiya dəstəyi sayəsində Türkiyə və beynəlxalq aləmin gündəmində ağırlığını qoruyurdu. “Zaman” qəzeti və STV illərlə bu mövzunu şişirtdilər. Sonunda isə bəlli oldu ki, “Ergenekon” və “Balyoz” adı verilən “çevriliş planları” mövcud deyilmiş, hərbçilərə qarşı tələ imiş. Hərbçilər günahsız yerə neçə illər həbsdə yatdılar, bəziləri isə haqsızlığa dözməyərək intihar etdilər. Üstündən uzun müddət keçdikdən sonra Ərdoğan bu həbslərdə şəbəkəyə bağlı prokurorların rolu olduğunu etiraf etdi. Əlbəttə, bu həbslər Ərdoğanın da məsuliyyətini azaltmır. Ərdoğan “Ergenekon” və “Balyoz”un qurama iş olduğundan şübhəli idisə, prosesi niyə əngəlləmirdi? Əslində cavab sadədir, çünki həmin dövrdə Ərdoğanla Gülən eyni mövqedəydilər və həbslər vasitəsilə ordunun siyasətdəki rolunu azaltmağa çalışırdılar. İndi isə bumeranq effekti işə düşüb. Saxta ittihamlar hazırlayanların və buna media dəstəyi verənlərin özləri “dövlət çevrilişi” ittihamı ilə həbs olunurlar. Ona görə də, bu dəfə yüksək rütbəli hərbçilərin onları haqsız yerə həbs edən şəbəkəyə qarşı məhkəmə çəkişməsinə başlaması yerindədir, ədalətlidir”.



E.Şahinoğlu iddia edir ki, generalların “camaat”a qarşı əks-hücuma keçməsindən ən çox AKP faydalanacaq: “Müttəfiqlərin yeri dəyişib. Bu dəfə Gülənə qarşı mübarizədə Ərdoğanın müttəfiqi rolunda yüksək rütbəli hərbçilər çıxış edirlər. Bununla bir tərəfdən hərbçilər təmiz adlarını özlərinə qaytaracaq, digər tərəfdən isə Ərdoğan Gülənə qarşı mübarizədə güclü bir müttəfiq qazanacaq. Hərbçilərin Gülən şəbəkəsinə bağlı hakimlərə və prokurorlara qarşı ittihamları müxalifəti də düşündürməyə vadar edəcək. MHP və CHP “Gülən” şəbəkəsindən məsafə saxlamağa məcbur olacaqlar. Çünki MHP və CHP Türkiyədə dünyəviliyin təminatçıları kimi çıxış edirlər. Odur ki, hərbçilərin günahsızlıqlarının sübutunda onların əleyhinə çıxa bilməzlər və beləcə Gülənin məhkəmə, prokurorluq və polis sistemində kök atan şəbəkəsini dəstəkləyə bilməzlər. Bu gedişat Ərdoğanın xeyrinədir”.

Son həbslər Fətullah Gülənin növbəti narahatlığına səbəb olub. ABŞ-ın Pensilvaniya ştatından yenə açıqlamalar səsləndirir.

Elxan Şahinğolu deyir ki, “camaat” indi heç bir real addım atmaq gücündə deyil: “Ancaq Gülən bundan artığına qadir deyil, Ərdoğanla mübarizədə müqavimət gücünü getdikcə itirir. “Batan gəmi”ni tərk edənlərin sayı da az deyil. Məsələn, vaxtilə “Zaman” qəzetinin baş köşə yazarı, STV-nin əsas ekspertlərindən biri Hüseyn Gülərcə Fətullah Gülənin ən yaxın adamı, danışan səsi sayılırdı. Ancaq rüşvət qalmaqalından sonra Hüseyn Gülərcə Güləndən və düşərgədən uzaqlaşaraq, Ərdoğanın yanında yer alıb. Hərəkat üçün digər mühüm sual da gündəmdə ağırlığını qoruyur: Fətullah Gülənin sağlıq vəziyyətinin qənaətbəxş olmadığına dair xəbərlər yayılır. Odur ki, “Gülənin varisi kimdir və ya kim olacaq” sualı aktuallaşır. Aydındır ki, varis kim olacaqsa və ya kimdirsə, ilk dövrdə Gülən qədər populyarlıq qazana bilməcəyək. Bu isə Ərdoğanın işinə yarayacaq. Türkiyə prezidenti Güləndən sonrakı dövrdə bu hərəkatı ümumiyyətlə, yox etməyə, tərəfdarlarını isə pərən-pərən salmağa çalışacaq”.

