AAAF Park şirkəti yeni kampaniyasında Azərbaycan Beynəlxalq Bankı ilə yollarını ayırıb.
Şirkət Yeni il kampaniyası çərçivəsində müştərilərə şirkətdaxili kredit şərtləri təklif edilir.
Şirkətin Feysbuk səhifəsində yerləşdirilən məlumata əsasən, mənzil sahibi olmaq istəyən hər kəs 33 faiz ilkin ödəniş etməklə 10 illik şirkətdaxili kreditdən faydalana bilər.
Təqdim olunan evlərin qiyməti də az deyil. Belə ki, Xırdalan şəhərində AAAF Park yaşayış kompleksində mənzillər 1 kvadrat metr üçün 950 manat, tikilməkdə olan mənzillərdə isə 750 manatdən təklif olunur.
Baş Prokurorluqda barəsində cinayət işi açıldığı bildirilən və hətta rəhbərinin saxlanıldığı iddia edilən AAAF Parkda mənzil almaq istəyən sakinləri “Sevil” sakinlərinin aqibəti gözləyə bilərmi?
AAAF Parka aid “Zirvə İdman Kompleksi” MMC-nin direktor müavini Rəşad Əliyevin sözlərinə görə, şirkətdə heç bir problem yoxdur, bankla əməkdaşlıq davam edir. Lakin Yeni il kompaniyası şirkətdaxili kreditlə verilir:
“Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığımız davam edir. Lakin bu kampaniya şirkətdaxili keçirilir”.
Şirkət rəsmisinin sözlərinə görə, digər MTK-larda müşahidə olunan qanun pozuntularına AAAF Pakrda yol verilmir:
“Biz bir brend olaraq təklif etdiyimiz evlərin tam tikilib təhvil verilməsinə zəmanət veririk. İndiyədək heç bir müştəri şirkətdən narazı olduğunu deməyib. Eyni zamanda, biz müştərilərimizin rahatlığı üçün elektron kartlar da təqdim edirik. Belə ki, bu kartlar vasitəsi ilə sakinlər kompleksdə istifadəyə verilən bütün istirahət mərkəzlərində, kafe və restoranlarda 50 faiz endirimlə yararlana bilir”.
Baş Prokurorluqda AAAF Parkla bağlı cinayət işi açılmasının həqiqətə uyğun olmadığını deyən R.Əliyev mətbuatda şirkətlə bağlı dərc olunan yazılara da münasibət bildirdi:
“Haqqımızda dərc olunan bütün məlumat həqiqiəti əks etdirmir. Baş Prokurorluqda AAAF Parkla bağlı cinayət işi açılmayıb”.
Abşeron Rayon İcra Hakimiyyəti də məsələyə münasibət bildirdi. Qurumun Memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyevin sözlərinə görə, İcra Hakimiyyəti tikinti şirkətlərinə nəzarət etmir:
“Abşeron İcra Hakimiyyəti özəl müəssisələrin daxili işlərinə cavabdeh deyil və bizdə bu barədə nəzarət mexanizmi yoxdur”.
Xatırladaq ki, bir müddət öncə “Sevil massivi” MMC ilə paralel AAAF Park yaşayış kompleksində də yoxlamalar olub. Vergilər Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının kompleksdə apardığı yoxlamaların ilkin nəticəsi olaraq AAAF İnşaat MMC-nin baş direktoru Tofiq Heydərov saxlanılıb. AAAF Parkın ölkədə fəaliyyət göstərən qeyri-ənənəvi dini cərəyanlara yaxınlığı da iddia edilir.
“Sevil massivi”ndə baş verənlər isə heç kəsə sir deyil. Şirkətin rəhbəri həbs olunub, payçılardan mənimsənilən vəsaitin qaytarılmasında isə problem var. “Sevil massivi”ndən ev alan şəxslərin ziyanının ödənilməsini hətta Abşeron İcra hakimiyyəti öz nəzarətinə də götürdü. Qeyd edək ki, bu proses Abşeron İH nümayəndələrinin rəhbərliyi altında hazırda da davam etdirilir və payçılardan bəzilərinin mənimsənilmiş vəsaitinin qaytarılması Xırdalanda 1 saylı notariusda notarial qaydada həyata keçirildi. Amma hazırda proses dayanıb. Çünki 70 milyon manatlıq mənimsənilmə faktı barədə şayiələr gəzir ki, bunu da rayon rəhbərliyinin öz imkanları hesabına qaytarması çətindir.
“Sevil massivi” kimi AAAF Parkın da növbəti problem yaratmayacağını isə heç kəs istisna emir – şirkət rəhbərlərinin özündən başqa. axar.az