Mahal İsmayıloğlu: “Azərbaycan vətəndaşları bir il ərzində Gürcüstan büdcəsinə 79 milyon lari vəsait ödəyib”.
“Xalq qəzeti”nin sabiq baş redaktoru Mahal İsmayıloğlu yenidən əməliyyat olunacaq. Bu barədə əməkdaşımıza o, özü məlumat verib. Jurnalistin dediyinə görə, digər böyrəyində ciddi problemlər baş qaldırdığı üçün o, yanvarın 6-da Gürcüstan paytaxtındakı xəstəxanada əməliyyat olunacaq. Qeyd edək ki, bir müddət əvvəl M.İsmayıloğlunun digər böyrəyindəki şiş çıxarılmışdı. Ancaq analoji problem ikinci böyrəyində də yarandığından həkimlər təcili əməliyyat olunmağı tövsiyə ediblər.
Sabiq baş redaktor əməkdaşımızın musavat.com saytında dərc olunan “Gürcülər niyə Bakıya gəlmədi” sərlövhəli köşəsində iki ölkənin turizm xərclərindəki kəskin fərqlərlə bağlı fikirləri bölüşərək maraqlı faktlar söylədi. Onun dediyinə görə, səhiyyə sahəsində də eyni vəziyyət hökm sürür: “Mən bundan əvvəl Tiflisdə xəstəxanada müalicə alanda baxdım ki, palataların yarıdan çoxunda azərbaycanlılar yatır. Bu dəfə isə burdakı xəstəxanaların birində əməliyyatım üçün 3200 manat tələb etdilər. Ancaq Tiflisdə məndən böyrək əməliyyatına görə cəmi 1200 lari istədilər, bu da bizim pulla 540 manat edir”. M.İsmayıloğlu bir fakta da diqqət çəkdi: “2013-cü ildə Gürcüstanın dövlət büdcəsindən səhiyyəyə 132 milyon lari ayrılıb. Ancaq Azərbaycandan bu ölkəyə müalicəyə gedən xəstələr bir il ərzində Gürcüstan büdcəsinə 79 milyon lari vəsait ödəyib...”