Minlərlə miqrantı daşıyan gəmi İtaliya sahilində tutulub.
Musavat.com-un məlumatına görə, Suriya, Liviya və İraqdakı müharibələr və ərəb dünyasının böyük bir qismində artan qeyri-sabitlik 16.7 milyona yaxın qaçqını doğma ölkələrindən didərgin salıb. Təxminən 33,3 faiz insan isə öz ölkələrində qaçqın həyatı yaşayır.
Bu insanlar isə Avropada daha yaxşı yaşayacaqlarına ümid edərək ən təhlükəli yollardan keçirlər. Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Leonard Doyle bildirib ki, qaçqın və köçkün baxımından II dünya müharibəsindən bəri belə bir şey baş verməmişdi və bu böyük rəqəmlərdir.
Avropalı siyasətçilər isə inanırlar ki, dənizdə xilasetmə əməliyyatlarını azaltsalar, miqrantlar daha gəlməyəcək. Lakin miqrantlar Orta Şərqdəki vəziyyətin onlara başqa şans qoymadığını deyir. 2013-cü ildə 40 min miqrant İtaliya və Maltaya getmək üçün Aralıq dənizini keçərkən həyatlarını təhlükəyə atıb. Onlardan 700 nəfər isə ölüb.
Bu rəqəm 2014-cü ildə 4 dəfə artaraq 3.224 olub. Hazırda Misirdə yaşayan suriyalı qaçqın ölən insanları tanıdığını deyib:
“Ölənləri tanıyırdım. Bizimlə yaşayırdılar. Amma yenə də dənizi keçməyə çalışacağıq. Burda, Suriyada bizim üçün həyat yoxdur”.
Suriyadan gələn ilk 300 min qaçqın Misirdə xoş qarşılanıb. Qahirədəki ani rejim dəyişikliyindən sonra atmosfer dəyişib. Sənədi olmayanlar isə həbs olunur. Vəziyyət İordaniya və Livanda daha pisdir. Bir milyondan çox suriyalı qaçqın ölkənin ümumi əhalisinin beşdə birini təşkil edir. Livan artıq suriyalı qaçqınlara sərhədini bağlamağa başlayıb.
Orta Asiya və Şimali Afrika üçün ən mühüm köç yollarından biri də Liviyadır. Lakin baş verən vətəndaş müharibəsindən sonra bu ölkə də etibarlı hesab olunmur.
Qəzza və İsrail arasındakı müharibədən bir neçə həftə sonra Aralıq dənizində böyük sentyabr faciəsi baş verdi. Boğulan insanlar fələstinli idi. Bəs nə oldu? Niyə neçə ildir davam edən fəlakətləri görə-görə müharibə gedən ölkənin xalqı köç edir?
Bu cür arqumentlər də İngiltərəni xilasetmə əməliyyatına razı sala bilməyib. İngiltərə bu günə qədər sadəcə 150 suriyalıya qapı açıb.