New York Times qəzeti Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ölkədən hansı şəraitdə qaçdığı ilə bağlı araşdırma dərc edib.
Qəzetin yazdığına görə, Yanukoviçin ölkədən qaçmasına əsas səbəb Ali Radanın bütün güc bölmələrinin evə qayıtması ilə bağlı qərarı olub.
«Rada prezident administrasiyasının ətrafından bütün mühafizəni yığışdırandan sonra Yanukoviç getməli olduğunu anladı», - deyə ukraynalı siyasətçi Mixail Dobkin yazır.
Onun sözlərinə görə, Yanukoviç prezident administrasiyasının pəncərəsindən baxıb görəndə ki, milis qalxanları yerə qoyub avtobuslara minib, şoka düşdü. Bundan sonra eks-prezident binanı tərk etdi və bir daha ora qayıtmadı.
Dobkin həmçinin bildirib ki, Yanukoviç telefon danışığı zamanı fevralın 22-də gedəcəyini deyəndə ölkənin şərginə növbəti səfəri barədə danışırdı. Dobkinlə söhbət zamanı Yanukoviç ondan səfər zamanı getmək üçün bir neçə fabrik seçməyi xahiş edib.
Vaxtilə Yanukoviçin müttəfiqi olan ukraynalı siyasətçi İnna Boqoslovskayanın sözlərinə görə, məhz fevralın 20-də keçmiş prezident parlamentin onun tərəfində olmadığını anladı.
Fevralın 22-də etirazçılar prezident administrasiyasının binasını və Yanukoviçin iqamətgahını tutub. Həmin günü Yanukoviç Xarkovdan Rusiyaya getməzdən əvvəl televiziya ilə müraciət edib.