Bayram günlərində Azadlıq Radiosu ətrafında qaynar proseslər

5-01-2015, 21:39   
Bayram günlərində Azadlıq Radiosu ətrafında qaynar proseslər
Xədicə İsmayılın mesajı, radionun indiki və keçmiş rəhbərliyinin ilginc müsahibələri
Bayram günlərində Azadlıq Radiosu ətrafında xeyli ilginc proseslər gedib. İlk həmlə 2 yanvar tarixində Radionun keçmiş prezidenti “Washington Post” qəzetində radionun Bakı bürosuna təzyiqlər haqda yazdığı məqalə ilə başlanıb. Cefri Gedmin ABŞ prezidenti Barak Obamanı büronun işinin bərpası və jurnalistlərə basqıların dayandırılması üçün qəti addımlar atmağa çağırıb.

O, Əliyevlə Bakıdakı görüşündən də yazıb. Azadlıq Radiosunun saytı bu yazını ixtisarla dərc edib. Musavat.com yazının radionun qapadılması ilə bağlı hissəni oxucuların nəzərinə çatdırır.

Müəllif yazıb ki, Miladdan bir gün sonra Azərbaycanda paytaxt polisinin silahlı əməkdaşları ABŞ Konqresinin maliyyələşdirdiyi Azad Avropa və Azadlıq Radiolarının Bakı bürosuna reyd keçirib axtarış apardılar. Bir neçə saatlığına saxlandıqdan sonra radionun jurnalistləri və redaktorları azad edildilər. Amma indiyəcən azı 10 nəfər sorğu-sual üçün prokurorluğa çağrılıb: “Polis radio əməkdaşlarının evlərinə də gedir, gecəyarısı insanları dindirməyə aparır. Azərbaycan hakimiyyəti deyir ki, bütün bunlar qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşməsi haqda Azərbaycan qanunlarına nə dərəcədə əməl edilməsi ilə əlaqədar hazırda davam edən araşdırmanın tərkib hissəsidir. Avtoritar lider İlham Əliyevin hökuməti mülki cəmiyyət qruplarına, müstəqil media, xüsusən də Azadlıq Radiosuna qarşı kampaniyasını genişləndirir: Araşdırmaçı jurnalist Xədicə İsmayılova da dekabrın 5-də həbs edilib.



Əliyev bilir ki, Azadlıq Radiosu Azərbaycanda qalan tək-tük müstəqil media orqanından biridir. Belə görünür ki, onun hətta buna da dözümü qalmayıb. Birləşmiş Ştatlar bunun cavabını verəcəkmi? Əgər verməsək, bu, Azərbaycan üçün pis xəbər olacaq, ümumilikdə region üçünsə narahatlıq doğuran tendensiya”.

Amma elə bu məqalənin ardınca Azadlıq Radiosu Bakı bürosunun keçmiş rəhbəri Mirzə Xəzər bloqunda radonun Bakı ofisinin bağlanmasından yazdı. Mirzə Xəzər yazısına Azad Avropa/Azadlıq radiokorporasiyasının keçmiş prezidenti, hazırda Corctaun Universitetinin xarici siyasət məktəbinin qlobal siyasət və təhlükəsizlik departamentinin direktoru Cefri Gedmin “Vaşinqton Post” qəzetində dərc edilmiş məqaləsini xatırlatmaqla başlayıb. Mirzə Xəzər bildirib ki, cənab Gedmin ABŞ hökumətini İlham Əliyevə təzyiq göstərməyə çağırır. Gedminin sözlərinə görə, Birləşmiş Ştatlar israr etməlidir ki, Azərbaycan Azadlıq Radiosunun Bakı bürosunun açılmasına dərhal icazə versin, ölkə boyu jurnalistlərə qarşı təzyiq və təqiblərə son qoysun. Müəllif bu tələblə bağlı öz fikrini bölüşüb: “İlham Əliyevin bu möhtəməl təzyiqlərə əməl edib-etməyəcəyi naməlumdur.



