Gədəbəyin icra başçısı şikayətçini döydürüb?

4-01-2015, 16:10   
Gədəbəyin icra başçısı şikayətçini döydürüb?
Son günlər Gədəbəy rayonunda sosial durum olduqca ağırlaşıb. Yerli sakinlər problemlərdən yaxa qurtara bilmədikləri üçün son çarə kimi yuxarı instansiyalara müraciət edirlər. Vətəndaşların narazılığına səbəb isə yerli idarə və müəssisə rəhbərlərinin, eləcə də Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) rəhbər işçilərinin özbaşına əməlləridir.

Dünən Gədəbəy rayonu Plankənd kənd sakinləri 1938-ci il təvəllüdlü Rüstəmova Dursun Qasım qızı və 1971-ci il təvəllüdlü Rüstəmov Həsən Böyükkişi oğlu redaksiyamıza gələrək rayonun icra başçısı Ramiz Yediyarovun, RİH-in memarlıq və tikinti şöbəsinin müdiri Elxan Vəliyevin qanunsuz əməllərindən şikayətçi olduqlarını bildirdilər. İcra başçısının özbaşınalıqlarından bezdiyini deyən 76 yaşlı Dursun Rüstəmova bildirdi ki, yaşadığı ev qəzalı vəziyyətdədir. Buna baxmayaraq, icra başçısı ona yardım əlini uzatmır: “Gəlib yaşadığımz mənzilə baxsanız necə acınacaqlı gündə yaşadığımı görərsiniz. Bu qədər məsafəni qət edib bura gəlməkdə məqsədim var. Hara şikayət edirəmsə, mənə köməklik göstərmirlər. 76 yaşımda icra başçısı Ramiz Yediyarov məni küçələrə salıb. Şikayətim mənzil şəraitimin bərbad halda olması ilə bağlıdır. Mən də daxil olmaqla ailə üzvlərim 7 nəfərdən ibarətdir. Evim istifadəyə yararsız haldadır. Yağan yağış, qar hamısı evimin içindədir. Buna yaşayış demək də düzgün deyil. Dəfələrlə Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. İcra başçısı, müavinləri və memarlıq şöbəsinin müdiri söz verdi ki, sənin evini düzəldəcəyik. Hətta bu məqsədlə bir müddət əvvəl Gədəbəy Rayon İcra Hakimiyyətində başçının qəbulunda oldum. Yaşlı qadınam qulağım ağır eşidir. Başçıya bir qədər yaxın durub ona şikayətimi deyirdim. Elə bu dəm memarlıq və tikinti şöbəsinin müdiri Elxan Vəliyev arxadan mənə yumruq zərbəsi endirməyə başladı. Zərbənin təsirindən özümü itirib yerə yıxıldım. Ağır şəkər xəstəsiyəm”.

Dursun nənə deyir ki, şöbə müdirinin onu nəyə görə döydüyünü başa düşməyib: “Bütün bunlar icra başçısı Ramiz Yediyarovun gözləri qarşısında baş verdi. Elxan Vəliyev məni döyə-döyə icra hakimiyyətinin binasından qovdu. Ailə vəziyyətim olduqca ağırdır. Öhdəmdə 6 nəfər xəstə uşaq var. Həyat yoldaşım Böyük Vətən müharibəsində iştirak edib, müharibə veteranı idi. Artıq 16 ildir ki, dünyasını dəyişib. Həyat yoldaşım vəfat edəndən sonra uşaqlara mən baxıram. Dolana bilmirik. İcra başçısı Ramiz müəllim mənə heç bir köməklik göstərmir. Gədəbəy Rayon İcra Hakimiyyətinə ümid bağlayıb getmişdim. Dedim birdən məmurlar insafa gəlib mənə köməklik göstərərlər. Amma Elxan Vəliyev heç bir günahım olmaya-olmaya məni döydü. Yaşlı qadına qarşı belə hərəkət etmək olarmı? Onun hərəkətlərindən çox pis oldum. İcra hakimiyyətinin işçiləri məni əməlli-başlı süründürməçiliyə muruz qoyurlar. Bir həftədə beş dəfə icra hakimiyyətinə getdim-gəldim, lakin heç bir nəticəsi olmadı. Yaşadığım mənzil hələ də qəzalı vəziyyətdədir. Ev başımıza uçsa, hamımız öləcik. Belə də gün-güzəran olar? Şikayətimə baxmırdılar bunu başa düşərdim, bəs məni niyə döyürdülər? Gəlsinlər üzləşək, heç bir yalanım yoxdur. Ailəmi saxlaya bilmirəm. Övladlarımın hamısı xəstədir. Gədəbəy Rayon İcra Hakimiyyəti və yerli qurumlar ailəmə heç bir köməklik göstərmir. Bu vəziyyətə düşməyimin səbəbkarı isə Ramiz Yediyarovdur. O şikayətimə baxmır, icra hakimiyyətinə gələndə məni döydürür. Sizin vasitənizlə prezident İlham Əliyev cənablarından kömək istəyirəm. Ondan xahiş edirəm ki, Ramiz Yediyarovun başımıza açdığı bu müsibətlərə son qoysun”.