“Yeni Türkiyə” Strateji Araşdırma Mərkəzinin eksperti Orxan Qafarlı isə düşünür ki, general İlkər Başbuğla bir yerdə digər keçmiş hərbi məhbuslar da prokurorluğa şikayət ünvanlaya bilərlər: “İlkər Başbuğun “Ergenekon” davasinda zərər görən tərəf kimi məhkəməyə iddia təqdim etməsi iki aspektdən baxıla bilər. Birinci, İlkər Başbuğ ordu generalı olaraq itirdiyi maddi təminatını və hərbi rütbələri geri almaq üçün prosesi başlatmaq istəyir. Digər tərəfdən AKP ilə “paralel yapı” arasında rəqabəti diqqətə alaraq prosesin məcrasını ordunun xeyrinə çevirmək istəyir. Əlbəttə İlkər Başbuğun belə bir addımı tək başına verilən qərar deyil. Bu qərarın arxasında “Ergenekon” prosesindən zərər görmüş insanlarla anlaşma olduğu bəllidir. Əgər bu gün məhkəmə sistemində və prokurorluqda “paralel yapı”nın olması sübüt olunarsa, bu “camaat”a qarşı çevrilmiş böyük bir prosesin başlanğıcı ola bilər”.



Orxan Qafarlı deyir ki, Türkiyədə bir sıra qruplar AKP-“camaat” “paralel yapı” davasından yararlanmaq istəyir: “Mediada ara-sıra ordunun bu prosesdən yararlanacağı xəbərləri də gözə dəyir. Ancaq görünən odur ki, hələlik ordu prosesi kənardan izləməkdədir və ölkənin daxili proseslərinə qarışmağa həvəsli deyil. “Ergenekon” istintaqı ilə həbs edilən, ehtiyatda olan zabitlər isə daha çox itirdikləri haqları uğrunda mübarizə aparırlar”.

Ekspert bildirir ki, ehtiyatda olan zabitlər, xüsusən qanunsuz həbslərlə ordudan uzaqlaşdırılan generalitet bir şəkildə təşkilatlanmaq və güc halına gəlmək istəsə belə, bu, o qədər də rahat olmayacaq. Çünki AKP-“cammat” tandemi illərlə Türkiyə Ordusunun bütün sağlam mərkəzlərini məhv etməklə məşğul olub: “Köhnə ordu mənsubları hansısa formada bir şəbəkə formalaşdıra bilərlər. Lakin bu qurumun birlik şəkli ala biləcəyi və hökümətə və yaxud “paralel yapı”ya qarşı güclü mübarizə apara biləcəyi böyük sual altındadır. Çünki təhlükəsizlik qüvvələrində artıq onlara yaxın adamlar qalmayıb. Hər halda kənardan izlədikdə belə bir təsürat yaranır. İndi Türkiyənin təhlükəsizlik orqanları daha çox mülki şəxslərin əlindədir. Bir zamanlar isə istihbaratda “Ergenekon”a bağlı qüvvələr var idi. “Camaat” üzvlər qurum içərisində bu qüvvələrlə rəqabət aparırdılar. İndi isə onların hər ikisi faktiki olaraq sıfırlanıb. AKP hökümətinin əsas məqsədi bundan sonra bu qrupların heç birini Türkiyə dövlət qurumlarına buraxmamaqdır. AKP-nin bu məsələdə nə qədər başarılı olacağını isə zaman göstərəcək”.

Aygün Muradxanlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.