Amma şərhimizin mövzusu bu deyildir. Cefri Gedminin yazısının ən diqqətəlayiq hissəsi onun 2009-cu ildə Bakıda İlham Əliyevlə görüşü ilə bağlı məlumatdır. Gedmin yazır: sitat “Mən Əliyevlə 2009-cu ildə – “Azad Avropa” və “Azadlıq” radiolarının prezidenti olarkən görüşmüşəm… Mənə dedi ki, Azərbaycan ABŞ-ın neftlə zəngin strateji müttəfiqi ola-ola, Rusiya və İranla həmsərhəd ölkə ola-ola, o bizim radioda öz hökuməti haqda tənqidləri niyə dinləməli olduğunu anlamır…” Cefri Gedmin radionun keçmişindən xəbərdar olsaydı, “anlamır” yerinə, “təəccüblənir” sözünü işlədərdi. İlham Əliyevin təəccüblənməyə əsası var. 2000-2003-cü illərdə Azad Avropa və Azadlıq radiolarının rəhbərliyi Azadlıq Radiosunun Azərbaycan redaksiyasında bir sıra qadağalar tətbiq etmişdi.

Bu qadağalara əsasən, şərh yazmaq olmaz, şəxsi fikir ifadə etmək olmaz, korrupsiyadan yazmaq olmaz, hökuməti tənqid etmək olmaz, İran Azərbaycanından yazmaq olmaz, “Cənubi Azərbaycan” kəlməsindən istifadə etmək olmaz, “erməni işğalçıları” təbirini işlətmək olmaz. olmaz, olmaz, olmaz…2003-cü ilin sentyabrında redaksiyanın rəhbəri işdən çıxarıldı. Oktyabr ayında prezident seçkiləri keçirildi və İlham Əliyev dövlət başçısı seçildi. Sonrakı illərdə İlham Əliyev hökuməti ilə “Azadlıq” arasında “ittifaq” pozulmadı. Azadlıq Radiosuna FM dalğası verildi. Radionun bürosu rəsmi status aldı. Əsl bal ayı…Və qəflətən radionun siyasətində 180 dərəcə dönüş oldu. Radio İlham Əliyevə qarşı radikallaşdı”.

***
Həbsdə olan jurnalist Xədicə İsmayılova son günlərin hadisələri haqda öz fikirləriniı Azadlıq Radiosunun redaksiyasına göndərib. Sayt da onun şifahi dedikllərini birləşdirərək yazı halında oxucularına təqdim edib.

X.İsmayıl öncə Azadlıq Radiosunun qapadılması hadisəsinə münasibət bildirib: “Azadlıq Radiosu barədə xəbərləri həbsxanada həyəcanla izləyirəm. Ümid edirəm, həmkarlarım ruhdan düşməyib, möhkəmdirlər. AzadlıqRadiosu soyuq müharibə dövründə üzləşdiyi rəftarla üzləşir. Təəccüblü deyil. Bu gün Azərbaycan rəhbərliyi modernizmin, azad sözün, demokratiyanın əleyhinə seçim edir. Bu, təkcə bizim üçün yox, həm də rejim nümayəndələrinin özü üçün yanlış seçimdir”.



Azadlıq Radiosunun həqiqətləri söylədiyi üçün susdurulmağa çalışıldığını yazan X.İsmayıl daha sonra bunları deyib: “Amma susmayacaq. Müasir dünyada susdurmaq asan deyil. Bu gün hər kəs AzadlıqRadiosu, hər kəs doğru söz carçısı ola bilər. Bu imkandan yararlanmaq vaxtıdır!”

“Mənə atılan daşlardan ev tikməyin tərəfdarı olmuşam, hər zaman” deyə yazan X.İsmayıl eyni zamanda bildirib ki, bu gün hər kəsin məsuliyyətini dərk etməsi üçün gözəl imkandır: “Radionu hər hansı maliyyə və ya vergi cinayətində günahlandırmaq absurddur. Bu nağıllara heç kim inanmır. Şahvələd Çobanoğluna da heç bir ləkə yapışdırmaq mümkün olmayacaq. Azərbaycanın ən vicdanlı insanlarından birinə qara yaxmağa çalışırlar. Rejim get-gedə absurdun dibinə yuvarlanır, amma ən əsası, Şahvələd bəy, İntiqam bəy kimi insanları məhz müxalif olduqlarına, vicdan nümunəsi göstərildiklərinə görə həbs etdiyini etiraf etməyə qorxur”.
***
“Yeni Müsavat” isə xatırladır ki, ötən ilin son günlərinə qədər radio əməkdaşlarının istintaqa çağırılaraq dindirilməsinin bu ay da davam edəcəyi gözlənilir. Prokurorluq radionun bütün əməkdaşlarını dindirənə qədər prosedur davam edəcək. Hələiksə Azadlıq Radiosu öz fəaliyyətini sayt üzərindən davam etdirir.

Yeni MÜSAVAT
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.