Plankənd kənd sakini Həsən Rüstəmov da yerli məmurların qanuna sığmayan əməllərindən təngə gəldiyini vurğuladı: “Nəzərinizə çatdırım ki, icra başçısı Ramiz Yediyarovun qəbulunda dəfələrlə olmuşam. Şikayətim yaşadığım mənzilin qəzalı vəziyyətdə olması ilə bağlı idi. Yaşadığım ev 1961-ci ildə tikilib. Evdə iri çatlar əmələ gəlib. Yüngülvari zəlzələlərdən sonra bu çatlar daha da böyüyüb. İcra hakiminin qəbulunda oldum və şikayətimi ona çatdırdım. O isə məsələni araşdırması üçün memarlıq və tikinti şöbəsinin müdiri Elxan Vəliyevə həvalə etdi. Elxan Vəliyev, eləcə də aidiyyəti qurumların nümayəndələri gəlib yaşadığım şəraitə, mənzilə baxdılar. Mənə dedilər ki, sizin evinizin qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məktub göndərmişik. İcra hakimiyyətinin işçilərindən tələb etdim ki, nazirliyə göndərilən məktubun surətini mənə göstərsinlər. Çünki mən məktubun nazirliyə göndərilməsinə inanmırdım. Elxan Vəliyev göndərilən məktubu kompyuterdən sildirdiyini bildirdi. Bundan sonra yenidən Ramiz Yediyarovun qəbuluna getdim. Ona dedim ki, ay gözəl insan, ay rayonun rəhbəri axı siz Elxan Vəliyevə demişdiniz ki, Həsən Rüstəmovun problemini araşdır, ona kömək elə. Amma Elxan Vəliyev və digərləri baş üstə deyib başlarının üstə gedirlər”.

Həsən Rüstəmov deyir ki, evinin təmir edilməsi ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyətinə göndərdiyi müraciətlərə verilən cavablar onu qane etmir: “Çünki icra başçısının müavinləri Qüdrət Paşayev və Rüstəm Nağıyev cavab məktubunu özlərinə sərf edən formada hazırlayırlar. Şöbə müdiri Elxan Vəliyev icra başçısının tapşırığına məhəl qoymadı. Onu da bildirmək istəyirəm ki, azyaşlı oğlumda bir müddət əvvəl ruhi xəstəlik əmələ gəlib. Maddi vəziyyətim çox aşağı səviyyədədir. Uşağı müalicə etməyə pulum yoxdur. Bununla bağlı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyevə, həmçinin icra başçısı Ramiz Yediyarova müraciət etdim. Rayon rəhbərliyi və baş həkim yalan vədlərlə məni aldatdı. Uşağımı müayinə ediblər, həqiqətən də belə bir xəstəliyin olduğu müəyyənləşib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon Tibbi-Sosial Ekspert Komissiyasının sədri var Bahəddin müəllim. Mən bu günə kimi onun qəbuluna düşə bilməmişəm. İcra başçısı, müavinləri, memarlıq və tikinti şöbəsinin müdiri, baş həkim, TSEK sədri və digər məmurlar elə şərait yaradıblar ki, buna dözmək mümkün deyil. Aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət etmişəm, amma heç kim mənə kömək etmir. Dünən Prezident Administrasiyasının Gədəbəy rayonu üzrə kuratoru Habil Əzəmmədova zəng etdim ki, bəs filan problemlərim var. O isə bildirdi ki, 5-dən sonra gələrsən, sizi qəbul edərik. Mənim hər gün Bakıya gəlməyə pulum yoxdur. Sizdən xahiş edirəm ki, mənim şikayətimi cənab prezidentə, Prezident Administrasiyasının rəhbərliyinə və digər aidiyyəti qurumların rəhbərlərinə çatdırasınız. Rayonda özbaşınalıq baş alıb gedir. Yerli məmurların bir çoxu Ramiz Yediyarovu eşitmir”.

İnanmaq istərdik ki, əlaqədar dövlət qurumlarının rəsmiləri Gədəbəy sakinlərini narahat edən problemləri araşdırıb günahı olan şəxsləri layiqli formada cəzalandıracaqlar.

Mövzu ilə bağlı bütün tərəfləri dinləyə bilərik.

//”Gündəlik-Bakı” qəzeti
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.