Erməni bayrağını belə endirdik (VİDEO)

5-01-2015, 22:30   
Erməni bayrağını belə endirdik (VİDEO)

Yaxın tariximizdə Azərbaycanın öz gücü ilə qazandığı qələbələr az olmayıb. Bu gün 21-ci il dönümününün qeyd edildiyi Horadiz əməliyyatı kimi. Bu tarix həm də itirilmiş torpaqların qaytarılacağına inam əzmini artırır.

ANS TV-nin məlumatına görə, Azərbaycanın yaxın hərb tarixinə Horadiz əməliyyatı kimi düşən əməliyyat “Vətən uğrunda”, “Əliyev uğrunda” şüarı altında həyata keçirildi. Bu da təsadüfi deyildi.

Cəbhədə ard-arda baş verən uğursuzluqlar əsgərlərdə döyüş ruhunu öldürmüşdü. Onların döyüş əzmini artırmaq üçün Heydər Əliyev səngərə gedir, əsgərlər qarşısında çıxış edərək onları qələbəyə ruhlandırırdı.

Horadiz əməliyyatı zamanı briqada komandiri olmuş Şaiq Ramaldanov: "1993-cü ilin payız aylarında Heydər Əliyevin Azərbaycan xalqına müraciətindən sonra səfərbər olmuş şəxsi heyət əməliyyata getdi və onların ruh yüksəkliyi də çox idi. 1993-cü il dekabrın 23-də Heydər Əliyev poliqonda bizim döyüş hazırlığımızı təlimlərdə yoxlamış və xeyir-dua vermişdi. Sonra hərbi hissə Füzuli istiqamətində öz tapşırığını yerinə yetirmək üçün yollandı”.

İtirilmiş mövqelərimizin geri qaytarılmasına 1993-cü ilin dekabrından başlanır. Amma həlledici hücum əməliyatına yanvarın 5-dən 6-na keçən gecə Arazboyu Əhmədbəyli, Kürdmahmudlu, Alıxanlı kəndləri istiqamətində başlanılır. Əvvəlcə Milli Ordunun 400 nəfərlik kəşfiyyat diversiya qrupu Araz çayının sahili ilə düşmən qüvvələrinin arxasına - Horadiz istiqamətinə keçir. Başqa bir dəstə isə ermənilərin əsas qüvvələrinin hərəkət edəcəyi Şükürbəyli və Böyük Bəhmənli istiqamətində pusqu qurur. Ermənilərin arxasına keçən kəşfiyyat qrupları düşmənin ehtiyat qüvvələri ilə ön xətdəki qüvvələrinin əlaqəsini kəsməli idi. Lokal döyüşlər ermənilərin 4 istiqamətdən hücuma məruz qalması ilə nəticələnir. Ermənilər başa düşdülər ki, Horadiz yaxınlığında 25 km dərinliyində Azərbaycanın hansısa qüvvəsi var.

Horadiz əməliyyatının iştirakçısı Heydər Quliyev: “Horadiz əməliyyatı zamanı ermənilərə elə bir zərbə vuruldu ki, Azərbaycan tarixində ən güclü əməliyyatlardan biri oldu. Horadiz əməliyyatı zamanı şəhid də verdik, minaya düşənlər də oldu. Buna baxmayaraq Horadiz əməliyyatı ən uğurlu əməliyyat kimi Azərbaycan tarixinə düşdü”.

Bir günlük əməliyyat nəticəsində Azərbaycan ordusu 25 km irəlilədi. 17 şəhid, 43 yaralı ilə Horadiz qəsəbəsi də daxil olmaqla 22 kəndin işğaldan azad edilməsilə əməliyyat başa çatdı.

Azad edilən kəndlərdən biri də Cəbrayılın Cocuq Mərcanlı kəndi idi. 21 min hektar ərazi düşməndən təmizləyən Milli Ordu ermənilərin Horadizdə qaldırdığı bayrağı endirdi. Yerinə Azərbaycan bayrağı sancılır. O bayrağın bir gün işğal olunmuş torpaqlarımıza sancılmasını da Milli Ordumuzdan gözləyirik. İnşallah bacaracağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.