Kramer Obamanı Əliyevə qarşı sanksiyalara çağırdı

5-01-2015, 21:47   
Kramer Obamanı Əliyevə qarşı sanksiyalara çağırdı
“Xəbərdarlıq kimi 2 vacib addım atılmalıdır... Ona başa salınmalıdır ki...”

"Dekabrın 18-də Dövlət katibinin yardımçısı Tom Malinovski Azadliq Radiosuna müsahibəsində Azərbaycan hakimiyyətinə xəbərdarlıq səsləndirdi ki, özünün ictimai sektora hücumları ilə ABŞ-Azərbaycan münasibətlərini təhlükə altına qoyur.
Bundan 8 gün sonra prokurorluq və polis AzadliqRadiosunun Bakı ofisinə basqın edərək avadanlıq və sənədləri müsadirə etdi, ofisi möhürlədi, radio əməkdaşlarını isə həbs və sorğu-suala məruz qoydu.
Bu, ABŞ-a birbaşa meydan oxumaq idi, Obama administrasiyası İlham Əliyev rejiminə belə hərəkətlərin nəticəsiz qalmayacağını nümayiş etdirməlidir".

Bunu, nüfuzlu ABŞ nəşri olan “Wall Street Journal”da "Quldur rejimi ABŞ-a meydan oxuyur" başlıqlı məqaləsində “Freedom House”un sabiq prezidenti, hazırda Vaşinqtondakı Makkeyn İnstitutunun baş direktoru Devid Kramer yazır.

"ÇİRKİN KAMPANİYA"

Azadlıq Radiosunun ABŞ Konqresi tərəfindən maliyyələşdirildiyini xatırladan müəllif radionun əməkdaşı Xədicə İsmayıl da daxil olmaqla Azərbaycanda hüquq müdafiəçiləri və ictimai fəalların saxta ittihamlarla həbsindən yazır. Ramiz Mehdiyev başda olmaqla getdikcə güclənən anti-Amerika ritorikasını qeyd edən müəllif Prezident Administrasiyanın şöbə müdiri Novruz Məmmədovdan sitat gətirir, onun ABŞ-ın ATƏT-dəki səfirinə qəzəbli cavabında ABŞ-ı “Korrupsiya və zorakılığın beşiyi” adlandırdığını yazır.

Kramerin fikrincə, Azərbaycanda baş verənlər ABŞ-a qarşı “çirkin kampaniyadır”.


Müəllif Leyla Yunusa, İlqar Nəsibova qarşı zorakılıq və insan haqlarının pozulmasında dair bir sıra başqa hallardan da yazaraq xatırladır ki, Azərbaycanda siyasi məhbusların sayı Rusiya və Belarusdakıların birgə sayından çoxdur.
Müxalifət fəllarının, o cümlədən İlqar Məmmədov və Tofiq Yaqublunun əsassız ittihamlarla həbs olunmasını bildirən Kramer "bu siyasi məhbuslardan heç biri prezident Əliyevin ötən il verdiyi əfv sərəncamına düşmədi" deyə əlavə edir.

İKİ VACİB ADDIM

Vətəndaş cəmiyyətinə qarşı hücumlar sırasında Devid Kramer bir neçə Amerika təşkilatının – İREX, Milli Demokratiya İnstitutu, Transparency İnternational və Oxfam-ın ofislərinin bağlanmasını yazır.

"Niyə Əliyev rejimi düşünür ki, bu pozuntularını davam etdirə bilər?" - deyə Kramer soruşur və cavabın sadə olduğunu yazır: "Çünki indiyədək poza-poza gəlib".

Müəllifin fikrincə, Obama administrasiyası Əliyevə xəbərdarlıq kimi 2 vacib addımı atmalıdır.

Birinci təklif Maqnitski işindən sonra Rusiya rəsmilərinə qarşı yönələn sanksiyalara bənzər addımların Bakıya da tətbiq olunmasıdır. Kramer yazır ki, insan haqlarının pozulmasında iştirak edən Azərbaycanın vəzifəli şəxslərinə ABŞ vizası qadağası tətbiq olunmalı, onların ABŞ banklarındakı hesabları dondurulmalıdır.

"2011-ci ilin avqustunda verilmiş rəsmi fərmana görə ciddi insan haqları pozuntularına yol verən şəxslərə viza verilməsi qadağan olunur. Azərbaycan rəsmiləri bu qrupa daxildir", - deyə Kramer yazır.

BOYKOT

2-ci təklif isə Azərbaycanda keçiriləcək Avropa Oyunlarının boykot edilməsi haqda təşəbbüs irəli sürmək, Avropa liderlərini Soçi Olimpiadasında olduğu kimi açılış mərasimində iştirakdan imtina etməyə çağırmaqdır. Müəllifin fikrincə, belə bir addım bu oyunların Bakıda keçirilməsini “tarixi hadisə və böyük uğur” kimi qələmə verən cənab Əliyevin “şöhrətpərəstlik hisslərini səngidərdi”.

"Avropa Oyunların korporativ sponsorları – BP, Procter & Gamble və McDonald’s Əliyev rejiminin oyuncaq layihəsini dəstəkləmədən öncə düşünməlidirlər. Jurnalistlərə və vətəndaş cəmiyyətinə, eləcə də ABŞ-a hücumların davam etdiyi bir vaxtda Azərbaycanla əməkdaqşlıq həmişəki kimi davam edə bilməz", - deyə Kramer yazır.

"Rusiya və İran arasında yerləşən, Qafqaz və Orta Asiyanı Avropa və dünya bazarlarına birləşdirən Azərbaycan enerji və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Ancaq nə qədər ki, Əliyev rejimi əhalisi ilə pis davranır və ABŞ-a meydan oxuyur, ona başa salınmalıdır ki, bu hərəkətlər ona baha başa gələcək", - deyə Devid Kramer şərhini yekunlaşdırır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.