“Cəbhə xəttindən atılan hər bir güllə, aparılan hər bir kəşfiyyat əməliyyatından Rusiyanın birbaşa informasiyası var”.
Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib.
O, bu gərginliyin Rusiyadan qaynaqlandığını da bildirib:
“Rusiya hərbi kəşfiyyatına bağlı xüsusi qrup illərdir ki, Gümrü hərbi bazasında bununla bağlı müəyyən planlar qurur və onları həyata keçirir. Gümrü bazası yalnız Azərbaycan üçün deyil, həm də Cənubu Qafqaz, Türkiyə və İranla bağlı hərbi kəşfiyyat işləri görür. Ermənistanın Avrasiya İttifaqına girməsi isə təəccüblü hal deyil. Bu, əsas iki məsələni ortaya çıxardı. Birinci məsələ ondan ibarətdir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil və torpaqları geri qaytarmaq fikri yoxdur. Digər məsələ isə Rusiyanın Azərbaycanla bağlı siyasət və planlarının artıq aydın olmasıdır. Rusiya heç zaman yaratmış olduğu münaqişənin həllində maraqlı olmayıb və bundan sonra da olmayacaq. Artıq bütün kartlar açılıb, tərəfdaş və düşmənlərin kim olduğu aydın görsənir. Azərbaycan bu açılmış kartlardan sonra yəqin ki, siyasi kursunu ortaya qoyacaq. Əgər bi iradəni ortaya qoymasaq, başqa təhdidlərin də ortaya çıxacağı istisna deyil”.