"Heydər” məscidinin BŞİH-də saxlanması QMİ sədrinin iqtidardakı rəqiblərindən ona növbəti zərbə kimi qiymətləndirilir...
Xəbər verildiyi kimi, dekabrın 26-da Bakıda yeni və ən böyük "Heydər” məscidinin açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev və ailə üzvləri iştirak ediblər. Məscidin tikintisi ilə bağlı sərəncamı ölkə başçısı 2012-ci ildə vermişdi. Dövlət vəsaiti hesabına tikilən yeni məscid Binəqədi ərazisində yerləşir və eyni vaxtda 4 min dindarın ibadət etməsi imkanlarına sahibdir. Məscidin təhvil verilməsindən sonra əsas diqqət yeni ibadət ocağının axundunun kim olacağı və məscidin hansı quruma veriləcəyindən yana idi. Mətbuatda gedən iddialara görə, məscidin idarəçiliyi Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) veriləcək və axund da qanuna əsasən QMİ tərəfindən təyin olunacaq.
Ancaq məscidin açılışından sonra bura axund təyinatı ilə bağlı heç bir məlumat yayılmadı. "Trend” məscidə QMİ sədrinin müavini Hacı Fuad Nurullanın axund, QMİ sədrinin birinci müavini müfti Hacı Salman Musayevin (Əfəndi) isə imam təyin olunacağı ilə bağlı xəbər yaydı. Ancaq az sonra yenə həmin agentliyin yaydığı məlumatda məscidin saxlanılması və idarə edilməsinin BŞİH-ə həvalə edildiyi qeyd olunurdu. BŞİH-dən verilən məlumatda həmçinin "Heydər” məscidinin axundunun və imamının təyinatı haqqında məlumat veriləcəyi bildirilirdi.
Azərbaycanın qanunlarına əsasən məscidlər - tarixi abidə statusunda olanlar istisna olmaqla, dini icmalar vasitəsilə idarə olunur. Bir sıra məscidlər isə birbaşa QMİ-nin idarəçiliyindədir. Ancaq istisnasız bütün ölkə məscidlərinə axund və imam təyinatı QMİ ilə razılaşdırılmaqla və ya birbaşa QMİ tərəfindən təyin olunur. Ancaq görünən odur ki, yeni məscidlə bağlı durum bir qədər fərqli olub. Əks halda, idarəçilik BŞİH-ə verilməzdi. Üstəlik, BŞİH axund təyinatı ilə bağlı açıqlamada bu işin QMİ tərəfindən həyata keçirəcəyini qeyd etməyib. Yəni dolayısı ilə işarə olunur ki, axund təyinatını bu dəfə QMİ ilə BŞİH birgə razılaşdıracaq.
Məsələ ilə bağlı QMİ-yə ünvanladığımız suala idarədən yalnız onu bildirdilər ki, açıqlamada hər şey açıq şəkildə qeyd olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni məscidə axund təyinatı və məscidin icmasının yaradılması ilə bağlı ünvanladığımız sual da cavablandırılmamış qaldı.
Özəl qaynaqlarımızdan əldə elədiyimiz məlumata görə, həqiqətən də yeni məscidi Şeyxin idarəsinə verməyiblər. Əlbəttə, axund və imam təyinatı QMİ ilə razılaşdırılacaq, ancaq məscidin idarəçiliyi yenə BŞİH-də qalacaq. Bunun isə qəribə səbəbi var. Belə ki, yeni məsciddə çoxlu sayda mərasim zalları var. Bu zallarda əhali üçün yas məclisləri təşkil olunacaq. Məscidin BŞİH-ə verilməsinin bir səbəbi də məhz bu mərasim zallarının idarəçiliyi ilə bağlıdır. Ölkə rəhbərliyi yeni məscidin və mərasim zallarının BŞİH-in idarəçiliyində olmasını istəyib.
Məsələ burasındadır ki, "Təzəpir” məscidində olan və dövlət hesabına tikilmiş mərasim zalları əhaliyə xeyli baha qiymətə xidmət göstərir və israfçılıq hallarının ən geniş yayıldığı məkanlardan sayılır. Üstəlik, bu ilin yayında hökumətin tətbiq etdiyi ehsan qadağasına ilk dəfə açıq şəkildə müqavimət göstərən məhz QMİ-nin nəzarətindəki mərasim zalları oldu və bununla da faktiki olaraq ehsan qadağası işləmədi. Yeri gəlmişkən, bu zalların şeyxülislamın qardaşı deputat Cavanşir Paşazadənin nəzarətində olduğu deyilir. Hökumətin Şeyxlə ciddi problemi olmasa da, qardaşının hərəkətlərindən xeyli narazılıq olduğu deyilir. Hətta deyilənə görə, mərasim zallarındakı bahalıqdan bir sıra rəsmilərin də şikayətləri olub.
Hakimiyyət bu halları nəzərə alaraq yeni məscidin və onun tərkibində 10-a yaxın olduğu deyilən mərasim zallarını QMİ-yə deyil, BŞİH-ə verməyi qərara alıb. Ancaq bu hərəkətin arxasında Şeyxin özünə qarşı hakimiyyətdəki düşmənlərinin planları da dayana bilər. Daha əvvəllər də qeyd etdiyimiz kimi, son illərdə hakimiyyət içərisində Şeyxin güclü rəqibləri formalaşıb və onlar QMİ sədrinin mövqelərini zəiflətməyə çalışırlar. Şeyx ölkə başçısına yaxın olmasından istifadə edərək rəqiblərinin zərbələrindən yayınsa da, ona qarşı hücumlar davam edir və hər cəhddə Şeyxin nüfuz dairəsinin daraldılması cəhdləri olur.
Onu da xatırladaq ki, təxminən 10 gün əvvəl QMİ-nin əməkdaşı Elşən Mustafaoğlu MTN tərəfindən saxlanılıb və ona qarşı 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Ancaq rəsmi qurumlar hələ də E.Mustafaoğlunun həbsi ilə bağlı rəsmi məlumat açıqlamayıblar.